Liqa Siçeva: “Baltikyanı ölkələr Azərbaycanla "yaşıl texnologiyalar" sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir” - MÜSAHİBƏ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
mar
2025
13:30

Liqa Siçeva: “Baltikyanı ölkələr Azərbaycanla "yaşıl texnologiyalar" sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir” - MÜSAHİBƏ

11 mar, 2025
13:30
780

Liqa Siçeva: “Baltikyanı ölkələr Azərbaycanla "yaşıl texnologiyalar" sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir” - MÜSAHİBƏ

Son illərdə Baltikyanı ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələr rəqəmsallaşma, aqrar və ərzaq sektoru kimi əsas istiqamətləri əhatə edərək güclənməkdə davam edir. Avropa İttifaqının (Aİ) proqramları və ikitərəfli təşəbbüslər çərçivəsində ticarət və investisiyaların inkişafına töhfə verən yeni biznes imkanları yaradılır.

Latviya Ticarət və Sənaye Palatasının (LTSP) Aİ layihələri şöbəsinin rəhbəri Liqa Siçeva (Liga Sičeva) “Report”a müsahibəsində əməkdaşlığın perspektivli istiqamətləri, LTSP tərəfindən həyata keçirilən layihələr, Latviya şirkətləri üçün Azərbaycan bazarındakı imkanlar, həmçinin regionlar arasında iqtisadi əlaqələrin gücləndirilməsində biznes assosiasiyalarının rolu barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Ötən ilin noyabrında Azərbaycanda olmusunuz. Azərbaycanlı tərəfdaşlarla əldə edilmiş razılaşmaların icrası necə gedir? Sizcə, hazırda Baltik ölkələri ilə Azərbaycan arasında hansı əməkdaşlıq istiqamətləri daha aktualdır?

- Baltikyanı ölkələr və Azərbaycan bazarları sektorların geniş müxtəlifliyi və inkişaf səviyyələri ilə fərqlənir ki, bu da ixtisaslaşdırılmış məhsullar da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları yaradır. Hazırda informasiya texnologiyaları, təhsil, tibbi texnologiyalar kimi istiqamətlər uğurla inkişaf edir, eləcə də "yaşıl texnologiyalar" sahəsində tərəfdaşlıq perspektivləri fəal müzakirə olunur.

Tarixən ölkələrimiz arasında ərzaq sektorunda möhkəm əlaqələr qurulub: hər iki istiqamətdə ticarət aparılır və Baltik ölkələrində Azərbaycanın qida məhsullarını, eləcə də Azərbaycanda Baltikyanı ölkələrinin məhsullarını görmək xoşdur. Bundan əlavə, Çində istehsal olunan məhsullarla yüksək rəqabətə baxmayaraq, Baltik ölkələrində istehsal olunan məhsulların Azərbaycan bazarında distribusiyası üçün perspektivlər görürük.

- Son illərdə Azərbaycan Orta Dəhlizin genişləndirilməsi də daxil olmaqla nəqliyyat və logistika infrastrukturunu fəal şəkildə inkişaf etdirir. Bu marşrut Latviya biznesi üçün nə dərəcədə cəlbedicidir və Baltik ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq üçün hansı imkanlar yarada bilər?

- Bu marşrut fiziki malların ticarətini həyata keçirən Latviya şirkətləri üçün maraq kəsb edir. Logistika və nəqliyyat sahəsində istənilən səmərəli həll beynəlxalq ticarətin həcminin artmasına və iqtisadiyyatın inkişafına töhfə verir.

- Latviya Ticarət və Sənaye Palatası 2025-2026-cı illərdə Aİ proqramları çərçivəsində hansı yeni təşəbbüslər və ya layihələr həyata keçirməyi planlaşdırır? Onların arasında Azərbaycan və ya Cənubi Qafqaz regionu ilə bağlı layihələr varmı?

- Bu ilin sonunadək Latviya Ticarət və Sənaye Palatası Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında beynəlxalq ticarətin inkişafına yönəlmiş "LEF Network Azerbaijan" layihəsini həyata keçirməyi planlaşdırır. Layihə çərçivəsində ikisi Azərbaycana, ikisi isə Azərbaycandan adı çəkilən ölkələrə olmaqla dörd ticarət missiyasının təşkili planlaşdırılır. Azərbaycanda əsas tərəfdaş dörd ölkə arasında peşəkar B2B əlaqələrinin inkişafına töhfə verən “Caspian Energy Club"dır.

