
FHN Ağdamda regional seminar-müşavirə keçirib

FHN Ağdamda regional seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Qarabağ Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla mübarizə sahəsində koordinasiya və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş idarənin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov, Regional Mərkəzin rəisi polkovnik Mirəli Feyziyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, FHN-in müvafiq yerli struktur bölmələrinin, Tərtər, Bərdə, Laçın, Xocəvənd, Beyləqan və Füzuli rayonları icra hakimiyyətlərinin, həmin rayonlarda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Dahi Rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminar-müşavirədə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi Regional mərkəzlərlə işin təşkili idarəsinin rəisi Ceyhun Salmanov tədbirdə çıxış edərək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, FHN-in regionda fəaliyyət göstərən qurumlarla razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlilini aparıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı icra hakimiyyəti ilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.
Tədbirdə Tərtər, Bərdə, Laçın, Xocəvənd, Beyləqan və Füzuli rayonları icra hakimiyyəti başçılarının birinci müavinləri – Fövqəladə Hallar Komissiyasının sədrləri fövqəladə hallarla mübarizə sahəsində koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb, həyata keçirilən tədbirlərdən söz açıblar.
Seminar-müşavirədə çıxış edən digər natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və mülki müdafiənin hazırkı vəziyyətindən və digər məsələlərdən söz açılıb.
İnteraktiv müzakirələr fonunda davam edən seminar-müşavirədə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.