VINEN prezidenti: Yaxın vaxtlarda Azərbaycanla Vyetnam arasında viza və logistika maneələri aradan qalxacaq - MÜSAHİBƏ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
12:30

VINEN prezidenti: Yaxın vaxtlarda Azərbaycanla Vyetnam arasında viza və logistika maneələri aradan qalxacaq - MÜSAHİBƏ

13 may, 2025
12:30
676

VINEN prezidenti: Yaxın vaxtlarda Azərbaycanla Vyetnam arasında viza və logistika maneələri aradan qalxacaq - MÜSAHİBƏ

Azərbaycan sabit iqtisadi artım, əlverişli biznes mühiti və coğrafi mövqeyi sayəsində beynəlxalq siyasi və iqtisadi arenada mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bundan əlavə, Azərbaycan iqtisadi fəaliyyətinin coğrafiyasını Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə doğru fəal şəkildə genişləndirir. Xüsusi iqtisadi qarşılıqlı əlaqələrin qurula biləcəyi ölkələrdən biri də Vyetnamdır. Bunun parlaq təsdiqi Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana bu yaxınlardakı səfəri olub. Səfər çərçivəsində iqtisadiyyat və ticarətdən müdafiə və təhlükəsizliyə qədər geniş spektrli istiqamətləri əhatə edən mühüm sazişlər imzalanıb.

İqtisadi əlaqələrin möhkəmləndirilməsi biznes strukturları səviyyəsində güclü tərəfdaşlıq münasibətlərinin inkişafı olmadan mümkün deyil. Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Din Viet Hoa “Report”a müsahibəsində bu ölkənin işgüzar mühitinin cari vəziyyəti, Azərbaycan biznesi üçün perspektivlər, həmçinin tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün atılan addımlar barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan və Vyetnam arasında mövcud iqtisadi əməkdaşlığı necə xarakterizə edərsiniz?

- İlk növbədə hər iki ölkəni ikitərəfli münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamika münasibətilə təbrik etmək istərdim. Əməkdaşlığın yüksək səviyyədə olmasının parlaq sübutu Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam arasında yaxın zamanda keçirilmiş ali səviyyəli görüşdür. Xüsusilə diqqətəlayiq haldır ki, Baş katib To Lamın 2024-cü ilin avqustunda vəzifəyə başladıqdan sonra ilk xarici səfəri məhz Azərbaycana olub. Bu, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən xəbər verir.

Buna əsaslanaraq hesab edirəm ki, gələcəkdə ölkələrimiz bir-biri üçün daha böyük əhəmiyyət kəsb edəcək. Vyetnamla Azərbaycanı möhkəm və çoxdankı münasibətlər birləşdirir. Bu il Vyetnamın ilk Prezidenti, milli lider Ho Şi Minin 1959-cu ildə Bakıya səfərinin 66-cı ildönümünü qeyd edirik. Bu, ikitərəfli əlaqələrimizin tarixində əlamətdar hadisədir. O vaxtdan bəri xalqlarımız arasında münasibətlər inkişaf etməyə başlayıb. Ümid edirik ki, gələcəkdə bu münasibətlər təkcə dostluq deyil, həm də qardaşlıq münasibətləri kimi inkişaf edəcək.

Xüsusilə vurğulamaq istərdim ki, Vyetnam xalqı sizin ölkənizə dərin hörmət bəsləyir. Bir çox vyetnamlı sovet dövründə Azərbaycanda təhsil alıb və o vaxtdan bəri Bakı onların qəlbində xüsusi yer tutur. Azərbaycanlıların üzərinə tarixi missiya düşüb. Bu, vyetnamlı dostlarla birgə ölkəmizin neft-qaz sənayesinin yaradılmasında iştirakdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1983-cü ilin oktyabrında sovet nümayəndə heyətinin başçısı kimi Vyetnama səfər edib. Məhz bu tarixi əlaqə ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi üçün möhkəm təməldir.

