Sizin Reklamınız Burada ola bilər!
Baydenin “İranı azad edəcəyik” çağırışı və dəyişiklik istəyən iranlılar - ŞƏRH + FOTO
Baydenin “İranı azad edəcəyik” çağırışı və dəyişiklik istəyən iranlılar - ŞƏRH + FOTO

Baydenin “İranı azad edəcəyik” çağırışı və dəyişiklik istəyən iranlılar – ŞƏRH + FOTO

İranda etiraz aksiyaları 50 gündür davam edir. Sentyabrın 17-dən noyabrın 3-dək keçirilən yürüşlərdə 47-si uşaq olmaqla 298 etirazçı hakimiyyətin hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilib. 14 mindən çox aksiyaçı həbs edilib və saxlanılıb. Ümumiyyətlə, İraqla müharibədə atəşkəs elan olunandan, sovetlər dağılandan sonra İranda çoxsaylı etiraz aksiyaları keçirilib. 1998-ci ildən indiyədək siyasi, milli, sosialyönümlü aksiyaların sayının artması həm də Tehran hakimiyyətinin islahat aparmaqda maraqlı görünməməsi ilə bağlıdır. Rejim uzun illərdir yığılan çoxsaylı problemləri həll etməkdənsə, bu istiqamətdə çıxış edənləri repressiyaya məruz qoyur. Əslində, İran məsələsi ötən yüz ildə bir neçə dəfə gündəlikdə olub. Ancaq son anda dünyanın aparıcı gücləri ortaq məxrəcə gələrək bu ölkəni və onu idarə edən rejimi qorumaqla bağlı razılığa gəliblər. İkinci Dünya müharibəsi zamanı, 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək ABŞ Prezidenti Franklin Ruzvelt, SSRİ-nin lideri İosif Stalin və Böyük Britaniya hökumətinin başçısı Uinston Çörçill Tehranda konfrans keçirib. Görüşdə “İran haqqında Bəyannamə”də tərəflər bu dövlətin ərazi bütövlüyünün qorunub saxlanması məsələsində razılığa gəliblər. Bununla da İranda faşistlərlə əlaqəsi olduğu üçün hakimiyyətdən uzaqlaşdırılan Rza Pəhləvinin yerinə gətirilən Məhəmmədrza Pəhləvi rahat nəfəs almağa başlayır. Ancaq çox çəkmir ki, 1945-ci il dekabrın 12-də İranda Azərbaycan Milli Hökuməti qurulur. Bu quruluşu da Tehran dünya gücləri – ABŞ, Böyük Britaniya və SSRİ-nin yardımı ilə qan içində boğur. O zaman Güney Azərbaycanda yenə proseslərə ikili yanaşma var idi. Sovet İttifaqı Güney Azərbaycandakı azadlıq ideallarını və milli prosesi öz təsiri altında saxlamaq istəyirdi. Böyük Britaniya və ABŞ bu hadisələrə milli azadlıq hərəkatından daha çox sovetlərin İrana ərazi, iqtisadi və ideoloji ekspansiyası kimi baxırdılar. Bu iki ziddiyyət nəticəsində İranın demokratikləşməsi və ya federativləşməsi kimi mütərəqqi prosesin qarşısı alındı. Bu həm də ABŞ başda olmaqla dünyanın aparıcı güclərinin müasir dövrdə yanaşmalarında ilk səhvi sayıla bilər. Yeri gəlmişkən, İranda ikinci ən möhtəşəm hərəkat 1951-ci ildə baş verib. Həmin il aprelin 28-də Məhəmməd Müsəddiq hakimiyyətə gəlib. 