Aydın Talıbov: “İxtisaslı kadr hazırlığı üçün universitetlərlə müəssisələr birgə fəaliyyət göstərməlidir”
Aydın Talıbov: “İxtisaslı kadr hazırlığı üçün universitetlərlə müəssisələr birgə fəaliyyət göstərməlidir”
Azərbaycanda ixtisaslı kadrların hazırlanması üçün universitetlərlə müəssisələr birgə fəaliyyət göstərməlidirlər.
"Report"un Xankəndiyə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu "Veysəloğlu" Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı deyib.
A. Talıbov qeyd edib ki, ölkənin inkişafı üçün keyfiyyətli kadrlar vacibdir: “Hesab edirəm ki, universitetlər bəzi tədris korpuslarını bizim müəssisələrə keçirməlidir. Müəyyən dərslər və təlimlər müəssisələrdə, bizim rəhbər heyətlə - CEO-larla birgə keçirilməlidir”.
O əlavə edib ki, hazırda universitetlər tədris prosesini əsasən öz yanaşmalarına əsasən qururlar: “Amma müəssisələr yeni məzunları işə götürməyə həvəsli olmur. Çünki həmin gəncləri hazır kadr kimi formalaşdırmaq üçün bir neçə il təcrübə lazımdır. Bu təcrübəni isə universitetin son kurslarında müəssisələrdə təşkil olunacaq təcrübə proqramları ilə əldə etmək olar”.
A.Talıbov vurğulayıb ki, rəhbərlik etdiyi şirkətin əməkdaşları artıq müxtəlif universitetlərdə dərs deməyə başlayıblar: “Bu, çox müsbət nəticədir. Universitetlərlə əməkdaşlıq artıq başlayıb. Bu, sadəcə dəb deyil, real bir tələbdir”.