Ələsgər kimi sevilən Əsgər - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

7 Mart 2021 - 11:24

Ələsgər kimi sevilən Əsgər

Ələsgər kimi sevilən Əsgər
ƏLAVƏ OLUNUB :

21 Fevral 2021 - 21:32

Sənət aləmində təsadüfi hallarda aktyoru rolun adı ilə adlandırır, personajın xarakterinə görə tanıyıb sevirlər.

Azərbaycan kino sənətində əsasən kiçikplanlı və epizodik rollar ifaçısı kimi tanınan Əməkdar artist Əsgər Məmmədoğlu da əvvəlcə “Rəqiblər” (“Ömrün səhifələri” kinoalmanaxı) filmində (1974) futbol azarkeşi Ələsgər, sonra isə “Bəyin oğurlanması” filmində (1985) pirotexnik Ələsgər adı ilə məşhurlaşdı, sevildi.

Maraqlıdır ki, Əsgər Məmmədoğlu kinoda, teatrda və televiziya tamaşalarında kifayət qədər xarakterik personajlar təqdim etmiş, peşəkarlığını dəfələrlə təsdiqləmişdi. Onda niyə məhz bu iki rol (və Ələsgər adı) ona məşhurluq gətirdi? Deməli, uğur da lazımi məqamda yox, öz zamanında gəlir. Kino obrazının adını uğur imzası kimi daşıyan aktyor üçünsə ən böyük mükafat elə tamaşaçıların sevgi ilə adlandırdığı, onunsa məmnuniyyətlə qəbul etdiyi rolun adıdır. Təki uğurun sevincini doyunca yaşamaq üçün aktyor rola, rol da ünvanına zamanında sahiblənsin.

İnsan məsləyinə sevgi ilə sarılanda peşəsi həyatının nicatı olur, uğur əldə etməsinə zəmin yaradır. Əsgər Məmmədoğlu da sevdiyi sənətinə məhz israrı sayəsində qovuşa bilib. O, 9 fevral 1946-cı ildə Bakıda dünyaya göz açıb. Ailədə dörd bacı, iki qardaş olublar. Əsgərin 12 yaşı olanda atası dünyasını dəyişib. Həmin vaxtlarda 3 bacısı ailə həyatı qursa da, azyaşlı qardaşı, təhsil alan bacısı və anası onun ümidinə qalıb. Evin bütün yükünü üzərinə götürən Əsgər tum, dondurma satmaqla, sonralar isə zavodda tornaçı işləməklə ailənin dolanışığına kömək edib. Amma səhər erkən qazanc dalınca qaçan, axşamları yorğun-arğın evinə tələsən gənc bir gün də olsun aktyor olmaq istəyindən əl çəkməyib. Buna qarşı olan anası isə, nəhayət ki, oğlunu fikrindən daşındıra bilməyəcəyini anladıqdan sonra onun bu sənətə gəlməsinə icazə verib.

Uğurun mənbəyi…

Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən sənət vurğunu 1977-ci ildən etibarən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Beş il sonra Sumqayıt Dövlət Dram Teatrında, bir müddət sonra isə Tədris Teatrında çalışıb. 1987-ci ildə yenidən Akademik Milli Dram Teatrına qayıdır və sənət taleyini ömrünün sonunadək bu məkanla bağlayıb. Burda xarakterik rollar yaratmaqla yanaşı, Azərbaycan Televiziyasında istehsal olunan tamaşalarda maraqlı personajlarla sənətsevərlərin rəğbətini qazanıb. Kiçikplanlı rollar oynamasına baxmayaraq, özünəməxsus yaradıcılıq üslubuna görə böyük tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Teletamaşalarda yaratdığı narsatan oğlan (“Qatarda”), şair (“Evləri köndələn yar”), milis işçisi (“Yaşıl eynəkli adam”), nökər (“Mehmanxana sahibəsi”), Dəmirqaya (“Topal Teymur”) və başqa rollar aktyorun peşəkarlığını bir daha sübut edib, tamaşaların mövzu tamlığına, sevilməsinə əlavə zəmin yaradıb.

Xalq artisti, tanınmış televiziya rejissoru Ramiz Həsənoğlu aktyoru böyük hörmət hissi ilə xatırlayır: “Əsgəri ilk dəfə “Qatarda” televiziya tamaşasında çəkmişəm. Yaradıcılıq fantaziyası çox idi, çəkilişlərdən əvvəl müxtəlif təkliflər verirdi. Rolları epizod olsa da, ustad aktyor idi. Elə aktyorlar var ki, epizod rolu ilə daha çox yadda qalır, nəinki baş rolla. Teatr, kino sənətində belə ustad aktyorlarımız olub ki, onların yaradıcılığı həmişə sənətə uğur gətirib. Onlardan Sadıq Saleh, Qafar Həqqi, Abbas Rzayev və başqalarının adını çəkmək olar. Onlar böyük məktəb keçdiklərinə görə kiçik obrazları böyük rol kimi təqdim edirdilər. Əsgər də belə aktyorlardan idi. O, az danışır, çox dinləyirdi. Savadlı, sənətini sevən, məsuliyyətli insan idi. Sənətinə həmişə ciddi yanaşırdı. Buna görə də sevilirdi. Sənəti həmişə yüksək səviyyədə təqdim etdiyinə görə tamaşaçıların yaddaşında əbədi qalacaq”.

