
“TotalEnergies” "Abşeron" yatağının işlənməsinə innovativ sualtı konsepsiya ilə başlayır

“TotalEnergies” "Abşeron" yatağının işlənməsinə innovativ sualtı konsepsiya ilə başlayır
Fransanın “TotalEnergies” neft-qaz şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz yatağının ikinci mərhələsinin işlənməsinə innovativ sualtı konsepsiya ilə başlayır.
"Report" xəbər verir ki, bu barədə "TotalEnergies Azerbaijan"ın rəhbəri Emmanuel de Giyebon 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, şirkət "Abşeron" yatağının mənimsənilməsinin ikinci mərhələsinə qeyri-standart mühəndis həlləri tələb edən yeni texnoloji konsepsiya ilə keçir:
"Biz Səngəçala qədər daha üç-dörd quyunun qazılması və 140 kilometrlik boru kəmərinin inşası ilə sualtı işlərin aparılmasını həyata keçiririk. Səngəçalda, terminalın yanında yeni zavod tikiləcək. Layihənin əsasını qaz və kondensatın birlikdə nəql olunduğu çoxfazalı boru kəməri təşkil edəcək. Bu, aşağı istilik izolyasiyalı borudan istifadə etməyə imkan verir. Bu da boru kəmərinin tikintisi xərclərini demək olar ki, iki dəfə azaltmağa imkan verib".
Bununla yanaşı, E.Giyebonun sözlərinə görə, seçilmiş texniki həll bir sıra texnoloji risklərlə bağlıdır: "Bu risklərin öhdəsindən gəlmək üçün biz belə hadisələri proqnozlaşdırmaq və qarşısını almaq üçün innovativ texnoloji həllər və mürəkkəb modellər hazırladıq. Bu, layihənin iqtisadi və texniki cəhətdən həyata keçirilməsinin əsas elementi olub".
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşən "Abşeron" yatağı “JOCAP - Absheron Petroleum” birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.
2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” ilə "Abşeron" yatağında ümumilikdə 30 % iştirak payının alınması haqqında saziş imzalayıb. “TotalEnergies” və SOCAR-ın hər birinin layihədə payı 35 % təşkil edir.