Sizinxeber.az – Azərbaycan Xəbərləri

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi
2 dəfə Baxılıb
15 Avqust 2019 - 13:32

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi
Azərbaycanın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nota göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yaydığı məlumatda deyilir.

Ermənistanın Rusiyadakı səfiri Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz gənclər forumunda Azərbaycan nümayəndəsinin ünvanına işlətdiyi ifadələrə və ardından baş vermiş insidentə görə XİN-ə nota göndərilib.

“2019-cu il avqustun 9-da Pyatiqorskda “Maşuk-2019” Şimali Qafqaz gənclər forumu öz işinə başlayıb. Ermənistanın Rusiyadakı səfiri forum çərçivəsində tədbir iştirakçıları ilə keçirdiyi görüşdə Azərbaycana, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yolverilməz ifadələr işlədib, bu da həmin forumda iştirak etmiş “Bakı Gənclər Klubu” İctimai Birliyinin nümayəndəsi Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib”, – məlumatda deyilir.

Bildirilir ki, S.Rüstəmov səfirliyə məktubla müraciət edərək baş vermiş hadisənin məğzini ətraflı izah edib və onu dəstəkləməyi xahiş edib:

“Azərbaycan cəmiyyətində rezonans doğuran məsələnin ciddliyini nəzərə alaraq, səfirlik Rusiya XİN-ə rəsmi nota göndərib”.

Bundan başqa, Azərbaycan diplomatik nümayəndəliyinin məlumatına görə, səfir Polad Bülbüloğlu daha əvvəl əldə olunmuş razılaşmaya baxmayaraq, Pyatiqorska getməkdən, forumun işində iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Forumda Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş S.Rüstəmovun sözlərinə görə, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan forum iştirakçıları ilə müzakirə zamanı Qarabağın “əzəli erməni torpağı” olması və “azərbaycanlıların heç vaxt orada yaşamamaları” ilə bağlı iddialarla çıxış edib.

S.Rüstəmov bildirib ki, o, müzakirələr zamanı çıxış etmək istəyib, lakin üzərində “Azərbaycan” yazılan idman köynəyi geyindiyinə görə mikrofona yaxın buraxılmayıb. Üstəlik, Ermənistan nümayəndə heyətinin tərkibindəki bir neçə iştirakçı geyindiyi idman köynəyini cırmağa və ona əl atmağa çalışıblar.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]