Biznes əməkdaşlığına gəlincə, məmnuniyyətlə qeyd edirəm ki, rəhbərlik etdiyim VINEN Assosiasiyası Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Əməkdaşlıq Memorandumu imzalayıb. Bu sənəd ilk birgə Biznes Şurasının yaradılmasını nəzərdə tutur. Bu da şübhəsiz ki, ölkələrimiz üçün tərəfdaşlıq və işgüzar qarşılıqlı fəaliyyət üzrə yeni perspektivlər açacaq. KOBİA-nın təcrübəsi bizim üçün çox maraqlıdır. Hesab edirik ki, əməkdaşlığımız ikitərəfli iqtisadi münasibətlər üçün mühüm nəticələr verəcək.

- Biznes Şurasının əsas fəaliyyət istiqamətləri hansılardır?

- Biz Vyetnam və Azərbaycan arasında Biznes Şurasının yaradılması üçün səylərimizi birləşdirdik. Bu, biznes və sahibkarlıq sahəsində əməkdaşlığı inkişaf etdirməklə bağlı istəyimizi göstərir. Əminik ki, belə bir platforma hər iki tərəf üçün nəzərəçarpacaq dərəcədə fayda gətirəcək. Əməkdaşlığımızın ticarət, məhsulların ixracı və idxalı ilə məhdudlaşmayacağı planlaşdırılır.

Bununla yanaşı, tədqiqatlar, təlimlər, təhsil proqramları və sahibkarlar üçün məsləhətləşmələr vasitəsilə bilik və təcrübə mübadiləsi həyata keçirə bilərik. Bu əsasda, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayacaq birgə sərgilər, biznes forumları və sammitlər təşkil etmək mümkündür.

Ölkələrimizin məhsulları bu tədbirlər çərçivəsində təqdim edilə bilər. Bu isə rəqabət üstünlüklərini müəyyən etməyə və yeni istiqamətlərin inkişafını stimullaşdırmağa imkan verəcək.

Bundan başqa, hər iki ölkənin nüfuzlu sahibkarları üçün mükafatın yaradılması imkanlarını nəzərdən keçirmək maraqlı olardı. Bununla onların ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələr qəbul ediləcək.

Bizim baxışımız aydındır və birgə iş artıq bir neçə ildir davam edir. Bilirəm ki, bəzi Azərbaycan şirkətləri artıq Vyetnam bazarında uğurla fəaliyyət göstərir. Bu, yaxşı əlamətdir. Bir zamanlar vyetnamlılar təhsil almaq üçün Azərbaycana səfər edirdilər. Hazırda bu istiqamətdə tərəfdaşlığın yeni səviyyədə inkişafı məqsədilə çox yaxşı imkanımız var.

- İxrac-idxal münasibətlərindən bəhs etdiniz. Sizcə, Vyetnamın hansı məhsulları Azərbaycan bazarına çıxmaq üçün böyük potensiala malikdir?

- Şübhəsiz Vyetnam məhsulları Azərbaycan bazarına çıxış üçün böyük potensiala malikdir. İlk növbədə, söhbət kənd təsərrüfatı məhsullarından gedir. Ölkəmiz keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə məşhurdur. Vyetnam qəhvəsi isə xüsusi diqqətə layiqdir. O, dünyanın ən yaxşı qəhvələrindən biri kimi tanınır, əla dada malikdir və artıq bir çox ölkələrə ixrac olunur.

İkincisi, ədviyyatlar bibər, çili və darçın kimi məhsullardır. Vyetnam darçını xüsusilə ətirli və yüksək keyfiyyətlidir: onun plantasiyaları təxminən 250 min hektar ərazini əhatə edir. Eyni zamanda, zəncəfil və düyü kimi tələb olunan məhsulların ixracı da mümkündür. Azərbaycanlı sahibkarlar isə bu təbii və keyfiyyətli məhsulların idxalı imkanlarını nəzərdən keçirə bilərlər.

