AQEM ölkələrinin rüblük ticarət dövriyyəsi açıqlanıb
AQEM ölkələrinin rüblük ticarət dövriyyəsi açıqlanıb
Bu ilin I rübündə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinə (AQEM) üzv ölkələrin ixracının dəyəri 1,2 milyard ABŞ dolları, ümumi ticarət dövriyyəsi isə 4,6 milyard ABŞ dolları təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev AQEM-in 10-cu Biznes Forumunda bildirib.
"Bu rəqəmlər iqtisadiyyatlarımız arasındakı əlaqələrin genişləndiyini göstərir. AQEM-in Nazirlər Şurasının qərarına əsasən 2024-cü ildən başlayaraq 2026-cı ilə qədər Müşavirəyə Azərbaycan sədrlik edəcək. Regional əməkdaşlıq və iqtisadi transformasiya üçün bu mühüm dövrdə bu platformaya rəhbərlik etməkdən qürur duyuruq. Azərbaycan AQEM-in missiyasına xüsusi önəm verir. Bu, Asiyada inamın qurulması, sülhün təşviqi və əməkdaşlığın mümkünləşdirilməsi üçün unikal çoxtərəfli forumdur. Bu çərçivədə iqtisadi dialoq və özəl sektorun inkişafı davamlı tərəqqinin əsas sütunları kimi önə çıxır", - deyə o qeyd edib.
Y. Abdullayev əlavə edib ki, AZPROMO ixracat və alıcı missiyaları, qlobal sərgilərdə iştirak, bazar araşdırmaları və sertifikatlaşdırma dəstəyi kimi hədəflənmiş təşəbbüslər vasitəsilə ixracatçıların sərhədləri aşaraq inkişaf etməsinə kömək edir: "Keçən il bizim dəstəyimizlə təxminən 70 Azərbaycan şirkəti Almaniya, BƏƏ, Rusiya, Yaponiya və Çin kimi aparıcı beynəlxalq ticarət sərgilərində “Made in Azerbaijan” brendi altında iştirak edib və təxminən 18 milyon ABŞ dolları dəyərində müqavilələr bağlayıb. Bu səylər sahibkarlarımızı daha rəqabətli, əməkdaşlığa açıq və regional bazarda uğur qazanmağa hazırlamaq üçündür".