ADB enerji təchizatı zəncirində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır 
sizinxeber.az xəbər saytı

ADB enerji təchizatı zəncirində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır 


Asiya İnkişaf Bankı (ADB) gələcək nəsillər üçün böyük miras ola biləcək təhlükəsiz və səmərəli enerji təchizatı zəncirinin qurulması məqsədilə həm Azərbaycanla, həm də Asiya və Avropanın daha geniş coğrafiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə ADB-nin Enerji Sektoru Departamentinin direktoru Cunho Hvan (Joonho Hwang) Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsində Bakıda keçirilən nazirlərin görüşlərində bildirib.

Onun sözlərinə görə, ADB enerji siyasəti ekoloji standartlara ciddi riayət etməklə etibarlı, sərfəli və dayanıqlı enerjinin təmin edilməsi prinsiplərinə əsaslanır.
“İqlim dəyişikliyi və qlobal geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyini prioritet məsələ etmək - özü də təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütün region üçün – həmişəkindən daha vacibdir. Bu, davamlı iqtisadi inkişafın əsasını təşkil edir. Davam edən qeyri-müəyyənlik kontekstində Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusilə artıb. O, enerji bazarının dayanıqlığını artırmaq və şaxələndirmək üçün həyati vacib marşrut rolunu oynayır”, - C.Hvan deyib.

O, Azərbaycan, Gürcüstan və Türkiyənin - ADB-yə üzv ölkələrin və layihədə iştirak edən əsas istehsalçıların və tranzit dövlətlərin strateji rolunu vurğulayıb.

“ADB uzun müddətdir Cənub Qaz Dəhlizinin etibarlı tərəfdaşıdır. 500 milyon ABŞ dollarından artıq məbləğdə qismən kredit zəmanəti “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə mühüm maliyyə töhfəsi olub.

Bu, xərclərin azaldılmasına, özəl investisiyaların cəlb edilməsinə, iş yerlərinin yaradılmasına və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə imkan verib”, - o əlavə edib.

C.Hvan həmçinin cari enerji ehtiyaclarını ödəmək və uzunmüddətli ekoloji dayanıqlığına nail olmaq arasında tarazlığın yaradılmasının zəruriliyinə diqqət çəkib.

“Təmiz enerji infrastrukturunun inkişafına və enerji sistemlərinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilməlidir. “Yaşıl dəhliz” layihəsi və digər bərpa olunan enerji təşəbbüsləri ilə birlikdə Cənub Qaz Dəhlizi yeni – dayanıqlı, adaptiv və gələcəyə yönəlmiş enerji landşaftının əsasına çevrilə bilər”, - o, fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Pərviz Şahbazov: "Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq"
Sloveniyalı nazir: "Azərbaycanla qaz təchizatı tərəfdaşlığının daha da gücləndirilməsinə tərəfdarıq"
Erik Ceykobs: “Azərbaycan Mərkəzi Asiyanı Avropaya bağlayan körpü olmaq potensialına malikdir”
Energetika naziri: “Moldova Azərbaycandan qaz idxalında maraqlıdır”
Staşa Koşarats: "Bosniya və Herseqovina SCG ilə əməkdaşlığa böyük əhəmiyyət verir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər