WSJ: ABŞ İrana endirilən zərbələrdən sonra danışıqları davam etdirmək istəyir
WSJ: ABŞ İrana endirilən zərbələrdən sonra danışıqları davam etdirmək istəyir
Vaşinqton yekun razılaşmanın əldə edilməsi naminə Tehranla diplomatik dialoqu davam etdirməyə hazır olduğunu bildirir.
"Report" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin İslam Respublikasının ərazisinə zərbələr endirməyə başlamasından sonra "The Wall Street Journal" (WSJ) nəşrinə məlumatlı mənbə deyib.
Qəzetin həmsöhbəti qeyd edib ki, Amerika tərəfi İranın Hörmüz boğazındakı hərəkətlərini qəbuledilməz və qəti cavab tələb edən addım kimi qiymətləndirib. Bununla yanaşı, ABŞ administrasiyasının nümayəndəsi vurğulayıb ki, Birləşmiş Ştatlar yekun razılaşmanın hazırlanması üçün İranla danışıqlar prosesinin davam etdirilməsində maraqlıdır.
"Associated Press" (AP) agentliyi isə öz mənbələrinə istinadən qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatı, böyük ehtimalla, bir neçə saat çəkəcək.
Nəşrin məlumatına görə, Amerika hərbçiləri tərəfindən vurulan hədəflər İranın hava hücumundan müdafiə kompleksləri, sahil müşahidə sistemləri, zenit raketləri, gəmi əleyhinə qanadlı raketlərin və pilotsuz uçuş aparatlarının buraxılış mövqeləri olub. Bundan əlavə, agentlik qeyd edib ki, İranın liman qurğularına da zərbələr endirilib.
Eyni zamanda, amerikalı məmur "NBC News" telekanalına bildirib ki, ABŞ-nin İrana endirdiyi yeni zərbələr əvvəlkilərdən daha irimiqyaslı olub. Onun sözlərinə görə, zərbələrin endirilməsi üçün Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Donanmasının taktiki aviasiyası cəlb edilib.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.
Bundan başqa, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib.
