
“M-Gaz": SOCAR ilə hibrid qazlaşdırma üzrə layihə Şimali Makedoniya və Albaniyaya genişləndirilə bilər - MÜSAHİBƏ

“M-Gaz": SOCAR ilə hibrid qazlaşdırma üzrə layihə Şimali Makedoniya və Albaniyaya genişləndirilə bilər - MÜSAHİBƏ
Avropanın dəyişən enerji arxitekturası kontekstində Bolqarıstan və Azərbaycan arasında qaz sektorunda tərəfdaşlıq getdikcə daha strateji xarakter alır. Bu əməkdaşlığın əsas elementlərindən biri “M-Gaz” və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Balkanlardakı regional nümayəndəliyinin birgə həyata keçirdiyi hibrid qazlaşdırma layihəsi olub.
“M-Gaz” şirkətinin beynəlxalq əməkdaşlıq və işgüzar əlaqələr üzrə direktoru Qerqana Manolova “Sizinxeber.az”a müsahibəsində Azərbaycan təbii qazının Bolqarıstana tədarükünün başlanması, istehlak strukturu, sosial obyektlərin birləşdirilməsi ilə bağlı çətinliklər və layihənin ölkə hüdudlarından kənarda genişləndirilməsi planlarından danışıb.
Müsahibəni oxucularımıza təqdim edirik:
- Bolqarıstanda hibrid qazlaşdırma layihəsi və Azərbaycan təbii qazının “M-Gaz”a tədarükü nə vaxt başlayıb? Sənaye sektoru və sosial obyektlər, o cümlədən kommunal xidmətlər və mənzil fondu üçün nəzərdə tutulan həcmlər barədə ayrıca məlumat vermək mümkündürmü?
- Hibrid qazlaşdırma layihəsi iki ölkə prezidentləri arasında yüksək səviyyəli razılaşmalar çərçivəsində başlanıb. Onun məqsədi Azərbaycan qazının sənaye və sosial istehlakçılara birbaşa tədarükü vasitəsilə Bolqarıstanın qazlaşdırılmasını təşviq etməkdir. Hibrid qazlaşdırma konsepsiyası “M-Gaz” və SOCAR-ın Balkanlardakı regional ofisi tərəfindən birgə işlənib hazırlanıb.
Layihənin icrasına 2024-cü il iyunun 18-də SOCAR-ın regional ofisinin iştirakı ilə “M-Gaz” və “SOCAR Trading” arasında müqavilə imzalandıqdan sonra başlanılıb. Həmin andan Azərbaycan qazının SOCAR tərəfindən seçilmiş beş ən iri sənaye istehlakçısına tədarükü başlanıb. 2024-cü il ərzində həcmin əsas hissəsi sənaye sektoruna gedib. Eyni zamanda, təxminən 12,5 %-i (1/8) sosial obyektlərə - məktəblərə, xəstəxanalara, uşaq bağçalarına yönəldilib.
- “M-Gaz” və SOCAR arasında mövcud strateji tərəfdaşlığı necə xarakterizə edərdiniz? Bu qarşılıqlı əlaqə çərçivəsində artıq hansı mühüm nailiyyətlər əldə olunub və layihənin icrası mərhələsində qarşılaşdığınız əsas problemlər hansılar olub?
- SOCAR-ın Balkanlarda regional ofisinin açılması və onun fəal işləməsi ikitərəfli əməkdaşlığa güclü təkan verdi. Hazırda SOCAR Bolqarıstanın qaz bazarının əsas oyunçularından biridir və Balkan Qaz Qovşağında ticarətin fəal iştirakçısıdır.
“M-Gaz” vasitəsilə SOCAR Bolqarıstandakı son istehlakçıları birbaşa qazla təmin etmək imkanı əldə edir. Bu strateji tərəfdaşlıq əvvəllər magistral və paylayıcı şəbəkələrə qoşulmayan sənaye, sosial, inzibati və məişət obyektlərinin qazlaşdırılmasına imkan verir. Beləliklə, ölkənin qazpaylayıcı bazarında yeni istehlakçıların da daxil olduğu bazarda yeni paylar formalaşır.
