Sizinxeber.az – Azərbaycan Xəbərləri

Ekspert: Azərbaycan, Rusiya və İran liderlərinin görüşü Ermənistanda qıcıq yaradır – MÜSAHİBƏ

Ekspert: Azərbaycan, Rusiya və İran liderlərinin görüşü Ermənistanda qıcıq yaradır – MÜSAHİBƏ
46 dəfə Baxılıb
08 Avqust 2019 - 22:55

Ekspert: Azərbaycan, Rusiya və İran liderlərinin görüşü Ermənistanda qıcıq yaradır – MÜSAHİBƏ
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin Oxu.Az-a müsahibəsi:

– Artıq üçüncü dəfə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda görüşü keçiriləcək. Sizcə, Soçidə avqustun 14-də keçiriləcək növbəti görüşün gündəliyində əsas hansı məsələlər olacaq?

– Üç ölkənin liderlərinin qarşıdan gələn görüşündə də, əsasən, hər üç tərəfi maraqlandıran enerji məsələsi, Xəzərin statusu ilə bağlı mövqe, nəqliyyat sektorunda əməkdaşlıq və təhlükəsizlik kimi mühüm məsələlər müzakirə olunacaq.

Qeyd olunan məsələlər, hər zaman olduğu kimi, üçtərəfli görüşlərdə də çox aktualdır və prezidentlərin xüsusi diqqət ayırdıqları sahələrdir.

– Bu görüşün perspektivi barədə hansı proqnozlar vermək olar?

– Bildiyimiz kimi, Azərbaycanın xarici siyasət strategiyasının mühüm elementlərindən biri ölkəmizi müxtəlif nəqliyyat dəhlizlərinin kəsişdiyi mərkəzə çevirməkdir. Belə ki, Azərbaycan artıq həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin keçdiyi mühüm məntəqədir.

Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın geostrateji əhəmiyyətini artırır. Bununla yanaşı, Azərbaycan üçün nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi baxımından da prioritet məsələlərdəndir.

“Şimal-Cənub” kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması qeyri-neft gəlirlərinin artırılması və büdcəyə xarici valyuta axınının təmin edilməsi üçün önəmlidir. Şimal-Cənub nəqliyyat dəhlizi hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır.

Çünki bu layihə vasitəsilə yükdaşımaları cənubdan şimala, şimaldan cənuba doğru daha rahat həyata keçiriləcək və tranzit məsafəsinin, tranzit vaxtının azalması ilə nəticələnəcək. Həmçinin ölkələr tranzit rolunu oynamaqla əlavə gəlirlər əldə edəcəklər.

– Rəsmi Yerevan Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli formatda görüşündən narahatdır…

– Azərbaycan, Rusiya və İran üçtərəfli formatı, sözsüz ki, Ermənistanda qıcıq yaradır. Rusiya Ermənistanın təhlükəsizlik məsələləri üzrə ən yaxın tərəfdaşıdır, İran isə Ermənistanın çıxışının olduğu iki ölkədən biridir.

Belə olan halda, bu ölkələrlə bizim üçtərəfli formatımız Ermənistanı narahat etməyə bilməz. Onu da nəzərə alaq ki, Ermənistan düşdüyü blokada vəziyyətindən çıxmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Buna görə də bu görüşün Ermənistan üçün nə dərəcədə qıcıqlandırıcı bir məsələ olduğunu başa düşmək olar.

Eyni zamanda, son dövrlər iqtisadi blokadada olan Ermənistanın İranı özünün ən yaxın tərəfdaşı kimi göstərir. Heç bir iqtisadi potensialı olmadığı halda, əsassız olaraq İran investorları üçün Ermənistanda böyük imkanlar olduğunu deməklə özünə təskinlik verir.

Bu fonda Azərbaycanın İranla birlikdə əsas regional layihə və problemləri müzakirə etməsi Ermənistanı qorxuya salır. Bu format regionda Ermənistanın əhəmiyyətsiz bir ölkə olduğunu və yalnız bəzi qüvvələrin əlində siyasi “oyuncaq” kimi istifadə olunduğunu sübut edir. Əsas geoiqtisadi məsələlər isə Azərbaycanla müzakirə olunur.

Bu görüş bir daha Azərbaycanın Ermənistanı bütün regional infrastruktur layihələrindən kənarda saxlamaq strategiyasının uğurla həyata keçirilməsinin göstəricisidir.

– Prezidentlərin görüşündən sonra Xəzər dənizinin statusu ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qalxma ehtimalı varmı?

– Planlaşdırılan görüşdə prezidentlər, əsasən, Xəzər dənizində əməkdaşlığı və üçtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Bildiyimiz kimi, artıq Xəzərin hüquqi statusuna dair Xəzəryanı dövlətlər tərəfindən Konvensiya imzalanıb.

Beş Xəzəryanı ölkə arasında Xəzər dənizində dəniz naviqasiyası, nəqliyyat, limanlar arasında əməkdaşlıq, ətraf mühitin mühafizəsi, enerji, ticarət, iqtisadiyyat, elmi tədqiqat, təhlükəsizliklə bağlı əməkdaşlıq var.

Hərbi əməkdaşlıq və fövqəladə halların qarşısının alınması kimi mühüm sahələrdə əməkdaşlıq mövcuddur. Ümumiyyətlə, Xəzər dənizi ilə bağlı ikili münasibətlərdə Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur. İranla bəzi həll olunmayan məsələlər qalıb.

Qeyd edə bilərik ki, beş Xəzəryanı dövlət uğurla əməkdaşlıq edir. Buna misal olaraq, cari ilin iyul ayında Xəzər dənizində İrana məxsus “Şəbahəng” quru yük gəmisinin Lənkəran sahilində batması və Azərbaycan Dövlət Sərhəd Xidmətinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən qüvvələrinin batan gəminin doqquz nəfərlik ekipajını xilas etməsi əməkdaşlığın və operativliyin sübutudur. Bununla belə, hansısa yeni bir razılaşmanın əldə olunacağını gələcək göstərəcək.

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]