Kinoya keçid…

Teatr peşəkarlarının kinoya gəlməsi bilavasitə sənətin uğurudur. Yaradıcılıq üslubu fərqli olan Əsgər Məmmədoğlu “Mozalan” satirik kinojurnalında yaratdığı rolları ilə diqqət çəkməklə 20-dən artıq bədii filmdə çəkilib.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Rəqiblər” novellası və “Bəyin oğurlanması” filmindən savayı, “Alma almaya bənzər” lirik-macəra filmində doğum evində gözləyən adam, “Xoşbəxtlik qayğıları”nda Əlövsət, “Qərib cinlər diyarında” nağıl-filmində cin Əsra, “Şir evdən getdi” nağıl-filmində yanğınsöndürən, “Yol əhvalatı” kinokomediyasında aeroportdakı adam və başqa rolları aktyorun fərdi yozum və mizanları sayəsində maraqla izlənildi, sevildi.

Aktyorun kino yaradıcılığını uğurlu adlandıran Xalq artisti Xalidə Quliyeva həmkarının sənətə yanaşma tərzindən hörmətlə söz açır: “Əsgər Məmmədoğlu dünya kino arenasına çıxmağa potensialı olan aktyor idi. O həm istedadı, həm də fakturasına görə fərqli idi, seçilirdi. Heç vaxt onu kitabsız görməzdik. Çox mütaliə edərdi.

İlk dəfə onunla keçmiş “26-lar” Mədəniyyət sarayında tanış oldum. Orda fəaliyyət göstərən Xalq teatrına, böyük sənətkar Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dərnəyə gedirdik. Həmin dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəsli yetişib. O vaxt Mikayıl Mirzə, Rasim Balayev də bu dərnəyə gedirdilər. Onlar dost idilər. Əsgər çox intellektual insan idi. Dünya ədəbiyyatından məlumatlı idi. Çox vaxt dünya teatrından, ən yaxşı aktyorların oyun üslubundan danışırdı.

“Xoşbəxtlik qayğıları” filmində birlikdə çəkiləndə də rola uyğun yozum verməkdən çəkinmirdi. Çox mütaliə etdiyinə, çalışqanlığına görə obrazın mizanını düzgün müəyyənləşdirirdi. Rejissorlar onunla çox rahat işləyirdilər. Buna görə də filmlərinə məmnuniyyətlə dəvət edirdilər”.

Xalq sevgisi

Bəzən çətinliklər uğura yol açır. “Uçurumun kənarına çatmadan qanadlana bilməzsən” hikmətinin böyüklüyü də bu mənada zamanla təsdiqini tapır. Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanovun Əsgər Məmmədoğlu ilə bağlı xatirələri aktyorun yaradıcılıq səbrinin genişliyinə, sənət ehtiramına daha geniş işıq salır: “Əsgərlə oxşar cəhətlərimiz çox idi. O da atasını erkən yaşda itirmişdi, mən də. O da uşaqlıqdan əzabla böyüdü, mən də. Biz çox yaxın dost olmuşuq. Uşaqlıq illərimizin çətinlikləri bizi daha da yaxınlaşdırmışdı. Bakının məşhur “Kubinka” adlanan köhnə məhəlləsində yaşayırdıq. Orda hər istirahət günü böyük yarmarka olardı. İynə atsan yerə düşməzdi. Əsgərin anası yaxşı qutablar bişirərdi. O da gətirib satardı, mən isə orda sərin su satırdım. Bir müddət sonra dolana bilmədiyimizə görə anam məni 8 nömrəli uşaq internat məktəbinə verdi. Əsgər isə hərdən məktəbə gedir, hərdən də getmirdi. Mən hər istirahət günü onunla görüşmək üçün evimizə gəlirdim. Bir dəfə o, mənə “26-lar” Mədəniyyət sarayında Xalq teatrı var, gəl ora gedək” dedi. İkimiz də həmin teatrda ustad rejissor Lütfi Məmmədbəyovun kursuna getməyə başladıq. İlk dəfə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” tamaşasında rol aldıq. Beləcə, sənətdə ilk addımlarımızı atdıq.

