"Le Figaro": Monakodakı partlayışda ukraynalı oliqarx və ailə üzvləri xəsarət alıb - YENİLƏNİB
"Le Figaro": Monakodakı partlayışda ukraynalı oliqarx və ailə üzvləri xəsarət alıb - YENİLƏNİB
Ukraynalı oliqarx Vadim Yermolayev və ailə üzvləri Monakoda baş vermiş partlayış zamanı xəsarət alıblar.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti istintaqın gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, naməlum şəxs Yermolayevin yaşadığı yaşayış binasının girişinə əldəqayırma partlayıcı qurğu yerləşdirib. Nəşr qeyd edib ki, oliqarx Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukraynanı tərk edib və o vaxtdan Monakoda "VIP qaçqın statusunda" yaşayıb.
Qəzet dəqiqləşdirib ki, partlayış zamanı iş adamı və onun həyat yoldaşı ağır, 13 yaşlı oğlu isə yüngül xəsarətlər alıb.
Ukraynanın "Strana.ua" nəşri xatırladıb ki, ölkə prezidenti Volodimir Zelenski hələ 2023-cü ildə Yermolayevə qarşı sanksiyalar tətbiq edib. "Forbes Ukraine"nin məlumatına görə, Yermolayev 2020-ci ildə ən zəngin ukraynalıların siyahısına daxil idi. İş adamı "Alef" korporasiyasının təsisçisidir. 2019-cu ildə o, Ukrayna vətəndaşlığından imtina edərək Kipr pasportu alıb.
Monakoda baş vermiş güclü partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə prokurorluğa istinadən "BFM TV" məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti kritikdir. Fransa polisinin məlumatına görə, Ukrayna və Rusiya əsilli şəxslər xəsarət alıblar.
Telekanal qeyd edib ki, partlayış naməlum kişinin küçədə bel çantasını qoyaraq qaçıb gizlənməsindən sonra baş verib.
Polis şübhəli şəxsi axtarır.