1950-ci ildə amerikalılar Səudiyyə Ərəbistanına güzəştə gedərək neftdən gələn vəsaitin yarı bölünməsinə razılıq veriblər. Bu, İranda neft sənayesinin kütləvi şəkildə milliləşdirilməsi hərəkatına təkan verib. Bu hərəkata Xalq Cəbhəsi Partiyası, ona isə keçmiş maliyyə naziri Məhəmməd Müsəddiq rəhbərlik edib. 1951-ci ildə Müsəddiqin Xalq Cəbhəsi Partiyası parlamentə keçib. Parlament “Anglo-Iranian Oil Company” şirkətinin milliləşdirilməsinə dair qanun qəbul edib. Hərbi vəziyyət elan edilsə də, Tehranda kütləvi aksiyalar səngiməyib. Nəhayət, hökumət istefa verir, Qacarlar sülaləsinin nümayəndəsi, Fətəli şahın kötücəsi, şahzadə Abbas Mirzənin nəvəsi Məhəmməd Müsəddiq baş nazir olub. O, vaxtilə Rza Pəhləvinin də şah taxt-tacında oturmasına etiraz etmişdi. Onun oğlu Məhəmmədrza şahı da despot sayırdı. O, İranın demokratikləşməsi, neftin milliləşdirilməsi, diktaturanın devrilməsi istiqamətində fəaliyyət göstərib. 1953-cü ildə ABŞ və Böyük Britaniya onun hökumətinin devrilməsinə rəhbərlik edib. Başqa sözlə, Böyük Britaniya və ABŞ demokratik seçkilərlə iqtidara gələn, xalqın istəyi ilə nefti milliləşdirən, həyata keçirmək istədiyi islahatlarla demokratiyanın qarşısını açmağa çalışan Müsəddiq hökumətini devirdilər. “Ayaks” adı altında keçirilən əməliyyatın MKİ-nin sənədlərində “İranın kommunizm təhlükəsindən xilas edilməsi” kimi qeyd olunduğu bildirilib. Məhəmməd Müsəddiq hökuməti İranın müasir tarixində islahatların keçirilməsinə ilk cəhd etdi. ABŞ Prezidenti 1953-cü il hadisəsinə görə bir müddət sonra İran xalqından üzr də istəyib. Bu, İranla bağlı ABŞ başda olmaqla Qərbin ikinci böyük səhvi idi. Bu arada İranda Xomeyninin hakimiyyətə gətirilməsində də Qərbin rolu danılmazıdır… Deməli, İraqla müharibədən sonra İranda ən böyük etiraz aksiyası 2006-cı ilin mayında keçirilib. Onda Güney Azərbaycan türkləri “İran” adlı qəzetin yazdığı məqalə ilə milli heysiyyətlərinin təhqir olunmasına etiraz ediblər. Bu, Azərbaycan türklərinin milli haqlarının tələbi ilə bağlı son illərin ən böyük aksiyası da sayılır. Onda 200-ə yaxın aksiya iştirakçısının Tehranın hərbi-polis qüvvələri tərəfindən öldürüldüyü (itkin düşdüyü) və 5 mindən çox etirazçının saxlanıldığı, həbs edildiyi barədə məlumat yayılmışdı. Bu, İranda milli məsələ ilə bağlı ən böyük dinc etiraz aksiyası idi və onda Qərb buna da dəstək vermədi. Üç il sonra, 2009-cu ilin yazında İranda keçirilən prezident seçkisində Yaşıllar Hərəkatı adlı islahatçı cərəyan meydana çıxdı. Bu hərəkatın liderləri, keçmiş Baş nazir Mirhüseyn Müsəvi və parlamentin keçmiş sədri Mehdi Kərrubi idilər. Aksiya iştirakçıları seçkidə saxtakarlıq edildiyini və Prezident Mahmud Əhmədinejatın istefasını tələb edirdilər. O zaman aksiyaçılar ayətullah Xomeyni və ayətullah Xameneinin posterlərini yandırır, “Diktatora ölüm!”, “Azadlıq, Ədalət!” və s. şüarlar səsləndirirdilər. Bu hərəkat da beynəlxalq aləm tərəfindən dəstək almadığı üçün İran hakimiyyəti tərəfindən boğuldu. Minlərlə insan ölkəni tərk etməyə məcbur oldu, təzyiqlərə məruz qaldı, qətlə yetirildi… Yaşıllar Hərəkatına siyasi-mənəvi dəstək verməməsi, yaxud yetərli olmaması Qərbin region və İranla bağlı yürütdüyü yanlış siyasətin nəticəsi idi. İkinci Dünya müharibəsindən sonra yeni dövlətlər yarandı. Dünyanın siyasi xəritələri dəyişdi, ancaq İranda diktaturanı diktatura əvəzlədi. Bu gün İran cəmiyyəti yenidən ayaqdadır. Aksiya