İnstitut direktoru: "Asiya ölkələri texnoloji inkişafın episentrinə çevrilib"
İnstitut direktoru: "Asiya ölkələri texnoloji inkişafın episentrinə çevrilib"
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinə (AQEM) üzv ölkələrin KOB-ları arasında əsas diqqət elm və texnologiyaların dəstəklənməsinə yönəlmiş effektiv strategiyaların müəyyənləşdirilməsinə yönəlib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru Kirill Babayev AQEM-in 10-cu Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Qazaxıstan, Tailand və Türkiyədən olan tərəfdaşlarla sıx əməkdaşlıq edir: "Məqsədimiz bu ölkələrdə kiçik və orta sahibkarların hazırkı çətin iqtisadi şəraitdə və qlobal bazar mühitində öz gələcəklərini qurmaq, mövcud bizneslərini inkişaf etdirmək imkanlarını artırmaqdır. Hazırkı vəziyyətdə gördüyümüz odur ki, müxtəlif ölkələrdə KOB-ların dəstəklənməsi üzrə çox fərqli strategiyalar mövcuddur. Bu, əslində bizim bütün ölkələrimizdəki KOB-ların maraqlandığı əsas məsələlərdəndir. Onlar Asiya ölkələrində tətbiq olunan konkret təcrübələri və tədbirləri bilmək istəyirlər. Asiya ölkələri, əslində, dünya üzrə texnoloji inkişafın episentrinə çevrilib. KOB-ların inkişafına yönəlik dövlət tədbirləri və strategiyaları bu baxımdan çox vacibdir".
O vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat Rusiya korporasiyalarına, orta və kiçik müəssisələrə yeni bazarlara daxil olmaqda və yeni tərəfdaşlıqlar qurmaqda kömək edir: "Onların əsas ehtiyacı KOB-ların dəstəklənməsinin forması barədə konkret məsləhətlərdir, hansı praktik və uğurlu təcrübələrin Rusiyada tətbiq oluna biləcəyini və bizim öz təcrübəmizin Asiya ölkələri ilə necə bölüşülə biləcəyini bilmək istəyirlər".