Almaniya kansleri Aİ-nin Çinlə yeni ticarət müharibəsinə qarşı çıxıb
Almaniya kansleri Aİ-nin Çinlə yeni ticarət müharibəsinə qarşı çıxıb
Almaniya kansleri Fridrix Merts Çinlə yeni ticarət münaqişəsi istəmədiyini bildirib. Bununla belə, o, Avropa sənayesinə zərər vuran iqtisadi balanssızlıqlar məsələsində Pekinlə açıq dialoqun tərəfdarı olduğunu qeyd edib.
"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə Fransa-Almaniya Nazirlər Şurasının iclasının yekunlarına dair Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Çin də Avropa ilə iqtisadi əlaqələrin qorunmasında maraqlıdır. Çünki təxminən 450 milyon nəfər əhalisi olan Avropa İttifaqı bazarı Çin üçün ən mühüm bazarlardan biri olaraq qalır.
"450 milyon istehlakçısı olan Avropa İttifaqı Çin Xalq Respublikası üçün xaricdəki ən mühüm bazardır. Beləliklə, söhbət qarşılıqlı asılılıqdan gedir", - deyə kansler vurğulayıb.
Bu baxımdan Merts Avropa İttifaqı ilə Çin arasında konstruktiv və praqmatik dialoqun tərəfdarı olduğunu da bildirib.
"Vəziyyətin hazırkı kimi qalması ilə barışmağa hazır deyiləm, çünki bu, birtərəfli qaydada Avropadakı iş yerlərinə zərbə vurur", - deyə o qeyd edib.
