Venesuelada zəlzələ qurbanlarının sayı 188 nəfərə çatıb - YENİLƏNİB
Venesuelada zəlzələ qurbanlarının sayı 188 nəfərə çatıb - YENİLƏNİB
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb.
"Report" Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib.
Onun sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.
"3 000-ə yaxın ailə zəlzələnin fəsadlarından zərər çəkib", - Rodriges əlavə edib.
Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.
"Report" Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.
Bununla yanaşı, o, zəlzələ nəticəsində ölənlərin sayının arta biləcəyini istisna etməyib.
"Orada onlarla bina dağılıb", - Rodriges bildirib və insanların xilas edilməsi üzrə aparılan əməliyyatları "çox mürəkkəb xilasetmə işləri" kimi xarakterizə edib.
Xatırladaq ki, cümə axşamına keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.
Daha əvvəl bildirilmişdi ki, Venesuelada iki dağıdıcı zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər isə yaralanıb.