Birinci mərhələdə biz beş iri sənaye istehlakçısına tədarük etməyə başladıq. İyunun sonuna kimi 25 sənaye və 2 sosial obyekti - məktəb və uşaq bağçasını şəbəkəyə birləşdirməyi nəzərdə tuturuq. Sosial obyektlərin qazlaşdırılmasında əsas problemlərdən biri də yanacaq bazasının dəyişdirilməsi üçün bələdiyyələr tərəfindən ayrılan vəsaitin məhdud olmasıdır. Məhz buna görə də “M-Gaz” şirkəti məktəb və uşaq bağçalarının qaza keçirilməsi xərclərini öz üzərinə götürür.
- 2025-ci ildə Azərbaycandan qaz idxalının həcminin artırılması nəzərdə tutulurmu? Layihənin növbəti mərhələlərində Azərbaycan qazının tədarükünə qoşula biləcək Bolqarıstanın sənaye müəssisələri və sosial qurumlarının çeşidinin genişləndirilməsi müzakirə olunurmu?
- Bəli, 2025-ci il üçün SOCAR-dan “M-Gaz”a daha böyük həcmdə təbii qaz tədarükü razılaşdırılıb. Oktyabrın sonuna qədər biz qoşulmuş müştərilərin sayını 30 sənaye və 3 sosial müəssisəyə çatdırmağı planlaşdırırıq.
- SOCAR ilə tərəfdaşlıq “M-Gaz”ın maliyyə göstəricilərinə və bazar mövqeyinə necə təsir edib? Azərbaycan qazının tədarükü sayəsində şirkətin Bolqarıstanın daxili enerji bazarında payı artıbmı?
- Artıq 2024-cü ildə SOCAR “M-Gaz”ın infrastrukturundan istifadə edərək Bolqarıstanın qazpaylayıcı bazarında tədarük həcminə görə dördüncü yerə yüksəlib. 2025-ci ilin birinci yarısının nəticələrinə əsasən, biz üçüncü yerə yüksəlməyi, ilin sonuna isə paylanmış tədarüklərə görə ikinci yeri tutmağı gözləyirik.
- “M-Gaz” SOCAR-la əməkdaşlıq çərçivəsində Bolqarıstandan kənarda fəaliyyətini genişləndirmək, məsələn, Azərbaycan qazının Cənub-Şərqi Avropaya və ya ümumilikdə Balkanlara nəqlini təşkil etmək imkanlarını nəzərdən keçirirmi? Bu istiqamətdə potensial tərəfdaşlarla danışıqlar aparılırmı?
- Bəli, SOCAR ilə birlikdə hibrid qazlaşdırma layihəsini Şimali Makedoniya və Albaniyaya genişləndirməyi planlaşdırırıq. 2025-ci il noyabrın əvvəlində “CNG Systems Ltd” ilə əməkdaşlıq edərək Strumitsa şəhərinə (Şimali Makedoniya) tədarüklərə başlamağı planlaşdırırıq. Birinci mərhələdə iki sənaye və iki sosial obyekt - məktəb və uşaq bağçası birləşdiriləcək.
Həmçinin Albaniyaya sıxılmış təbii qaz (CNG) tədarükü imkanları, CNG-logistikasının təşkili və SOCAR-ın qazlaşdırma layihələri həyata keçirdiyi Korça şəhəri yaxınlığında yeni qaz kompressor stansiyasının tikintisi öyrənilir.
- “M-Gaz” regional mövqelərini gücləndirmək üçün enerji şirkətləri və ya maliyyə institutları ilə daha hansı beynəlxalq tərəfdaşlıq və ittifaqları nəzərdən keçirir? İnfrastruktur layihələrinə sərmayə qoymaq, qaz nəqli sisteminin modernləşdirilməsi və ya ekoloji cəhətdən daha davamlı texnologiyalara keçid planları varmı?
- Hazırda bütün strateji əməkdaşlığımız SOCAR ilə qarşılıqlı fəaliyyətə yönəlib. Hesab edirik ki, hibrid qazlaşdırma əsas infrastrukturun olmadığı regionlar üçün davamlı və effektiv həll yoludur. SOCAR-ın regional ofisi ilə birlikdə biz Balkan regionu ölkələrində bu istiqaməti inkişaf etdirməyə yönəlmişik.