Sizinxeber.az – Azərbaycan Xəbərləri

Deputatlardan “Qaloş piri”ndəki izdihama fərqli REAKSİYA: “Bara getməkdənsə, ziyarətgaha getsinlər”

Deputatlardan “Qaloş piri”ndəki izdihama fərqli REAKSİYA: “Bara getməkdənsə, ziyarətgaha getsinlər”
7 dəfə Baxılıb
12 İyun 2019 - 21:48

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlaına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.

Amma Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov iddianı təkzib edib. O, Modern.az-a açıqlamasında insanların başına çəkilən əşyanın qaloş deyil, papaq olduğunu söyləyib.


İnsanların bu cür davranışlara meyli, pirlərə, seyidlərə sitayiş etməsi haqqında Modern.az-a danışan millət vəkili Fazil Mustafa isə bunu cəhalət adlandırıb. Amma F. Mustafa düşünür ki, belə inancların qalmağına sevinmək lazımdır:

“Çünki cəhalətin stimullaşdırılması üçün aparılan işlər nəticəsini göstərir. Cəhaləti aradan qaldırmaq niyyətilə atılan addımlar dəstəklənmir. Belə batil əməlləri, inancları cəmiyyətin düşüncəsindən silmək üçün yazılmış xüsusi kitabların, tənqidi fikirlərin tirajlanmasına ehtiyac var. Məsələn, Nəriman Nərimanovun məşhur “Pir”, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” adlı əsərləri var. Bir dönəmdə hətta dövlət tərəfindən qorunmayan bu kişilər, cəmiyyətin cəhalətdən müdafiəsini,  cahilliyə qarşı atılmalı addımları gündəmə gətirərək, qurtuluş yollarını araşdırıblar. Hazırda isə bizdə cəhalətin stimullaşdırılması, mollalığın, yanlış düşüncələrin yayılmasının təbliği müşahidə edilir. Bunu arzulayan böyük cəmiyyətin mövcud olduğunu düşünürəm”.


Deputat deyib ki, kimsə, televiziya vasitəsilə səsləndirdiyi fikirlərdə insanların pirə , imamzadələrə getməsinə normal yanaşırsa, bunu dəstəkləyib, təbliğ edirsə, nəticəsinin qaloşa sitayişə gedib çıxacağını dərk etməliyik:


““İslamda seyidlik yoxdur”, “pirə ibadət yalandır”, “Azərbaycanda peyğəmbərlərin izi-tozu belə yoxdur” deyə yazılmış kitablar qadağan edilirsə, deməli, cəhalətin qarşısı alınmayacaq. Baxmayaraq ki, ölkəmizdə əksəriyyət orta və ali təhsillidir, amma bu qabığın altında böyük cəhalət yatır. Ələmin arxasınca sürünən insan selini görəndə anlayırsan ki, çox geriyə getmişik. Hətta indiki kütlə Nərimanov, Haqverdiyev dövründən də cahil hesab oluna bilər. Baxın,  ali məktəb diplomlarının altında da savadsızlıq, cəhalət durur. Ali məktəbə gedən şəxsin qəbul olunmaq üçün pirlərin qabağında, ölən şəxslərin məzarında dua etməsi, qurban kəsməsi kimi anormal ənənə hansı inkişaf etmiş ölkədə var? Bu, ancaq Azərbaycanda ola bilər. Çünki biz azərbaycanlını cəhalətə qarşı dirənişi, immuniteti olan toplum kimi yetişdirmirik. Ona görə, cəhalətə qarşı fikirlərin yer aldığı kitab çıxan kimi onu qadağan edirik. Azərbaycanda cəhalətin stimullaşdırılması üçün daha sistemli iş gedir, nəinki onu aradan qaldırmaq”.


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, insan inanırsa, pirlərə gedəcək, sitayiş edəcək:


“Mən də uşaq vaxtı pirlərə getmişəm.  O boyda “İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər.

Cəhalət isə tamam başqa bir şeydir. O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir. Bizdə Nardaran piri, Ətağanın qəbri və s. var. Mən özüm gedirəm oralara. Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. Bu, xurafatdır, tamam başqa məqamdır. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun?”


Deputat Tahir Kərimli
 isə xatırladıb ki, Quranda bütpərəstlik inkar olunur. Onun fikrincə, insanlar qeyri-ixtiyari öz dərdlərindən qurtulmaq, gələcəyini daha yaxşı qurmaq üçün belə inamlara gedirlər:


“Dinlərə, hər hansı bütlərə inam, pirlər insanların psixologiyasına müsbət təsir edir. İnsanın psixoloji quruluşu elədir, belə inanclar nikbinliyə səbəb olur, müəyyən xəstəliklərin, psixoloji sarsıntının aradan qaldırılmasına şərait yaradır. Amma bundan sui-istifadə edənlər də var. Necə yəni, qaloşu, ya papağı başına sürtməklə insan sağala bilər? Görünür ki, bu insanların inamından sui-istifadə etməkdən başqa bir şey deyil.

1980-ci illərdə Ağsuda baxdığımız bir cinayət işi yadıma düşdü. Qadın cadu ilə məşğul olurdu. Məhkəmədə hər şeyi boynuna aldı. Məlum oldu ki, o xristiandır, Belarusiyadan gəlib. Özü etiraf etdi ki, Azərbaycan camaatının avam olduğunu görüb, insanları aldadaraq, pul qazana biləcəyini düşünüb. Hətta həmin qadının etirafını dinləsələr belə, zərərçəkmişlər ona verdikləri pulu geri almağa qorxurdular. O qədər inanırdılar ki, verdikləri pulu geri almadılar.

Bütün bu nümunələrin mövcudluğu cəhalətin nəticəsidir. Təəssüf edirəm ki, çox az da olsa, belə şeylərə inam hələ də qalıb”. 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]