Sizinxeber.az – Azərbaycan Xəbərləri

Fermerlər üçün bürokratik əngəllər aradan qaldırılıb, bütün imkanlar əlçatan olub – ŞƏRH

Fermerlər üçün bürokratik əngəllər aradan qaldırılıb, bütün imkanlar əlçatan olub – ŞƏRH
15 dəfə Baxılıb
28 İyul 2019 - 21:11

Fermerlər üçün bürokratik əngəllər aradan qaldırılıb, bütün imkanlar əlçatan olub – ŞƏRH
Azərbaycan kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsinə nail olur.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Elman Nəsirov kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlara münasibət bildirərkən deyib.

E.Nəsirov vurğulayıb ki, bu gün dərin islahatların aparıldığı sahələrdən biri də kənd təsərrüfatıdır:

“Ölkə başçısının tapşırıqlarına əsasən, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət artıb. İstər iqtisadi, istərsə də sosial sahədə aparılan islahatlar öz müsbət nəticəsini verir. Atılan addımların nəticəsidir ki, bu gün Azərbaycan vətəndaşı öz sosial durumunun yaxşılaşdığını hiss edir. Eyni zamanda, ölkə başçısının müəyyən etdiyi iqtisadi siyasətin ana xəttini kənd təsərrüfatı sahələri təşkil edir. Aqrar sahənin dayanıqlı inkişafı üçün sistemli addımlar atılır. Buna Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülən tədbirlər, kənd əhalisi ilə dövlət strukturları arasında yaxınlığın təmin edilməsi, fermerlər üçün yaradılan imkanları misal çəkmək olar”.

Millət vəkili bildirib ki, bu gün kənd yerlərində, xüsusilə fermerlər üçün bürokratik əngəllər aradan qaldırılıb, bütün imkanlar əlçatan olub:

“Bu da aqrar sahədə inkişaf dinamikasını artırıb. Fermerlərin zəruri texnikalarla, gübrələrlə təmin edilməsinə xüsusi diqqət ayrılıb. Meliorasiya məsələlərinə görə subsidiyaların ayrılması da bu sahəyə olan qayğıdan xəbər verir. Əsas məqsəd odur ki, Azərbaycanın ixrac yönümlü iqtisadiyyatı daha da inkişaf etsin, eyni zamanda, “Made in Azerbaijan” brendi bütün dünyada tanınsın. Bütün bunlar kəndlilərin sosial durumunun daha da yaxşılaşmasına xidmət edir.

Bu gün kəndli hiss edir ki, görülən işlər onun xeyrinədir. O, zəhmətə qatlaşıb kənd təsərrüfatı sahəsində fəaliyyətini davam etdirməklə çox ciddi nəticələr əldə edə bilər. Dövlət hər zaman onların yanındadır. Ümumilikdə bu istiqamətdə hüquqi-normativ baza kifayət qədər gücləndirilib. Kəndliyə, sahibkarlara maliyyə dəstəyi artırılıb və yeni yanaşmalar formalaşdırılıb.

Yekun olaraq görülən işlər onu göstərir ki, Azərbaycan kəndinin siması artıq dəyişməyə başlayıb. Son 15 il ərzində 15 min km yol çəkilməsi, rayon və kəndlərdə məktəb, xəstəxana binalarının tikintisi kənd anlayışını əsaslı şəkildə dəyişdirib. Ümumilikdə islahatlar davam edir, qarşıda kənd təsərrüfatı sahəsində çox yeni imkanlar açılacaq”.

Qeyd edək ki, son illərdə həyata keçirilən islahatların yeni mərhələsi kənd təsərrüfatı sahəsini də əhatə edib. Bu istiqamətdə dövlət siyasətini tənzimləyən strukturda kadr dəyişiklikləri ilkin müsbət nəticələri verir. Aqrar sahənin dayanıqlı inkişafı üçün sistemli addımlar atılır. Aqrar sahədə qarşıya qoyulan hədəflərdən biri də kənd yerlərində məşğulluq imkanlarının genişləndirilməsidir.

Könül Cəfərli

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]