Sizin Reklamınız Burada ola bilər!
featured

`Azərbaycanda film çəkmək istəyirəm` – Qabriel Qarsiya Markesin oğlu: “Buna görə sizdən utanıram” +VİDEO

“Mən kimin ən yaxşı yazar olduğunu bilmirəm. Ən yaxşı yazar yoxdur”

“Azərbaycan gənclərinə demək istəyirəm ki…”

Rodriqo Qarsia Barcha – Kolumbiyalı məşhur kino və televiziya rejissoru, ssenarist və kinematoqraf. O, çəkdiyi film və televiziya serialları ilə dünyada şöhrət qazanıb. Qeyd edək ki, Rodriqo Qarsia Barcha XX əsrin ən böyük yazıçılarından biri, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin oğludur.

Rodriqo Qarsia Barcha HafizTimes.com-a eksklüziv müsahibə verib. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Qabriel Qarsia Markesin oğlu Rodriqo ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini də ifadə edib.

(Qabriel Qarsia Markes ailəsi ilə birlikdə)

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?

– Əlbəttə ki, sevindim və qürur duydum. Çox şadam ki, siz mənim və atamın işləri ilə maraqlanırsınız. Əlbəttə ki, Azərbaycan haqqında çox məlumatlı olmadığım üçün utanıram. Heç vaxt Azərbaycanda olmamışam. Ümid edirəm ki, bir gün Azərbaycanı ziyarət edəcəyəm. Və sizə təşəkkür edirəm.

– Necə oldu ki, məhz film dünyasına daxil olmağa qərar verdiniz? Filmlə bağlı  ilk unudulmaz xatirəniz nədir?

– Uşaq vaxtı mən də filmləri sevirdim. Amma böyük bir film həvəskarı deyildim. Və məncə, baxdığım ilk filmlərdən biri “The Brothers Grimm”dir. Hesab edəm ki, “Meri Poppins” bu günə qədər ən sevimli qadın obrazıdır.

Filmlə bağlı mənim unudulmaz xatirlərim həddindən çoxdur. Bir film həvəskarı, tamaşaçı, operator, rejissor kimi xatirələrim var. Əlbəttə ki, dəfələrlə izlədiyim filmlər də var, sadəcə birinin adını çəkmək kifayətdir: “Tatyananın qardaşları”. Həmişə baxmaq üçün qayıtdığım bir filmdir.

– Covid-19 pandemiyası qlobal kino sənayesinə də təsir etdi. Pandemiyadan sonra kino sənayesi hansı çətinliklər və ya fürsətlərlə qarşılaşıb?

– Film çəkmək, kinoteatrlarda filmlərə çağırış, xidmətlərin qiymətinin artması və pandemiyaya görə insanların kinoteatrlardan uzaq düşməsi və s. kimi çətinliklər mövcuddur. Düşünürəm ki, insanların teatrlara yenidən qayıtması üçün böyük problemlər var. Xüsusən də, sənətlə bağlı filmləri və ya oktyabr filmləri ilə bağlı narahatlıq mövcuddur. Çünki, daha çox yaşlı insanlar (50 yaş və yuxarı) belə filmlərə baxmağa gedirdilər.

– Sizi motivasiya edən nədir?

– Bu hekayə davam edir, heç bir pandemiya yoxdur, axın yoxdur, onu bitirəcək heç bir dəyişiklik də mövcud deyil. Bilirsiniz ki, biz dəfələrlə demişik ki, film radionu öldürəcək, amma radio podkast şəklində hələ də mövcuddur. Sonra da deyirdik ki, hər şey teatrı öldürəcək, amma teatr hələ də yaşayır. Sonra televiziyanın filmi öldürəcəyini dedik. Amma filmi öldürmədi. Və hamını öldürəcək olan internet də öldürüldü…

–  Kino karyeranızda indiyə qədər ən böyük uğurunuz nə olub?

– Bu mənim öz işimdir. Onunla aramda qarışıq bir münasibət var. Amma fəxr edirəm ki, çoxlu filmlər çəkə bilmişəm. Filmlərim əsasən müsbət qarşılanıb. Amma heç vaxt kassada yüksək uğurlar olmayıb, yenə də mən öz işimə davam edirəm. Fəxr edirəm ki, böyük aktyorlar mənimlə çalışmaq istəyirlər. Bəlkə də bu ssenarilərimə görədir. Bu mənim karyerama da zəmanət verir.

– Filmləriniz üçün ulduz heyətini necə seçirsiniz?