Üçüncüsü, gözəllik və sağlamlıq sənayesini qeyd etmək istərdim. Vyetnam otlar və müalicəvi bitkilərə əsaslanan təbii kosmetika məhsullarının geniş çeşidini istehsal edir. Bu məhsullar təkcə gözəlliyi qorumağa kömək etmir, həm də sağlamlığa müsbət təsir göstərir. Düşünürəm ki, yerli əhalinin qulluq və estetikaya diqqət yetirdiyini nəzərə alsaq, bu Azərbaycan bazarı üçün maraqlı ola bilər.

Nəhayət, qeyd etmək istərdim ki, Vyetnam 100 milyondan çox əhalisi olan nəhəng bir bazardır, bu da Azərbaycandan on dəfə böyükdür. Lakin bizdə sahibkarlıq sektoru hələ də aktiv inkişaf mərhələsindədir: ölkədə cəmi 940 min şirkət qeydiyyata alınıb. Bildiyim qədər əhali sayının az olmasına baxmayaraq Azərbaycanda 200 mindən çox şirkət qeydiyyatdan keçib.

Sizin zəngin sahibkarlıq təcrübənizi nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan şirkətləri üçün Vyetnamda öz nümayəndəliklərini və ya ofislərini açmaqla ölkəmizin bazarına çıxmaq üçün əla fürsət yaranır.

- Siz Azərbaycan şirkətlərini Vyetnam bazarında daha fəal iştiraka dəvət edirsiniz. Onlar rəhbərlik etdiyiniz Assosiasiyadan hansı dəstəyə ümid edə bilərlər?

- Əminəm ki, indi Vyetnama investisiya yatırmaq üçün ən münasib zamandır. Bir neçə gün əvvəl, mayın 5-də ölkəmizin başçısı To Lam Vyetnam tarixində əlamətdar olan mühüm bir qətnaməni imzalayıb. Vyetnam tarixində ilk dəfə olaraq o, ölkədə sahibkarlığa "yaşıl işıq" yandırıb. Bu, aydın şəkildə göstərir ki, sahibkarlar bu gün ölkəmizin gələcək iqtisadi inkişafının hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.

2030-cu ilə qədər yəni növbəti beş il ərzində, Vyetnamda 1 milyondan çox şirkət qeydiyyatdan keçməlidir - bu, hazırkı saydan iki dəfə çoxdur. Bu, xarici investorlar və yeni tərəfdaşlıqlar üçün əlverişli mühit yaradır.

- Yəni indi iqtisadiyyat həm xarici biznesə, həm də investisiya və əməkdaşlıqda maraqlı olanlara daha açıq olur?

- Bəli, məhz belədir. Hesab edirəm ki, indi unikal imkanlar dövrüdür. Bu, həqiqətən də Azərbaycan üçün böyük şansdır. Bizə qoşula və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirə bilər. Kənd təsərrüfatı, turizm, səhiyyə, kosmetika sənayesi, həmçinin innovasiya və texnologiya sahələrində birgə iş üçün açığıq. Xüsusilə qeyd etmək istərdim ki, hökumətimiz bu gün texnologiya sahəsinin inkişafını fəal şəkildə dəstəkləyir.

- Yaxın gələcəkdə Vyetnam və Azərbaycan arasında biznes forumunun keçirilməsi və ya ticari-iqtisadi missiyaların təşkili planlaşdırılırmı?

- Ölkələrimiz arasında yeni yaradılmış birgə Biznes Şurasına diqqət yetirərək deyə bilərəm ki, artıq onun bazasında tədbirlər planı hazırlamağa başlamışıq. Növbəti iki-üç həftə ərzində həm cari il, həm də növbəti illər üçün ətraflı iş proqramı təqdim etməklə bağlı razılığa gəldik.

