Sizinxeber.az – Azərbaycan Xəbərləri

70 yaşlı Oruc Qurbanov: “Bir tabut boyda yer var, orada yatacaqsan”

70 yaşlı Oruc Qurbanov: “Bir tabut boyda yer var, orada yatacaqsan”
15 dəfə Baxılıb
24 İyul 2019 - 16:35

Tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanovun yubileyidir.

Bu gün 70 yaşı tamam olan Oruc Qurbanovla söhbətim məndə kövrək xatirələr oyatdı. Uzun illər Azərbaycanın ən müxtəlif teatr səhnələrində maraqlı tamaşalara quruluş verən sənətkar, yubiley günündə yaman kövrək, küskün olmuşdu. Təbrikimi eşidən kimi, “Bu gün məni ilk və yeganə təbrik edən adam siz oldunuz” dedi.

70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan

– Oruc müəllim, hələ heç kim doğum gününüz, yubileyinizlə bağlı sizi təbrik etməyib?

– Yox. Elə sizi eşidib şad oldum.

– Teatrda mövsüm bağlanıb. Yəqin evdəsiniz?

– Hə, evdəyəm. Düzü bu gün heç yerə çıxmaq istəmədim. Heç teatra da getmədim. Həvəssizəm. Bu qədər əziyyət çəkmişəm, bu qədər işlər görmüşəm. Amma sizdən başqa heç kim zəng edib, yubileyimi təbrik etmədi.

– Darıxmayın. İnşallah, gün ərzində zəng edənlər olacaq. Mütləq təbrik edəcəklər. Lənkərandasınız?

– Bəli, Lənkərandayam. İki ildir buradayam. Mədəniyyət Nazirliyi ilə müqavilə bağlamışam və Lənkəran Dövlət Dram Teatrında baş rejissor kimi çalılşıram.

– Həyatınız, yaşayış şəraitiniz necədir? Mühit necə təsir bağışlayır? Sizi qane edir?

-Şükür Allaha, çalışıram. Burada tək yaşayıram. Ailəm Bakıda qalıb. Hərdən yanıma gəlirlər. Amma belə çətin olur. Onlar Bakıda, mən isə Lənkəranda.

– Niyə ailənizi yanınıza gətirmirsiniz? Şərait yoxdur?

– Bilirsiniz, ailənin özünün qurulu düzəni var. Nəvəm Bakıda bağçaya gedir. O biri nəvəm körpədir. Yəni mümkün deyil. Bura gələ bilmirlər. Həyat yoldaşım hər həftə gəlib, gedir. Yeməyimi bişirir, təmizlik məsələləri ilə məşğul olur. Amma yenə də çətindir. Qohumlar da gəlib, gedirlər. Buna da şükür.

– Yubileyinizi necə qeyd etməyi düşünürsünüz?

– Heç necə. Avqustun 3-də nəvəmin ad günüdür. Hamımız birlikdə yığılıb, onu qeyd edəcəyik. Baba, nəvə və qızım. Bu yaxınlarda qızımın xeyir işi olacaq. Üç hadisəni birlikdə keçirəcəyik.

– 70 illik yubileyinizlə bağlı hansı əsərə quruluş vermək istəyirsiniz? Yoxsa belə bir planınız da yoxdur?

– Planım var. Bunu da ilk olaraq sizə açıqlayıram. İnşallah, bu yaxınlarda Bakı Bələdiyyə Teatrında Sofoklun “Antiqona” əsərinə quruluş verəcəm. Artıq teatrdan dəvət almışam.

70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan

 Dəvəti kimdən almısınız? Aynur xanımdan?

– Amaliya xanımın qızı Bakı Bələdiyyə Teatrına rəhbərlik edir. Amma məni teatrın kollektivi dəvət edib. Əvvəl, Cəfər Cabbarlının “Aydın” əsərini hazırlamaq istəyirdim. Sonradan bir neçə teatrda bu əsərə müraciət edildiyini eşitdim, ona görə Sofoklun “Antiqona” sına qərar verdim. Mən, Sofoklun “Elektra” əsərinə də quruluş vermişəm.

– Oruc müəllim, tamaşanın uğurlu səhnə taleyinin olacağına inanırsınız?

– Bəli. Sizi inandırım ki, bu dəqiqə Azərbaycanda iki güclü teatr truppası varsa, onun biri Bakı Bələdiyyə Teatrının truppasıdır. Sanballı truppadır. Çoxlarının heç o teatrdan, oranın aktyor truppasından xəbəri yoxdur. Bilirsiniz, rəhmətlik Ədil İsgəndərovun vaxtında Azdrama yığma komanda idi. Ədil İsgəndərov harada nə qədər yaxşı aktyor varsa Azdramaya gətirirdi. Əyalət teatrlarında çalışıb, “bişən” aktyorlar sonradan böyük teatra gəlirdilər. Heyif ki, sonralar bu ənənə pozuldu. Əyalət Teatrında ən güclü əsərə quruluş ver, lap min dəfə “Hamlet” oyna. Salyandan o yana heç kimin xəbəri olmur.

