
Olgun Amcaoğlu: “2030-cu ilədək “yaşıl enerji” əsaslı ada modeli yaratmaqda Azərbaycanın dəstəyi bizim üçün önəmlidir” - MÜSAHİBƏ

Olgun Amcaoğlu: “2030-cu ilədək “yaşıl enerji” əsaslı ada modeli yaratmaqda Azərbaycanın dəstəyi bizim üçün önəmlidir” - MÜSAHİBƏ
Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyası ilə enerji və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Adanın enerji potensialından daha səmərəli istifadə, yaşıl enerji keçidinə sürətli inteqrasiya və Türk dövlətləri ilə birgə layihələrin həyata keçirilməsi ölkənin prioritetlərindəndir.
Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu “Report”a müsahibəsində Azərbaycanla əməkdaşlıq imkanlarından, ada dövlətinin “yaşıl enerji” hədəflərindən və Türk dünyası çərçivəsində planlaşdırılan təşəbbüslərdən danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın enerji sahəsində əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz? Xüsusilə bərpa olunan enerji və texnoloji bilik mübadiləsi sahəsində konkret təşəbbüslər varmı?
- Bu, Türk Enerji Təşkilatının əsas məqsədlərindən biridir. 250 milyondan çox insanın yaşadığı Türk dünyasının ortaq layihələr ətrafında birləşməsi bizim üçün çox önəmlidir. Şimali Kipr Türk Cümhuriyyəti, Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi statusunda olan bir ölkə kimi, embarqo və izolasiya şəraitində belə, Türkiyə, Azərbaycan və digər üzv dövlətlərlə birgə hərəkət edir.
Əməkdaşlığımız yalnız enerji ilə məhdudlaşmır – iqtisadiyyat, ticarət, sosial və mədəni sahələrdə, həmçinin idmanda da ortaq platformalar yaratmaq, iş adamları və QHT-ləri bir araya gətirmək bizim üçün vacibdir.
Şimali Kipr sadəcə Avropaya yaxın deyil, həm də Avropa, Afrika və Asiyanın qovşağında, 3 355 kv.km-lik ərazidə yerləşən, Osmanlı irsini yaşadan bir Türk dövlətidir. Türk dünyasının ayrılmaz parçası olmaq və bu birlikdə üzərimizə düşən vəzifələri yerinə yetirmək istəyirik.
Xüsusilə Türkiyə və Azərbaycanın “üç dövlət, bir millət” prinsipi ilə enerji, ticarət və sosial sahələrdə birlikdə hərəkət etməsi bizim üçün prioritetdir.
Alternativ yoxdur. Var olmaq üçün birgə düşünməli, istehsal etməli və çağdaş həyat tərzini təmin etməliyik. Uzun illər embarqo altında yaşamış bir xalq kimi bunu yaxşı bilirik. Buna görə də gələcəkdə bütün addımlarımız Türk dövlətləri ilə əməkdaşlıq üzərində qurulacaq. Bu çərçivədə keçirilən tədbirlərə xüsusi önəm veririk, sənaye və ticarət palatalarımız, iş adamlarımız fəal iştirak edir. Ümid edirik ki, Türk Ticarət Sərgisinin üçüncüsü Şimali Kiprdə təşkil olunacaq və bütün üzv ölkələrin nümayəndələri, investorlar və istehsalçıları adada bir araya gətirəcək. Mən inanıram ki, Türk dünyası bu təşəbbüsü gerçəkləşdirə bilər və biz də üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq.
- Son illərdə Azərbaycan enerji keçidinə xüsusi önəm verərək günəş və külək enerjisinə böyük sərmayələr yatırır. Şimali Kipr bu təcrübədən necə faydalana bilər?
- Azərbaycanla bu sahədə bilgi və təcrübə mübadiləsi artıq mövcuddur. Azərbaycanın texnoloji və infrastruktur imkanları bizim ölçümüzdən qat-qat böyükdür. Buna baxmayaraq, biz də daxili resurslarımız çərçivəsində addımlar atırıq. Hazırda 594 meqavatlıq enerji bazamız var və bunun 120 meqavatı günəş enerjisindən təmin olunur. Adanın coğrafi mövqeyi - ildə 333 günəşli gün və 2 400 saatlıq günəş potensialı - bizə böyük üstünlük verir.
“Yaşıl enerji keçidi” bizim əsas prioritetimizdir. Türkiyə artıq ümumi enerji istehsalının 55 %-indən çoxunu bərpa olunan enerji hesabına təmin edir, Azərbaycanın bu sahədə uğurlarını da yaxından izləyirik. Məqsədimiz 2030-cu ilə qədər tamamilə “yaşıl enerji” əsaslı ada modeli yaratmaqdır. Türkiyə və Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün önəmlidir və onların yolunu izləyərək uğur qazanacağımıza inanırıq.
- Azərbaycan şirkətlərinin Şimali Kiprdə sərmayə yatırması üçün hansı sahələr daha perspektivlidir?
- Bu sahədə ilk addımları Türkiyə ilə birlikdə atmışıq və davam etdiririk. Türk Dövlətləri Təşkilatı hələ yeni, amma çox əhəmiyyətli bir platformadır və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət kəsb edir.
Azərbaycanda “yaşıl enerji” üzrə zəngin təcrübə və informasiya bazası mövcuddur və biz bu təcrübəni yaxından izləyirik. Gələcəkdə təşkilati görüşlərdə, xüsusilə Türk Enerji Təşkilatı çərçivəsində nazirlərin görüşlərində bu mövzunu ön plana çıxaracağıq. Eyni zamanda, ölkəmizin bu strukturdakı mövqeyini daha da möhkəmləndirmək üçün konkret addımlar atmağa hazırıq.