Manuela Traldi: "Azərbaycan və İtaliya birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlığı dərinləşdirir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2025
15:00

Manuela Traldi: "Azərbaycan və İtaliya birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlığı dərinləşdirir"

19 may, 2025
15:00
859

Manuela Traldi: "Azərbaycan və İtaliya birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlığı dərinləşdirir"

İtaliya və Azərbaycan hazırda birgə istehsal müəssisələrinin yaradılması üzərində fəal şəkildə çalışır.

Bu barədə “Report”a İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi deyib.

Onun sözlərinə görə, əsas məqsəd yalnız xammalın ixracı deyil, həmin məhsulların yerli şəraitdə emalı və əlavə dəyərin məhz Azərbaycanda yaradılmasıdır.

M. Traldi bildirib ki, bu il Bakıda keçirilmiş “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində İtaliya pavilyonunda 8 şirkət iştirak edib: "İtaliya şirkətləri Azərbaycana müxtəlif məqsədlərlə gəlirlər - bəziləri artıq ölkədə fəaliyyət göstərir, müştəri və tərəfdaş bazasına malikdir, digərləri isə ilk dəfədir bu bazara çıxış edirlər və distribyutorlarla əlaqələr qurmaq, əməkdaşlıq imkanlarını araşdırmaq niyyətindədirlər".

O əlavə edib ki, bu şirkətlər arasında Azərbaycanda yerli tərəfdaşla birgə istehsal müəssisəsi yaratmaq barədə düşünənlər də var.

İTAZERCOM rəhbərinin fikrincə, son on il ərzində kənd təsərrüfatı sektoru Azərbaycanda ən perspektivli sahələrdən birinə çevrilib. “Bu sahədə böyük inkişaf, innovasiya və artım müşahidə olunur. Hesab edirəm ki, kənd təsərrüfatı neftdən kənar əməkdaşlıq üçün çox əlverişli sahədir”.

M.Traldi qeyd edib ki, İtaliya şirkətləri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır - onlar Azərbaycanda memarlıq, tikinti, informasiya texnologiyaları və digər sahələrdə də fəaliyyət göstərirlər. “Hazırda ikitərəfli münasibətlər çox vacib bir mərhələdədir. İqtisadiyyatın müxtəlif sektorlarını əhatə edən davamlı investisiya layihələri həyata keçirilir. Yaxın gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək”.

Palata prezidenti vurğulayıb ki, yaxın vaxtlarda iki ölkə arasında müxtəlif sahələri əhatə edəcək yeni əməkdaşlıq sazişlərinin imzalanması və rəsmi səfərlərin baş tutması gözlənilir. Onun sözlərinə görə, bəzi detalları açıqlamaq hələ mümkün olmasa da, proses aktiv şəkildə davam edir.

Statistik göstəricilər də iki ölkə arasında iqtisadi əlaqələrin gücləndiyini göstərir. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 12 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 43,7 % və ya 916,9 milyon ABŞ dolları artım deməkdir.

Eyni dövrdə Azərbaycanın İtaliyaya ixracı 46,3 % artaraq 2,9 milyard ABŞ dollarına çatıb. Əksinə, İtaliyadan idxal 4,6 % azalaraq 101,2 milyon ABŞ dolları təşkil edib. Bu da ticarət balansında Azərbaycanın xeyrinə ciddi müsbət saldonun formalaşdığını göstərir.

2024-cü ildə İtaliyanın Azərbaycana yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 6,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ümumi investisiya portfelində 0,1 %-lik paya bərabərdir. Bununla yanaşı, Azərbaycanın İtaliya iqtisadiyyatına yatırdığı investisiyaların dəyəri 72,4 milyon ABŞ dollarına çatıb və İtaliyanın bu göstəricidə çəkisi 4,1 % olub.

Bizimlə əlaqə saxlayın