
Çin şirkəti Azərbaycanda neft-qaz avadanlıqları bazarına daxil olmaq istəyir

Çin şirkəti Azərbaycanda neft-qaz avadanlıqları bazarına daxil olmaq istəyir
Çinin “New Way Oil Equipment” şirkəti Azərbaycanda neft-qaz avadanlıqları bazarına daxil olmağa maraq göstərir.
Bunu "Report"a açıqlamasında şirkətin regional satış müdiri Jenni Zhang deyib.
Şirkətin nümayəndəyəsi Azərbaycanda keçirilən sərgidə ilk dəfə iştirak etdiklərini və yerli bazara maraqlı olduqlarını bildirib.
“Hazırda Azərbaycanda heç bir biznes fəaliyyətimiz yoxdur. Ancaq Azərbaycan Prezidentinin bu tədbirdə iştirakından sonra biz bunu yerli bazarda inkişaf üçün bir fürsət kimi görürük. Şirkətimizi, brendimizi və məhsullarımızı tanıtmaq üçün buradayıq”, – deyə şirkət nümayəndəsi qeyd edib.
O əlavə edib ki, şirkət neft-qaz sahəsi üzrə ixtisaslaşıb və əsas məhsulları API 6A və API 6.0 standartlarına uyğun sənaye klapanlarıdır: "Bizim məhsullarımıza müxtəlif növ sənaye klapanları, tənzimləyici, kürə formalı klapanlar və quyu vasitəsilə gələn neftin, qazın və ya digər mayelərin axınını idarə etmək və tənzimləmək sistemləri daxildir”.
J. Zhangın sözlərinə görə, onlar yalnız ənənəvi enerji – yəni neft və qaz sektorunda fəaliyyət göstərirlər və bərpa olunan enerji texnologiyaları sahəsində təcrübələri yoxdur.