
Malayziya Azərbaycan şirkətlərini halal məhsullar sərgisində iştiraka dəvət edir

Malayziya Azərbaycan şirkətlərini halal məhsullar sərgisində iştiraka dəvət edir
Malayziya Azərbaycan şirkətlərini bu ilin sentyabrında Kuala-Lumpurda keçiriləcək 21-ci Beynəlxalq Halal Məhsullar Sərgisində (MIHAS) iştiraka və öz məhsullarını təqdim etməyə dəvət edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Bakıda keçirilən "Malayziya və Azərbaycan arasında iqtisadi və turizm əməkdaşlığı vasitəsilə əlaqələrin gücləndirilməsi" mövzusunda ticarət, biznes və turizm seminarında bildirib.
Səfirin sözlərinə görə, 2024-cü ildə MIHAS sərgisini dünyanın müxtəlif yerlərindən 40 000-dən çox ticarət nümayəndəsi ziyarət edib və imazalanan sazişlərin məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edib.
"21-ci MIHAS sərgisi tarixdə ən böyük sərgi olacaq. Malayziya və digər ölkələrdən 2 000-dən çox iştirakçının qatılması gözlənilir. MIHAS-2025 14 tematik klasteri əhatə edəcək. Buraya qida və içkilər, halal inqrediyentlər, moda və həyat tərzi, media və əyləncə, elektron ticarət, İslam maliyyəsi və fintex, təhsil, kosmetika və şəxsi gigiyena, pərakəndə satış və françayzinq, hotelçilik, turizm və s. daxildir", - diplomat bildirib.