Gələcəkdə Latviya Ticarət və Sənaye Palatası Aİ ilə bu region arasında əlverişli biznes və siyasi mühitə ümid edərək, Cənubi Qafqaz regionunda layihələr üçün yeni imkanların axtarışını davam etdirəcək. Baltik və Cənubi Qafqaz ölkələri arasında artıq yaxşı əməkdaşlıq ənənələri formalaşıb.

- Latviya biznesi Azərbaycan və qonşu ölkələrin bazarına çıxmağa maraq göstərirmi? Latviya şirkətləri hansı sektorlarda əməkdaşlıq üçün daha çox potensial görür? Bu regionda biznesin genişləndirilməsi üçün əsas maneələr nələrdir?

- Latviya, Estoniya və Finlandiya şirkətlərinin Azərbaycan bazarına marağı kifayət qədər yüksəkdir və bir çoxları işgüzar əlaqələri inkişaf etdirməyə can atır. Məsələn, bu həftə Bakıda olan biznes nümayəndə heyətinin böyük hissəsi artıq ikinci və ya üçüncü dəfədir ki, ölkəyə gəlir və bu, onların həmin bazarın imkanlarına maraq göstərdiyini təsdiq edir.

Ən perspektiv əməkdaşlıq istiqamətləri arasında IT, təhsil, ərzaq sektoru, "yaşıl texnologiyalar”, əczaçılıq və ixtisaslaşmış məhsullar var. Lakin logistika və nəqliyyat marşrutlarının təşkili məsələləri istehsalçılar üçün əsas çağırışlardan biri olaraq qalır. Biznesin uğurlu inkişafı məqsədilə Azərbaycan, Baltik ölkələri və Finlandiya arasında uzunmüddətli əməkdaşlıq üçün əlverişli şərait yaradaraq tərəfdaşlıq əlaqələrini gücləndirmək vacibdir.

- Aİ-nin "Şərq Tərəfdaşlığı" kimi təşəbbüsləri çərçivəsində Latviya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün nə kimi perspektivlər var? Hər iki ölkənin biznesi üçün hansı dəstək mexanizmləri faydalı ola bilər?

- İqtisadi əməkdaşlıq məhsulların bazar tələblərinə uyğunluqdan başlayaraq diplomatik münasibətlərin vəziyyətinə qədər bir çox amillərin təsiri altında formalaşır. Aİ-nin proqramları, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına və beynəlxalq bazarlara inteqrasiyasına yönəlib ki, bu da həm Latviya, həm də Azərbaycan üçün faydalıdır.

Latviya və Azərbaycan şirkətləri üçün biznes dəstəyindən danışarkən nəzərə almaq lazımdır ki, biznes ilk növbədə praqmatik prosesdir. Biznesin uğurlu inkişafı üçün etibarlı B2B əlaqələrinin - tərəfdaşların, distribütorların, həmçinin maliyyə məsləhətçiləri, hüquq ekspertləri və logistika operatorları kimi peşəkar xidmət şirkətlərinin olması mühüm rol oynayır. Ölkələr arasında uzunmüddətli əməkdaşlıq və davamlı işgüzar münasibətlər iqtisadi əlaqələrin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

- Baltikyanı ölkələr "yaşıl keçid" və rəqəmsallaşma prioritetlərinə nail olmaqda Azərbaycana necə dəstək ola bilər? Yaxın illərdə dayanıqlı inkişaf və innovasiyalar sahəsində hansı birgə layihələr və ya təşəbbüslər həyata keçirilə bilər?

- Azərbaycan "yaşıl enerji" və daha geniş "yaşıl keçid" sahəsində böyük potensiala malikdir. Rəqəmsallaşma isə öz növbəsində bütün ölkələr üçün inkişafın əsas istiqaməti olaraq qalır, çünki yeni texnologiyaların tətbiqi cəmiyyətin bütün həyatı boyu davam edəcək prosesdir.

