Azərbaycanda sahibkarlar üçün dəstək mexanizmləri genişləndiriləcək
Azərbaycanda sahibkarlar üçün dəstək mexanizmləri genişləndiriləcək
Azərbaycanda sahibkarlar üçün dəstək mexanizmlərinin genişləndirilməsi gözlənilir.
Bunu “Report”a açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, ölkə Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na əlavə və dəyişikliklər layihəsi hazırlanıb: “2016-cı ildən bəri tətbiq edilən mexanizmlər ümumilikdə müsbət nəticələr verir. Bununla yanaşı, sahibkarların müraciətləri və qlobal miqyasda baş verən dəyişikliklər, xüsusilə də logistika sahəsinin artan əhəmiyyəti fonunda, bu istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi zərurəti yaranmışdı”.
"Fərmana dəyişikliklər layihəsi İqtisadiyyat Nazirliyindən hökumətə göndərilib və bir neçə ay ərzində müzakirələr tamamlandıqdan sonra 2025-ci ilin II yarısında bu fərmanın qəbul olunacağına ümid edirik. Bundan əlavə, məhsul nümunələrinin xarici bazarlara göndərilməsi zamanı sahibkarlara dəstəyin göstərilməsi də nəzərdə tutulur. Mövcud dəstək mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Məsələn, sərgilərdə fərdi iştirak zamanı sahibkarlar üçün nəzərdə tutulan dəstək məbləği 10 min manat idisə, bunun 15 min manata qədər artırılması nəzərdə tutulur. Əgər sərgilərin sayı illik 10 idisə, 15-ə çatdırılması planlaşdırılır”,- deyə Y.Abdullayev qeyd edib.