– İki ildir Lənkəran Teatrındasınız. İki ildə hansı tamaşalara quruluş vermisiniz?

– Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”, Ağəddin Babayevin “Şəhid şəhər”, sonra mənim tamaşam var idi. Əziz Nesinin “Öldür məni, əzizim” əsəri əsasında “Şəhərdə manyak var” adlı komediya hazırlamışdım. Həmin komediyanı 5 aktyorun ifasında, yeni variantda “Manyak” adı ilə burada tamaşaya qoymuşam. Mar Bayciyevin “Şənbə axşamı” əsərinə də quruluş vermişəm.

– Qabil Quliyevin yubileyi şərəfinə hazırlanan tamaşanı deyirsiniz?

– Bəli. Tamaşanı Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi şərəfinə hazırladıq.

70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan

– Oruc müəllim, əyalətdə çalışmaq maraqlıdır?

– Maraqsız işləsən onda gərək dəftər-kitabı yığışdırıb köçəsən. Ona görə də əhvalımı həmişə formada saxlamağa məcburam. Başqa yolum yoxdur. Çox çətindir.

– Müqavilənin müddəti başa çatdıqdan sonra Bakıya qayıdacaqsınız?

– Hələ bilmirəm. Bəlkə yenidən burada saxladılar. Mədəniyyət Nazirliyinin əsgəriyəm. Hara göndərirlər, orada da işləyirəm. Amma çox istəyirəm ki, yenidən qayıdıb “Dirilən adam”ı bir də hazırlayım.

– Akademik Dram Teatrında?

– Yox, Bələdiyyə Teatrında. “Diriliən adam” tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülmüşəm. Bundan əlavə əlimdə yaxşı bir iş var. İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında tamaşa hazırlamaq istəyirəm. Elçin müəllimlə birlikdə səhnə variantını işləmişik. Uzun illərdir ki, bu əsəri tamaşaya qoymaq arzumu həyata keçirmək istəyirəm.

70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan

– Yəqin bunu Akademik Milli Dram Teatrı üçün fikirləşmisiniz?

– Bu dəfə doğru tapdınız. Azdramada hazırlamaq istəyirəm. Çünki bu tamaşa üçün böyük truppası olan teatr lazımdır. Kütləvi səhnələr, işıq effektləri lazımdır. Azdramanın səhnəsində əla alınar. “Geriyə baxma, qoca” da Azərbaycanın 4 hakimiyyətinin vaxtında baş verən hadisələrdən bəhs olunur. Nikolay dövrü, Demokratik Azərbaycan, sonra Qarabağ hadisələri, qaçqın həyatı. Bir sözlə böyük epopeyadır. Çox maraqlı olmalıdır. Görək də. Allah qismət eləsin.

– Oruc müəllim, 70 yaşlı sənətkarın arzularını bildik. Bəs insan kimi 70 yaşlı Oruc Qurbanovun ürəyindən hansı hisslər keçir?

– Vallah, utanıram deməyə. Əlimə iki-üç dəfə imkan keçsə də heç kimə deməmişəm. Məsələ burasındadır ki, mənim ev problemim var. Bakıda 13,5 kv. ərazisi olan evdə 5 nəfər yaşayırıq. Elə darısqal evdə yaradıcılıqla məşğul olmaq olar? Ona görə də mən Lənkərana gəldim ki, heç olmasa evdə bir yataq yeri azalsın.

– Sizi gözəl başa düşürəm. Son dövrlər Prezidentimiz sənət adamlarına mənzil hədiyyə edir. İnşallah, sizə də verilər.

– İnşallah, nə bilim vallah. Özümə görə ağız aça bilmirəm. Amma tələbələrim, dostlarım üçün hamıya ağız açıram. Özümə gələndə utanıram. Mənlik, qürur imkan vermir. Amma lazımdır. Uşaqlar böyüyür, ailənin qayğıları çoxdur. Sovet hökumətinin dövründə belə bir şüar var idi. Mayakovskinin sözləriydi. “Hər bir sənət yaxşıdır. Hansını istəsən seç”. Mən də həmin şüarı eşidib, teatrı seçdim. Nə biləydim ki, həmin şüarı səsləndirənlərin özləri övladlarını daha imkanlı yerlərdə təhsil almağa yönəldirlər. Mən internatda böyüyən yetim uşaq olmuşam. Bu sənətə bağlandım…

– Deyəsən, peşman olmusunuz?

– Yox, peşman deyilən. Həyata yenidən gəlsəydim, yenə də rejissorluğu seçərdim. Desəydilər ki, bir tabut boyda yer var, orada yatacaqsan. Yenə də razı olardım və bu sənəti seçərdim. Mən sənətimi çox sevirəm. Kaş ki, maneçilik edənlər olmaya.

Ülviyyə Həsənqızı

70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan
70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan
70 yaşlı Oruc Qurbanov: Bir tabut boyda yer var, orada yatacaqsan

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]