Bu ilin sentyabrında Hanoyda biznes sammitinin keçirilməsini və azərbaycanlı sahibkarları ora dəvət etmək niyyətindəyik. Sammit çərçivəsində sərgilər, forum, həmçinin azərbaycanlı sahibkarların Vyetnam hökumətinin nümayəndələri, eləcə də investisiya və ixrac potensialına malik əyalətlərin rəhbərliyi ilə görüşləri planlaşdırılır.

Azərbaycana səfərim zamanı mən həmçinin KOBİA-nın çox maraqlı təşəbbüsü - Kiçik və Orta Biznes evləri (KOB evləri - red.) konsepsiyası ilə tanış oldum. Bu həqiqətən çox maraqlı və səmərəli modeldir. Əgər onu Vyetnam reallıqlarına uyğunlaşdırmaq mümkündürsə, biz bu modeli özümüzdə də tətbiq edə bilərik. Bu, sizin sahibkarları özlərini evlərindəki kimi hiss etməyə imkan verəcək. Çünki Azərbaycanda artıq bu sxem işləyir.

- Bakıda məhsullarınızın və milli mətbəxinizin təqdim olunacağı Vyetnam Evinin açılması planlaşdırılırmı?

- Vyetnama qayıtdıqdan sonra iş adamlarımızı Azərbaycana səfər etməyə və restoran biznesi ilə məşğul olmağa təşviq etmək niyyətindəyəm. Buraya xüsusilə dəniz məhsulları sahəsi daxildir. Bizim dəniz məhsullarımız həqiqətən çox dadlıdır və Vyetnam mətbəxi ən yaxşı mətbəxlərdən biri hesab olunur. Ölkəmizin turistlər üçün bu qədər cəlbedici olmasının səbəblərindən biri məhz kulinariyadır. Ötən il Vyetnamı 25 milyon turist ziyarət edib. Burada Vyetnam mətbəxinin də böyük rolu var.

Biznes potensialına gəlincə, ümid edirəm ki, gələcəkdə Bakıda Vyetnam Evini - bir növ Vyetnam sahibkarlıq mərkəzini açmağa nail olacağıq. Bu, məhsullarımızı, mədəniyyətimizi və biznes imkanlarımızı təqdim edə biləcəyimiz bir məkan olacaq. Eyni zamanda, azərbaycanlı sahibkarlara Vyetnam və onun potensialı ilə daha yaxından tanış olmağa kömək edəcək.

Bundan əlavə, ölkələrimiz arasında logistika problemi qalır. Coğrafi uzaqlıq və birbaşa marşrutların olmaması malların çatdırılmasını və iqtisadi qarşılıqlı əlaqəni çətinləşdirir. Bundan əlavə, qlobal geosiyasi münaqişələr fonunda dəniz yolu ilə malların çatdırılması daha da çətin və bahalı olur.

Ölkələrimiz arasında hələ ki, birbaşa hava əlaqəsi yoxdur - mənim Hanoydan Bakıya səfərim təxminən 16 saat çəkdi. Birbaşa reyslə mən buraya cəmi 7 saata çata bilərdim. Lakin yaxşı xəbərlər də var: birbaşa aviareyslərin işə salınması ilə bağlı danışıqlar aparılır. Eşitdiyimə görə, bu, yaxın zamanda, bəlkə də 2026-cı ildən gec olmayaraq işə düşə bilər.

Eyni zamanda, ölkələrimiz arasında viza rejimi qalmaqdadır. Lakin viza tez əldə edilə bilər. Bundan əlavə, məndə olan məlumata görə, 2026-cı ildə ölkələrimiz arasında viza rejiminin ləğv edilməsi planlaşdırılır. Bu, iki dost dövlətin yaxınlaşması yolunda mühüm addım olacaq. Əminəm ki, yaxın zamanda ölkələrimiz arasında heç bir maneə qalmayacaq - nə viza, nə də logistika.

- Vyetnam və Azərbaycan arasında logistika problemi olduğunu qeyd etdiniz. Sizcə, birbaşa aviareyslərin işə salınmasından savayı bu problemin həlli yolları hansılardır?