Azərbaycan və Baltik ölkələri arasında əməkdaşlıq bu sahələrdə qabaqcıl təcrübə və həll mübadiləsinə töhfə verə bilər. Latviya, Estoniya və Finlandiyada artıq Azərbaycanda uyğunlaşdırıla bilən ixtisaslaşdırılmış rəqəmsal və "yaşıl texnologiyalar" işlənib hazırlanıb. Eyni zamanda, Azərbaycan region ölkələri üçün maraq doğuran innovativ məhsul və texnologiyalarını təklif edə bilər.

Mərkəzi Baltik regionu və Azərbaycan iqtisadiyyatlarının miqyasına görə oxşar olması qarşılıqlı anlaşmanı asanlaşdırır və səmərəli əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

- Latviya və Azərbaycan arasında aqrar və ərzaq sektorunda tərəfdaşlıq nə dərəcədə perspektivlidir? Bu sahədə uğurlu əməkdaşlıq nümunələri varmı?

- Ərzaq sektoru Latviya və Azərbaycan arasında ticarət münasibətlərində aparıcı yer tutur ki, bu da uzunmüddətli iqtisadi əlaqələrin formalaşmasına töhfə verir.

Latviya Azərbaycan şirkətlərinə Aİ bazarına çıxmaq üçün dəstək təklif edə bilər ki, bu da yerli biznes üçün xüsusilə aktualdır. Əməkdaşlığın ən vacib istiqamətlərindən biri Avropaya ixrac ediləcək məhsulların sertifikatlaşdırılmasıdır. Bundan başqa, logistika və distribusiya Avropa bazarında iştirakını genişləndirməkdə maraqlı olan Azərbaycan istehsalçılarına əlavə imkanlar təqdim edir.

- Təhsil və peşə hazırlığı sahəsində əməkdaşlığın perspektivləri necədir? Latviya universitetləri Azərbaycanın təhsil müəssisələri ilə tərəfdaşlıqda nə dərəcədə maraqlıdır?

- Latviyanın təhsil müəssisələri artıq Azərbaycandan olan tərəfdaşları ilə fəal əməkdaşlıq edir və bu əməkdaşlıq inkişaf etməkdədir. Latviya universitetləri azərbaycanlı tələbələr üçün təhsil proqramlarının geniş spektrini təklif edir, həmçinin peşə və texniki təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılır.

Bundan əlavə, Estoniya və Finlandiya şirkətləri Azərbaycanda təhsil prosesinin modernləşdirilməsinə kömək edəcək müasir EdTech həlləri təklif edə bilər.

Təhsil ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Mərkəzi Baltik regionu bütövlükdə Aİ-nin təhsil xidmətlərinin təqdim edilməsində maraqlıdır ki, bu da keyfiyyətli təhsil və peşəkar inkişaf üçün əlavə imkanlar yaradır.

- Latviya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə hansı addımlar töhfə verə bilər?

- İqtisadi əməkdaşlığın əsasını etimad və peşəkar yanaşmaya əsaslanan işgüzar əlaqələrin inkişafı təşkil edir. Bu prosesdə əlaqələrin qurulmasına və yeni tərəfdaşların tapılmasına kömək edən biznes missiyalar, forumlar və sərgilər mühüm rol oynayır.

Müasir şəraitdə rəqəmsal platformalar qarşılıqlı fəaliyyət prosesini əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir. Onlayn görüşlər artıq ilk mərhələlərdə şirkətlər arasında qarşılıqlı anlaşmaya töhfə verə və əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edə bilər.

İkitərəfli iqtisadi əlaqələrin inkişafına beynəlxalq tərəfdaşlıqda maraqlı olan şirkətləri birləşdirən "Caspian Energy Club" kimi biznes assosiasiyaları və dəstəkləyici təşkilatlar əhəmiyyətli töhfə verir. Onların fəaliyyəti hər iki ölkənin iş adamları üçün biznes imkanlarını genişləndirməyə kömək edir.

Bu kontekstdə oktyabr ayında Azərbaycanda keçiriləcək Mərkəzi-Baltik Regional Biznes Forumu xüsusi önəm kəsb edir.

Bizimlə əlaqə saxlayın