Sizin Reklamınız Burada ola bilər!
featured

Brüssel görüşündə Azərbaycan nə qazandı? – Politoloqdan AÇIQLAMA

Dünən Şarl Mişelin vasitəçiliyi ilə baş tutan sayca dördüncü Brüssel görüşündə Prezident İlham Əliyev konkret nəticələr əldə etdi. Bu dəfə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində çalışılması üçün işçi qrupunun yaradılmasına qərar verdilər.

Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilmiş görüşlər birbaşa nəticəyə yönəlir:

“Avropa İttifaqı və Rusiya arasında Cənubi Qafqazda sülh və qarşılıqlı etimad quruculuğu istiqamətində ardıcıl addımlar atılır. Brüssel görüşü də mühüm nəticələrlə yadda qaldı. Ermənistan tərəfi bu nəticələrdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışsa da, Azərbaycanın siyasi iradəsi, prinsipial mövqeyi sülh istiqamətində addımları daha da mətin atmağa məcbur edir. Şarl Mişel artıq regionun problematikasına yaxından bələddir və sülhə mühüm təşəbbüsləri ilə yadda qalır”.

Ekspert bildirib ki, sonuncu Brüssel görüşü sülh müqaviləsinin imzalanmasıyla bağlı fikirlərin aktuallığı ilə seçilir:

“Avropa İttifaqı öz siyasi gündəliyini formalaşdırmağa çalışır. Bu həm humanitar problemləri, həm sülh müqaviləsini, həm də sərhədlərin müəyyənləşməsiylə bağlı məsələni əhatə edir. Eyni zamanda sülh müqaviləsinin mətni üzərində iş aparılmasıyla bağlı da mühüm tövsiyələr Şarl Mişelin bəyanatında yer alır.

Məlumdur ki, görüşdə həm də xarici işlər nazirləri iştirak edirdilər. Buna qədər də Ceyhun Bayramov və Ararat Mirzoyan arasında bir sıra təmaslar keçirilib. Bundan sonra da XİN rəsmilərinin görüşünün genişlənəcəyini müşahidə edə bilərik. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanmasıyla bağlı beş maddəlik təklif irəli sürüb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu təklifləri qəbul etdiyini açıq şəkildə bəyan edib. İndi isə bu təkliflər üzərində işi daha da genişləndirmək tələb olunur.

Şarl Mişelin bəyanatında qeyd olunur ki, növbəti görüş noyabrda keçiriləcək və noyabra qədər həm XİN rəhbərləri, həm də baş nazirlərin müavinləri səviyyəsində müxtəlif görüşlərin şahidi ola bilərik. Bütün görüşlər həm iqtisadi-nəqliyyat əlaqələrinin bərpa olunmasını, həm də delimitasiya və sülh müqaviləsinin imzalanması prosesini əhatə edəcək”.

Həmsöhbətimiz hesab edir ki, regional sülhü bərqərar etmək və təhlükəsizlik arxitekturası baxımından xalqların sülhə hazırlanması çox önəmlidir:

“Düşünürəm ki, sülhün və təhlükəsizliyin qorunmasına bu gün böyük ehtiyac var. Bu baxımdan məhz nəticələr üzərindən hərəkətə gəlmək və addımlar atmaq önəmlidir. Ermənistanın daxilində ictimai-siyasi vəziyyəti mənfi məcraya yönəltmək istəyən qüvvələrin fəallaşdığı fonda rəsmi İrəvan regionun gələcəyinə və xalqların rifahına hesablanmış addımlar atmalıdır. Bu isə yalnız sülh müqaviləsindən keçir. Azərbaycanın milli maraqları ilə Brüssel sülh gündəliyinin uyğunluğu xüsusilə vurğulanmalıdır. Yalnız Ermənistanın bu məsələlərə şəffaflıqla yanaşmasına böyük ehtiyac var. Çünki ikili oynamaq regional sülhə zərbə vurur”.

Sayad Həsənli

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Brüssel görüşündə Azərbaycan nə qazandı? – Politoloqdan AÇIQLAMA

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica