
"AzərEnerji": “8 Noyabr” Elektrik Stansiyasının gücü 1880 meqavata çatdırılıb

"AzərEnerji": “8 Noyabr” Elektrik Stansiyasının gücü 1880 meqavata çatdırılıb
“AzərEnerji” ASC-nin “8 Noyabr” Elektrik Stansiyasında aparılan genişmiqyaslı yenidənqurma və texnoloji modernləşdirmə işləri nəticəsində stansiyanın ümumi generasiya gücü 1 880 meqavata yüksəldilib.
"Sizinxeber.az"un Mingəçevirə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "AzərEnerji" ASC-nin İstehsal İdarəsinin xidmət rəisi Müşfiq Abuzərli deyib.
Onun sözlərinə görə, stansiya çox qısa müddətdə - cəmi iki il ərzində tam istismara verilib: “İşlər ən müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilib. Sınaq-sazlama prosesinə ötən ilin dekabr ayında başlanmışdı və bu ilin aprelində tamamlanaraq stansiyanın tam istismarı təmin olundu”.
M. Abuzərli bildirib ki, stansiyada dörd ədəd qaz turbini qurğusu quraşdırılıb, hər birinin gücü 320 meqavatdır. Tüstü qazlarından buxarın alınması məqsədilə dörd util qazan qurulub, onların hər birinin məhsuldarlığı 400 ton təşkil edir. Bu util qazanlarda istehsal olunan buxar stansiyada əvvəlcədən mövcud olan üç ədəd 100 meqavatlıq buxar turbinlərinə ötürülərək elektrik enerjisi istehsalı təmin edilir.
Nəticədə stansiyanın ümumi gücü 1880 meqavat səviyyəsinə çatıb.
Xidmət rəisinin sözlərinə görə, yenidənqurma işləri nəticəsində stansiyanın səmərəlilik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb:
“Əvvəllər köhnə avadanlıqlarla bir kilovat/saat elektrik enerjisi istehsalı üçün təqribən 335 qram şərti yanacaq sərf olunurdu. Yeni texnologiyalarla bu göstərici 225 qramadək azaldılıb. Bu isə hər il təxminən 1,2 milyard kubmetr zərərli qazların atmosferə atılmasının qarşısını almağa imkan verir”.
Qeyd edək ki, “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın ən iri istilik elektrik stansiyalarından biri kimi ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.