ilbet
Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Abunə Ol
Dekabr 22, 2021 19:22
Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi
0

BƏYƏNDİM

ABUNƏ OL

Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi.  Bununla yanaşı, yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.

Tarixi Qələbədən sonra ən mühüm görüş

Şübhəsiz ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.

Regional nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi. Dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də Zəngəzur dəhlizi və onun hüquqi rejimi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat-tranzit xətti olacaq bu dəhlizin açılmasında güclü siyasi iradə nümayiş etdirir və müvafiq addımlar atır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir. Azərbaycan Prezidenti qeyd etdi ki, biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.

Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqləndi

Ümumiyyətlə, Avropanın siyasi paytaxtında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin çəkilişi ilə bağlı konkret mövqeyin ifadə olunması çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yanaşması aydın idi, dövlətimizin başçısı bir daha mövqeyini konkret ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyan isə üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini bildirdi. Öz növbəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.

Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır

Dövlət başçısının toxunduğu çox mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin hüquqi rejimidir. Ermənistan tərəfi bu məsələni spekulyasiya edərək fərqli beynəlxalq ictimai rəy formalaşdırmağa, təmasların əhəmiyyətini azaltmağa, dəhlizin inşası və istifadəyə verilməsi prosesini gecikdirməyə çalışır. Təbii ki, proses geriyədönməz xarakter daşıyır, şərtləri diktə edən Azərbaycanın üstün mövqeyi və həm regional, həm də regiondankənar bir sıra dövlətlərin yanaşması fonunda Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan istəsə də, istəməsə də, dəhliz məsələsi reallaşacaq. Elə dəhlizin hüquq rejiminin müəyyən olunması da Azərbaycanın prinsipial yanaşması və beynəlxalq normalar əsasında olacaq. Prezident İlham Əliyev bu məsələdə ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Sülh, sabitlik və inkişaf naminə

Bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhyaratma prosesində və təhlükəsizliyin təmin olunmasında qətiyyətli mövqeyini – prinsipial yanaşmasını ortaya qoydu. O, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bəyan etdi. “Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”,-deyə Azərbaycan Prezidenti vurğuladı. Bu, o deməkdir ki, Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.  

Nəticə etibarilə, Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

WWW.SİZİNXEBER.AZ

En az 10 karakter gerekli


FİKİR BİLDİR!

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.