1968-ci ildə ikimiz də İncəsənət İnstitutunun kinoaktyorluq kursuna daxil olduq. Eyni zamanda Musiqili Komediya Teatrında səhnə fəhləsi kimi işləməyə başladıq. Dərslərdə fasilə yaranan kimi teatra qaçıb dekorasiyaları qururduq. Bəzən daşıdığımız taxtalardan çıxan mıxlar kürəyimizə batırdı. Amma heç nəyə fikir vermirdik, yenidən instituta gəlir, sonra yenə iki tin məsafədə yerləşən teatra qaçıb tamaşanın növbəti pərdəsi başlayana kimi dekorasiyanı qururduq.

İnstitutda kurs rəhbərimiz professor, Əməkdar incəsənət xadimi Əşrəf Quliyev idi. Kurs işi üçün hazırlanan “Zorən təbib” tamaşasında Əsgərə baş, mənə isə nökər rolunu vermişdi. Əşrəf müəllim Akademik Dram Teatrında rejissor olduğu üçün imkan yaratdı ki, biz kurs işini bu teatrın səhnəsində oynayaq. Bu bizim Akademik Dram Teatrında ilk addımımız oldu. Tale elə gətirdi ki, Əsgər bu teatrda qalıb işlədi, mən isə Lənkəran teatrına getdim. Bir neçə ildən sonra Moskvada (təyinatla) Ali rejissorluq kursunu bitirib Sumqayıt teatrında baş rejissor kimi işləməyə başladım. Əsgər o qədər dostluğa sadiq idi ki, mənə görə teatrdan çıxıb Sumqayıt teatrına gəldi. Həmin illərdə o, artıq məhşurlaşmışdı. Mən onun üçün Soltanməcid Qənizadənin vodevilləri əsasında hazırladığım tamaşalarda rol verdim. Həmin tamaşalarla Azərbaycanın bütün rayonlarını gəzdik. Bir müddətdən sonra yolu uzaq olduğuna görə yenidən Akademik Dram Teatrına qayıtdı.

Bir dəfə “Şəhərdə manyak var” tamaşası üçün Əsgərə rol təklif etdim və əsərlə tanış olması üçün ona verdim. Ertəsi gün üzü turşumuş halda gəldi ki, mən bu tamaşada oynamayacam. Dedim niyə, rol xoşuna gəlmədi? Dedi xoşuma gəldi, amma rol mənlik deyil, mən epizod aktyoruyam, bu rolun mətni çoxdur, onu söyləməyə nəfəsim çatmaz. Mən heç nə demədim. Amma onun etirafı mənə xoş təsir bağışlamışdı. Çünki başqası olsaydı, bu roldan qətiyyən imtina etməzdi. O isə imkanlarını ölçüb-biçərək qərarını vermişdi.

Bir dəfə teatrdan çıxıb evə gedirdim. Birdən “Bəyin oğurlanması” filmindəki “Ələsgər! Nədi ey, Ələsgər, Ələsgər…” sözlərini eşitdim. Dönüb baxdım. Gördüm gənclər Ələsgəri gördüklərinə görə ona sevgilərini kino obrazını yamsılamaqla bildirirlər. Həmin obrazın səsini hətta telefona yerləşdirdiklərinin də dəfələrlə şahidi olmuşam. Xalq onu çox sevirdi.

Sonuncu birgə işimiz “Mərhumun mesajı” tamaşası oldu. Bir gün tamaşanın məşqinə gəlmədi. Zəng etdim ki, xəstələnmisən, niyə məşqə gəlməmisən? Dedi “xəstə deyiləm, dedim bəs hardasan? Dedi Salyandayam”. Sonra mənə dedilər ki, xəstəxanadadır, yaddaş pozğunluğu yarandığına görə sənə elə deyib. Biz kollektivlə onu görməyə getdik.

Ölümünə bir neçə gün qalmış Akademik Dram Teatrına qardaşı ilə gəlmişdi. Biz məşq edirdik. Onun rolunu Əməkdar artist Mirzə Ağabəyliyə vermişdim. Onu görüb məşqi dayandırdıq, hamı ətrafına yığıldı. Səhnəyə kədərlə, həsrətlə baxırdı. Dedim narahat olma, Mirzə səni əvəz edir. Qayıdanda özün öz rolunu oynayacaqsan. O gülümsədi, heç nə demədi, həvəssiz addımlarla getdi. Həmkarlarımızdan biri ona “Ələsgər, kollektivə nəsə sözün varmı? Bizə nə demək istəyərdin?”, deyəndə dönüb xeyli baxdı, hamımız kövrəlmişdik. O, sağollaşırmış kimi əlini qaldırıb “çalışın, xəstələnməyin” dedi və iti addımlarla getdi. Biz çox pis olmuşduq. Həmin gün məşqi təxirə saldıq…”.

Əsgər Məmmədoğlu 2015-ci il dekabrın 21-də dünyasını dəyişdi…

Şəhla ƏMİRLİ
kinoşünas

 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.