- Məncə, ən optimal və nisbətən sürətli variantlardan biri Qazaxıstan üzərindən tranzitdən istifadə etməkdir. Qazaxıstandan artıq Vyetnama birbaşa reyslər var, oradan isə Azərbaycanadək heç də uzaq deyil. Beləliklə, ölkələrimiz arasında birbaşa əlaqə olmasa belə, qarşılıqlı fəaliyyət üçün bir çox imkanlarımız var. Bu, biznes əlaqələrinin inkişafı üçün yaxşı alternativ ola bilər.

Bu, əlavə logistika marşrutları açır. Vyetnamlı və azərbaycanlı sahibkarlar isə artıq indi - növbəti ili gözləmədən onlardan istifadə etməyə başlaya biləcəklər.

Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi birbaşa siyasi iradə və ali səviyyədə dialoqdan asılıdır. Ümid edirəm ki, Vyetnam hökuməti tezliklə Bakıda öz səfirliyini açacaq. Təəssüf ki, hazırda Azərbaycanda diplomatik nümayəndəliyimiz yoxdur və bu, əlbəttə ki, münasibətlərimizin inkişafını məhdudlaşdırır.

Mən, Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının prezidenti olaraq hökumətimizə əməkdaşlığı gücləndirmək və Azərbaycanda rəsmi şəkildə təmsil olunmaq çağırışı ilə müraciət edirəm. Diplomatik missiya sadəcə işgüzar tədbirlərin təşkilini asanlaşdıracaq.

- Azərbaycan və Vyetnam arasında Ticarət-Sənaye Palatasının yaradılması imkanı varmı?

- Biz artıq belə bir struktur yaratmışıq - bu, daha əvvəl haqqında danışdığımız Biznes Şurasıdır. Mahiyyətcə o, ticarət-sənaye palatası ilə eyni funksiyaları yerinə yetirir: işgüzar əlaqələrin qurulması, investisiya və ticarətin təşviqi, sahibkarlara dəstək. Ehtiyac olarsa, onun rəsmi adını dəyişə, hətta rəsmi adını da dəyişə bilərik.

- Şuranın ofisi harada yerləşəcək - Hanoyda, yoxsa Bakıda?

- Düşünürəm ki, ofislər həm Hanoyda, həm də Bakıda olacaq. Bundan əlavə, hər iki ölkədən həmsədrlər də ola bilər. Bu artıq imzaladığımız Anlaşma Memorandumunda öz əksini tapıb.

Beləliklə, Azərbaycanda Vyetnam Sahibkarlar Palatasının Ofisi, Vyetnamda isə Azərbaycan işgüzar palatası və ya Azərbaycan Palatası fəaliyyət göstərəcək.

Bundan əlavə, daha bir vacib məqamı vurğulamaq istərdim. Hazırda Vyetnamda biz istehsal olunan məhsulların keyfiyyətinin artırılması üçün ciddi səylər göstəririk. Məhsullarımızın bir çoxu beynəlxalq standartlara uyğundur və ciddi sertifikatlaşdırmadan keçir. Xüsusilə, məhsulların əhəmiyyətli bir hissəsi halal kimi sertifikatlaşdırılıb ki, bu da Azərbaycan kimi müsəlman ölkələri üçün xüsusilə vacibdir. Biz ölkəmizdə halal sənayesinin inkişafı və sertifikatlaşdırılması sahəsində gələcəkdə azərbaycanlı tərəfdaşlarımızın dəstəyinə ümid edirik.

Bu o deməkdir ki, Azərbaycan sakinləri Vyetnam məhsullarını əminliklə ala və istifadə edə bilərlər. Çünki onların dini və sanitar tələblərə uyğun olduğunu bilirlər. Düşünürəm ki, bu yerli əhali üçün dəyərli məlumatdır və ölkələrimiz arasında etimadın, qarşılıqlı ticarətin möhkəmləndirilməsi üçün əlavə addımdır.

FOTO: Vüqar Xanlarov

Bizimlə əlaqə saxlayın