
Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Gürcüstan arasında elektrik enerjisinin ixracı, tranziti ilə bağlı müzakirələr aparılıb.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili arasında keçirilən görüşdə bildirilib.
Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə qardaşlıq, tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin mövcud olduğu bildirilib. Dövlət başçıları arasındakı möhkəm münasibətlər, güclü iqtisadi əlaqələr və strateji enerji tərəfdaşlığının ikitərəfli və regional əməkdaşlığın inkişafında əsas amil olduğu vurğulanıb.
Bildirilib ki, neft-qaz sahəsində əməkdaşlıq artıq real nəticələr verir. Bu ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarükü təmin olunub.
Həmçinin Gürcüstanla birgə Qara dəniz sualtı kabeli və quru xətti ilə Avropa ölkələrinə enerji tədarükü üzrə yaşıl enerji dəhlizi və interkonnektor layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb. Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin hər iki ölkə üçün strateji əhəmiyyəti vurğulanaraq, layihə əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ kimi dəyərləndirilib.
Söhbət zamanı “Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektor layihələrində irəliləyişləri təmin edəcək birgə tədbirlərə diqqət yetirilib, koordinasiyalı fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb.
Azərbaycan Gürcüstanda 2025-ci il oktyabrın 23-də keçiriləcək İpək Yolu Forumuna dəvət edilib.
17:44
Azərbaycan və Gürcüstan arasında təbii qaz tədarükü üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə enerji sahəsində strateji tərəfdaşlığımıza, o cümlədən qaz tədarükü, Yaşıl Enerji Dəhlizi, elektrik enerjisinin ixracı və tranzit imkanları üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr apardıq. Cari ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarük olunub. Enerji sahəsindəki birgə təşəbbüslərimiz regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir”,- deyə o qeyd edib.