– Təbii ki, siz yazarkən sərhədiniz fantaziyanızdır. Mən həmişə düşünürəm ki, bu insan kim ola bilər? Və dərindən düşünürəm. Xoşbəxtlikdən, bəzi böyük aktyorlarla işləmək fürsətim oldu. Və tez-tez onlar üçün yazıram və ya onları düşünərək yazıram. Mən “onlar olmazsa film çəkilməz” deyilən şəxslər üçün ssenari yazmıram. Bunu edə bilmərəm. Mən insanları düşünərək yazıram. Və sonra ən yaxşı şeyi ümid edirəm. Bəxtim gətirib ki, böyük aktyorlarla da çalışmışam və bir neçə məşhur aktyor da məndən imtina edib.

– Yeni layihələriniz barədə bilmək istəyirik. Hansı film üzərində çalışırsınız?

– Yeni “Raymond and Ray” adlı bir filmim var. Mən yazmışam. Produserliyini isə hər zamankı kimi Julie Lynn, Bonnie Curtis, Alfonso Cuaron edir. Film “Apple” üçün çəkilib. Ulduzlar isə Ewan McGregor,  Ethan Hawke, Sophie Okonedo, Maribel Verdudur. Oktyabr ayında nümayiş olunacaq.

– Aktyor peşəkar olmayanda nə edirsiniz?

– Bununla bağlı çox şanslıyam. Demək olar ki, heç vaxt pis təcrübəm olmayıb. Mən onlara hər şeyi lap əvvəldən, açıq-aydın deyirəm. Bir aktyor yalnız çox məşhurdusa mən onunla işləməyəcəm. Başqa aktyor tapacağam, digər şeylər məni maraqlandırmır. Əgər qeyri-peşəkar aktyorla çalışmaq istəmirsənsə sadəcə əvvəldən başqa aktyor tapmalısan.

– Rejissorluq edəcəyiniz ssenarini necə seçirsiniz?

– Yoxdan bir hekayə uydurmaq həmişə böyük həzz mənbəyidir. Ona görə də bu mənim üçün hər zaman prioritetdir. Amma özüm yazmadığım bir neçə ssenariyə də rəhbərlik etmişəm. Adətən bu, personajların şəxsiyyətlərarası münaqişələri ilə bağlıdır. Personajların özlərinə yaxın insanlarla mürəkkəb münasibətləri olur.

– Sizcə bəzi filmlərdəki lazımsız vulqar səhnələr, təhqirlər cəmiyyətə necə təsir edir?

– Bunu demək çətindir. Məncə, açıq-aşkar zorakılıq səhnələri yaxşı deyil. Ancaq digər tərəfdən şiddətin də əks olunduğu əyləncəli və zövqlü filmlər də var. Məsələn, Tarantino filmlərində də şiddət yer alıb. Məncə, o qədər şişirdilmiş zorakılıq səhnələri həmişə tənqid oluna bilər. Əslində bu suala cavab verməkdə çətinlik çəkirəm, həm də cavabım yoxdur.

Düşünürəm ki, zorakılıq dünyamızın böyük bir hissəsidir və buna nəzarət olunmalıdır. Ümid edirəm ki, həmin filmlər bizə bir şey öyrədə biləcək şəkildə çəkilir. Əyləncə də sadəcə saflıqdan ibarət olmaz. Xüsusən də real həyatda qəddarlıq və vəhşilik də əyləncənin tərkibinə daxil olub.

– Sizcə, bütün zamanların ən yaxşı yazıçısı kimdir? Kiminlə işləmək istərdiniz və niyə?

– Mən kimin ən yaxşı yazar olduğunu bilmirəm. Ən yaxşı yazıçı yoxdur. Əlbəttə ki, yazarlar çoxdur. Dünən bir filmə baxdım və Jean-Claude Carriere aktyor kimi filmdə idi. Amma bu, mənə xatırlatdı ki, o, indiyə qədər tanıdığımız ən böyük ssenaristlərdən biridir. Ayrılıqdan bəhs edən İran filmi idi.

– Kiminlə işləmək istərdiniz?

– İşləmək istədiyim çox insan var. Xüsusən də, heyran olduğum aktyorlarla çalışmaq daha gözəl olar. Bu suala dəqiq cavab vermək çətindir. Məsələn, Jared Leto, Entoni Hopkins, Meryl Streep.

– Filmini çəkmək istədiyiniz kitab hansıdır?

– Bir neçə dəfə bunu etməyə çalışdım. Hesab edirəm ki, bu çox çətindir.  Ümumiyyətlə, mən öz orijinal ssenarilərimi yazmağı üstün tuturam.

– Film çəkmək istədiyiniz üç ölkə?

– Mən haqqında çox az bildiyim ölkələrdə filmlər çəkmək istərdim. Məsələn, Azərbaycan, Monqolustan, Afrika (Saharaaltı). Oralarda da film çəkmək istərdim.

– Dəyəri bilinməyən üç film adı çəkin.

