Azərbaycanda gömrük-biznes münasibətlərində məhkəmə mexanizmlərinin təkmilləşdirilməsi təklif olunur
Azərbaycanda gömrük-biznes münasibətlərində məhkəmə mexanizmlərinin təkmilləşdirilməsi təklif olunur
Gömrük-biznes münasibətlərində yaranan hüquqi mübahisələrin səmərəli həlli üçün xüsusi məhkəmə təsisatlarının yaradılması vacib əhəmiyyət kəsb edir.
“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Sahibkarlar Günü” və 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə keçirilən “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, bu istiqamətdə fikir mübadiləsi aparılması məqsədəuyğundur:
“Gömrük sahəsində yaranan mübahisələrin məhkəmə orqanlarında müzakirəsi bizim üçün prioritetdir. Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir”, - deyə Ş.Bağırov bildirib.
Komitə sədri, həmçinin 2024-cü ildə sərhəd keçidində və gömrük prosedurlarında sadələşdirmə istiqamətində əldə olunan irəliləyişlərdən də danışıb.
“Sərhəddə qeydiyyat müddəti 62 %, sərhədkeçmə prosesi 29 %, rəsmiləşdirmə müddəti 17 %, fiziki yubanmalar isə 24 % azaldılıb”, – deyə o vurğulayıb.
Ş. Bağırov əlavə edib ki, gömrük rüsumları və vergilərdən daxilolmalar dövlət büdcəsinin mühüm hissəsini təşkil edir:
“2024-cü ildə toplanan gömrük rüsumları və vergiləri dövlət büdcəsinin 17,9 %-ni, ümumi daxili məhsulun isə 5,3 %-ni təşkil edib. 2023-2024-cü illərlə müqayisədə bu göstərici 4,9 % artaraq 6 milyard 648 milyon manata çatıb”.