
SOCAR, "Tatneft", "KazMunayQaz" və "Uzbeknefteqaz" konsorsiumu birgə müəssisəyə çevrilə bilər

SOCAR, "Tatneft", "KazMunayQaz" və "Uzbeknefteqaz" konsorsiumu birgə müəssisəyə çevrilə bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazaxıstanın “KazMunayQaz” (KMG), Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbeknefteqaz” şirkətilərinin iştirakı ilə yaradılan konsorsiumun gələcəkdə "birgə müəssisə" hüquqi statusu ala biləcəyi istisna edilmir.
Bu barədə “Sizinxeber.az”a açıqlamasında "Tatneft"in sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ekologiya üzrə baş direktor müavini Azat Habibrahmanov bildirib.
Onun sözlərinə görə, "Tatneft" artıq Azərbaycanda bir sıra layihələr, o cümlədən "Bibiheybət" yatağının işlənməsi, fiziki tədqiqatların aparılması, proseslərin rəqəmsallaşdırılması, biotexnologiyaların tətbiqi və “yaşıl təşəbbüslər”in təşviqini həyata keçirir.
"Bu layihələr sənaye təhlükəsizliyi sahəsində risklərin lokallaşdırılmasına və fövqəladə halların baş vermə ehtimalının azaldılmasına yönəlib", - A.Habibrahmanov qeyd edib.
O xatırladıb ki, mayın 28-də dekarbonizasiya və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq haqqında yeni memorandum imzalanıb. Sənədi SOCAR, "Tatneft", "KazMunayQaz" və "Uzbeknefteqaz" imzalayıb: “Saziş çərçivəsində qlobal çağırışlara birgə cavab vermək üçün konsorsium yaradılıb”.
A.Habibrahmanov bildirib ki, məqsədləri rəqabət aparmaq deyil, əməkdaşlıq etmək, yaranan çağırışların birlikdə üstəsindən gəlmək, ən yaxşı təcrübələri bölüşməkdir.
"Tatneft" nümayəndəsi vurğulayıb ki, hazırda konsorsiumun fəaliyyətinin 9 əsas istiqaməti müəyyən edilib və ilin sonunadək prioritetləri dəqiqləşdirmək üçün onların yenidən nəzərdən keçirilməsi planlaşdırılır: "Yaşıl enerji" sahəsində əsas diqqət enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinə, iqlim layihələndirməsinə, ekoloji maarifləndirməyə və biotexnologiyaya yönəldilir".
A.Habibrahmanov qeyd edib ki, yaradılmış konsorsium gələcəkdə başqa hüquqi formalar ala bilər: "Ola bilsin ki, konsorsium birgə müəssisəyə çevriləcək. Hazırda bu müzakirə olunur. Daha konkret məlumatı sonra açıqlamaq mümkün olacaq. Hər bir istiqamət üzrə artıq yol xəritələri hazırlanıb, layihələrin həyata keçirilməsi müddətləri və məsul icraçılar müəyyən edilib. Bütün istiqamətlər üzrə iş başlayıb. Bunlar uzunmüddətli layihələrdir. Yataqların hidrodinamik modelləşdirilməsi və ya "yaşıl enerji" təşəbbüsləri bir ilin məsələsi deyil. Biz uzunmüddətli perspektivə nəzərdə tutulmuş qlobal layihələrdən danışırıq".
Qeyd edək ki, "Bibiheybət" neft yatağı 1871-ci ildə kəşf edilib. Yataqda 1873-cü ildən 2018-ci ilin əvvəlinə qədər 193 milyon ton neft və 14,5 milyard kubmetr qaz hasil edilib. Yataq Abşeron yarımadasında yerləşir.
Məhz "Bibiheybət"də 1848-ci ildə dünyanın ilk müasir neft quyusu qazılıb.