– Bunu demək bir az çətindir, çünki ağlınıza gələn hər şeyin izləyicisi var. Amma ən çox sevdiyim filmlərdən biri komediya təyyarələri, qatarlar və avtomobillərlə bağlıdır. Nicholas Rogues “Don’t look now”.  Məncə, sevilən bir filmdir, amma daha az dəyər görüb. Hələlik düşünə biləcəyim yeganə filmdir.

– Əgər keçmişə qayıdıb 18 yaşlı mənliyinizlə danışa bilsəydiniz, ona ssenari yazmağı öyrənmək üçün nə məsləhət görərdiniz?

– Mən ssenari yazmağa tez başlamadım. 30 yaşıma qədər ssenari yazmamışdım. Kaş 18 yaşımda başlasaydım.

– Bəs kinematoqrafiya sahəsində aşdığınız ən böyük maneə nə olub? Uğurlarınızı nəyə və yaxud kimə borclusunuz?

– Ən böyük maneə narahatlıq, əsəbilik, uğursuzluq qorxusu, etibarsızlıq və s. Uğurumu nəyə borcluyam? Öz narahatlığımı, təşviş və həyəcanımı gizlədə bilirəm. Bir rejissor kimi hərəkət edirəm. Bu da müəyyən uğurlara səbəb olur. Düşünürəm ki, yaxşı aktyorları cəlb edə bilmək üçün gözəl ssenarilər yazmaq mənim üçün çox vacib idi.

– Necə oldu ki, televiziya serialı sahəsinə də qoşuldunuz?

– İlk filmimi yenicə çəkmişdim ki, mənə “Six Feet Under”nin epizodlarını çəkməyi təklif etdilər. HBO ilə münasibətim də belə başladı. Daha sonra “Treatment”, “Carnivàle” və “Big Love” seriallarını çəkdim. Bu, mənim üçün çox şey öyrəndiyim əla bir dövr idi.

– Sizin üçün ən uğurlu serial hansıdır?

– “The Sopranos”un bütün epizodlarına mən rejissorluq etməmişəm, yalnız birini çəkmişəm. Ancaq üzərində çalışmaq üçün əla serial olduğunu düşünürəm. Çox yaxşı yazılıb, möhtəşəm aktyorları və gözəl səhnələri var. Çox dramatik və gülməlidir.

– “In Treatment” serialının uğur sirri nədir?

– O, İsrail serialı olan “BeTipul”a əsaslanır. Əvvəllər bir çoxları terapiya ilə bağlı şoular hazırladılar, amma uğur qazana bilmədilər. Məncə biz “In Treatment”nı həftənin hər günü nümayiş etməklə uğur qazandıq. Bu, həlledici bir qərar oldu. Həftənin günlərinə uyğun olaraq terapiyaları nümayiş etdirdik. Düşünürəm ki, “In Treatment”də etdiklərim həm də “BeTipul”un uğur sirri idi.

– Hansı film həyatınızı dəyişdi?

– Heç bir film mənim həyatımı dəyişmədi. Filmlər sadəcə olaraq məni təsirləndirdi. Ömrümə rənq qatdı, güldürdü, həyatdan qaçmağıma kömək etdi. Amma heç nə mənə valideynlərimdən, uşaqlarımdan, qardaşımdan, həyat yoldaşımdan daha çox təsir etməyib.

– Kiminsə sizə dediyi ən yaxşı söz nədir?

– Bobby, mən səni sevirəm.

– Kinorejissor olmaq istəyənlərə nə tövsiyə etmək istərsiniz?

– Tezliklə yazmağa başlaya bilmək üçün çoxlu çəkiliş edin. Tənbəl olmayın, kompüterinizdə yazın və ya telefonunuzda çəkiliş aparın, redaktə edin.

– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Azərbaycana səfər etmək istərdinizmi?

– Təəssüf ki, məlumatım yoxdur. Amma Azərbaycanla çox maraqlanıram. Heç vaxt Azərbaycanda olmamışam. Ora getmək istəyirəm.

– Filmlərinizdən hansını gənclərə tövsiyə edərsiniz?

– Aman Tanrım! Bu çox çətindir. Düşünürəm ki, bəlkə də “Raymond and Ray”, payızda nümayiş olunacaq.  Ethan Hawke və Ewan McGregor ilə birlikdə yazdığım bir ssenaridir.

– Azərbaycan gənclərinə nə demək istərsiniz?

– Çox çalışın. Xəyallarınızdan əl çəkməyin. Çox çalışın, yenə də çox çalışın.

Hafiz Əhmədov

HafizTimes.com

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
`Azərbaycanda film çəkmək istəyirəm` – Qabriel Qarsiya Markesin oğlu: “Buna görə sizdən utanıram” +VİDEO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica