Fələstin "yaşıl iqtisadiyyat"a keçid yol xəritəsini təqdim edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
13:00

Fələstin "yaşıl iqtisadiyyat"a keçid yol xəritəsini təqdim edib

20 may, 2025
13:00
690

Fələstin "yaşıl iqtisadiyyat"a keçid yol xəritəsini təqdim edib

Fələstində kiçik və orta bizneslər (KOB) ölkədəki ümumi bizneslərin təxminən 95 %-ni təşkil edir və əmək bazarının 80 %-dən çoxunu məşğulluqla təmin edərək iqtisadi fəaliyyətin əsas dayaqlarından biri sayılır.

“Report” xəbər verir ki, bunu Fələstinin Milli İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nahid Salameh İbrahim Qüdsi Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasında bidirib.

O qeyd edib ki, KOB-ların “yaşıl iqtisadiyyat”a inteqrasiyası təkcə iqtisadi təşəbbüs deyil, həm də ölkədə özünütəmin və davamlı rifaha aparan strateji yoldur:

“Fələstində KOB-lar iqtisadiyyatın onurğa sütunu hesab olunur. Lakin digər ölkələrdən fərqli olaraq, fələstinli sahibkarlar hərəkət azadlığı məhdudiyyətləri və məhdud resurslar şəraitində fəaliyyət göstərirlər. Buna baxmayaraq, kənd təsərrüfatı, bərpa olunan enerji, tikinti, əl işləri və xidmət sektorlarında bir çox uğurlu biznes nümunələri formalaşıb”.

N. Qüdsi bildirib ki, BMT-nin hesabatlarına əsasən, “yaşıl iqtisadiyyat” insan rifahı, sosial bərabərlik və ətraf mühitin davamlılığı prinsiplərinə əsaslanır:

“Fələstin üçün bu prinsiplər abstrakt ideyalar deyil, həyat tərzimizin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Milli İqtisadiyyat Nazirliyi ictimai və özəl sektor tərəfdaşları ilə birlikdə yaşıl iqtisadiyyata keçidi təmin edəcək yol xəritəsinin icrasına rəhbərlik edir. Yol xəritəsi dörd əsas istiqaməti əhatə edir. Birinci istiqamət -"yaşıl maliyyələşmə" - KOB-ların ekoloji sertifikatlaşdırılması və bərpa olunan enerji layihələrinin modernləşdirilməsi məqsədilə Yaşıl İnnovasiya və Keçid Fondunun yaradılması.İkinci istiqamət - normativ islahatlar - dövlət satınalmalarında ekoloji standartların tətbiqi, davamlı təcrübələr üçün vergi və gömrük təşviqlərinin təqdim edilməsi. Üçüncü istiqamət - potensialın artırılması - təhsildə “yaşıl sahibkarlıq” konsepsiyasının tətbiqi və regional “yaşıl biznes” inkişaf mərkəzinin yaradılması. Sonuncu istiqamət isə əsas sektorların inkişafını əhatə edir. Bu aqroekologiya, davamlı tikinti, bərpa olunan enerji, kooperativlər və ənənə ilə innovasiyanın qovuşduğu sahələrə dəstəyi nəzərdə tutur".

Nazirlik rəsmisi əlavə edib ki, Fələstin bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyinə böyük önəm verir:

“Bu dəstək KOB-lar üçün uyğunlaşdırılmış maliyyələşmə alətlərinin hazırlanması, texnologiyaların ötürülməsi, innovasiya mübadiləsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından vacibdir. Biz "yaşıl texnologiya"lara, bazarlara və resurslara çıxışdakı maneələrin aradan qaldırılmasını bu tərəfdaşlıq çərçivəsində görürük”.

Bizimlə əlaqə saxlayın