iştirakçıları “Diktatora ölüm!”, “Qadın, azadlıq, ədalət!”, “Azadlıq, ədalət, milli hökumət!” kimi şüarlar söyləyirlər. Bir sıra ölkələr İranda keçirilən aksiyaları dəstəklədiklərini bildirirlər. Ötən gün ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada çıxış zamanı İrandakı etiraz aksiyalarını dəstəkləyənlərə xitabən deyib: “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”. O, İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlərdən danışmayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib. Bəs ABŞ İranda keçirilən aksiyanı axıradək dəstəkləyə bilərmi? Qeyd edək ki, aksiyalar gündən-günə genişlənir. İranda etiraz aksiyalarının bir ənənəsi də var. Yürüşlərdə qətlə yetirilənlərin 40 mərasimi keçirilir. Başqa tədbirlərlə yanaşı, bu mərasimin də keçirilməsi hərəkata yeni təkan verir. Ehtimal etmək olar ki, ABŞ və müttəfiqlərinin bəhs etdiyimiz dinc aksiyaları indiki şəraitdə dəstəkləməsi üçün münasib şərait və vaxt yetişib. Bunun üçün başlıca amilləri aşağıdakı kimi sıralamaq olar: – Hakimiyyətin tətbiq etdiyi hicab qaydasına etiraz həm də cəmiyyətin Tehran hakimiyyətinin qaydalarına qarşı çıxmasıdır. Bu baxımdan cəmiyyət mürtəce üsulla idarəetməyə qarşı çıxır. Başqa sözlə, əvvəlki kimi yaşayıb rejimə tabe olmaq istəmir; – Tehran hakimiyyəti ölkəni əvvəlki üsulla idarə etməkdə çətinlik çəkir; – Cəmiyyətlə hakimiyyət arasında uçurum dərinləşib. İranın rəhbərliyinə, rejimin cəmiyyətə örnək olaraq təqdim etdiyi şəxslərə və ideyalarına etirazlar artır. Xomeyni, Xamenei, general Qasım Süleymani kimi şəxslərin posterlərinin, heykəllərinin sındırılması bundan xəbər verir. Bütlərin sındırılması; – Cəmiyyətin hakimiyyətə etibarının azalması; – Vətəndaşın təhlükəsizliyinə təminat yoxdur. Şahçıraqda baş verən hadisə İranın vətəndaşların təhlükəsizliyini təmin edə bilməyəcəyini göstərir. Konstitusiyaya əsasən, vətəndaşın sərbəst toplaşmaq haqqı olsa da, aksiya iştirakçılarına qarşı odlu silahdan atəş açılması da bunu təsdiqləyir; – Qonşu dövlətlərlə münasibətlərin gərgin olması; – Müttəfiqləri Rusiya və Çinin ötən illərlə müqayisədə İranı zəif dəstəkləməsi; – İranın ABŞ-ın müttəfiqlərinin əhatəsində olması; – İran hakimiyyətinin beynəlxalq aləmdən özünütəcridi seçməsi; – Sanksiyalar səbəbindən ölkə iqtisadiyyatının böhrana yuvarlanması; – Hakimiyyətin aksiya iştirakçıları ilə danışığa getməməsi vəziyyəti daha da ağırlaşdırır. Bu isə hakimiyyətə qarşı yeni müxalifətin formalaşmasına şərait yaradır. Ona görə də yeni qüvvənin meydana çıxması; – Proseslərin hakimiyyətə alternativin yaranmasına şərait yaratması və s. Bu və başqa səbəblər İranda dəyişikliyin baş verməsinə təkanverici amil sayıla bilər. Odur ki, ABŞ və müttəfiqlərinin son 77 ildə 5-ci səhvi etməyəcəyinə ümid artır… “Report” İnformasiya Agentliyi

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Baydenin “İranı azad edəcəyik” çağırışı və dəyişiklik istəyən iranlılar – ŞƏRH + FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica