27 illik xanlığın sonu: Vasif Talıbov Ali Məclis sədrliyindən gedir?
27 illik xanlığın sonu: Vasif Talıbov Ali Məclis sədrliyindən gedir?

27 illik xanlığın sonu: Vasif Talıbov Ali Məclis sədrliyindən gedir?

Naxçıvanda həbslər muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun da vəzifəsini itirə biləcəyi haqda iddialar ortaya çıxarıb. Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir. Ali Məclis 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisi hər bir deputatı sədr seçilə bilər.

Bəs Naxçıvan Ali Məclisinin sədri hansı hallarda vəzifəsini itirə bilər?

Konstitusiyaya görə, sədr Naxçıvan Ali Məclisi tərəfindən geri çağırıla bilər. MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Konstitusiyanın 31-ci maddəsinə əsasən, Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası qanunverici orqanın daxili nizamnaməsi ilə müəyyən edilir. Ali Məclisin ilk çağırışı 1990-1995-ci illəri əhatə edib.

Müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 – aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 – 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən, 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyir.

Bəs Vasif Talıbovun Ali Məclis sədrliyindən geri çağırılacağı iddiaları nə qədər realdır, Ali Məclisin 5-ci sədri kim ola bilər?

Yenipress.az xəbər verir ki, demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, Naxçıvandakı vəziyyətlə bağlı çoxsaylı xoşagəlməz məlumatlar var idi:

“Gömrük-sərhəd xidmətində vətəndaşların giriş-çıxışında onlara qarşı təzyiqlər, qanunsuz tələblər, əlavə rüsumların alınması, müəyyən malların məcburi olaraq alınıb sərhəddən kənara çıxarılması kimi qanunsuz halların baş verdiyi bildirilir. Bu məlumatlarda deyilənlər o deməkdir ki, Naxçıvanda çox böyük qanunsuzluq hökm sürüb, uzun illərdir bu qanunsuzluqlar baş alıb gedir. Bir nazirin həbsindən sonra təkcə onun 140 milyondan çox dövlət vəsaitini mənimsəməsi ortaya çıxıb. Bu qədər mənimsəmə bir günün, beş günün işi deyil. Naxçıvan Muxtar Respublikası sanki ayrıca bir respublika idi, Azərbaycan qanunları sanki işləmirdi. Baş verən qanunsuzluqlar birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin xəbəri olmadan həyata keçirilə bilməzdi. Belə olan halda sual yaranır: Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılacaqmı? Vasif Talıbov mütləq vəzifəsindən kənarlaşdırılmalıdır. Bütün bu pozuntulara ən azından göz yumduğuna görə məsuliyyət daşıyır. Mümkün deyil ki, Ali Məclisin sədri muxtar respublikanın nazirliklərində baş verən bu qədər böyük miqyaslı qanunsuluqlardan xəbərsiz olsun. Araşdırmalar davam etdikcə bütün bu qanunsuzluqların kökü gedib Ali Məclisin sədrinə çıxacaq. Ona görə də Vasif Talıbovun vəzifəsindən kənarlaşdırılması gündəmə gəlir”.

Çingiz Qənizadə qeyd etdi ki, Azərbaycan Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında idarəçilik məsələləri ilə bağlı uyğunsuzluq və ziddiyyətlər var: “Ölkəmizdə ali icraedici orqan Prezidentlik institutu olduğu halda, Naxçıvanda qanunverici orqanın rəhbəri həm də muxtar respublikada icraedici orqanın rəhbəridir. Belə olduğu üçün Ali Məclis sədrinin vəzifədən çıxarılması, həmçinin məsuliyyətə cəlb olunması proseduru çətinləşir. Vasif Talıbov deputat mandatı daşıyır. Söhbətlər var ki, o, vəzifələrindən və mandatdan məhrum edilə və Bakıdan onun yerinə adam göndərilə bilər. Amma qanunvericiliyin tələbi belədir ki, Naxçıvan Ali Məclisinin üzvü olan şəxs Ali Məclisin sədri seçilməlidir. Bu vəziyyət Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının Konstitusiyası arasında qeyd etdiyim formada ziddiyyətli məqamlardan irəli gəlir. Bu ziddiyyətli məqamlar referendum keçirilərək yoluna qoyulmalıdır. İndiki qanunvericiliyə görə isə Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılsa, Naxçıvan Ali Məclisində yeni sədr seçiləcək. Amma hesab edirəm ki, bu, uzun zaman kəsiyi üçün nəzərdə tutulmayacaq. Yeni seçilən şəxs müvəqqəti o vəzifədə olacaq və Ali Məclis üzvlüyünə növbəti seçkilərdə yeni şəxslər deputat seçiləcək və onların sırasından Bakını qane eləyən bir nəfər Ali Məclisin sədri olacaq. Naxçıvanın idarəetməsi ilə bağlı çox ciddi islahatlar həyata keçirilməlidir. Bütün nazirliklər baş idarəyə çevrilməli və Azərbaycan Respublikasının müvafiq nazirliklərinə, dövlət xidmətlərinə, komitələrinə tabe etdirilməlidir. Yəni onların Ali Məclisin sədrinə tabeçilikləri olmamalıdır, ölkəmizin hökumət qurumlarına tabeçilikləri olmalıdır. Unitar dövlət olan Azərbaycanda ikili hakimiyyətin olmasına qanun yol vermir, odur ki, Naxçıvanın idarəçiliyi ilə bağlı ciddi konstitusion islahatlara gedilməlidir”.

Babək rayonunun Cəhri kəndindən olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az-a deyib ki, indi üzə çıxan xoşagəlməz hallar muxtar respublikada aparılan yanlış kadr siyasətinin göstəricisidir. Onun sözlərinə görə, Naxçıvanı idarə edənlər bir-biri ilə yaxın qohum münasibətində olan şəxslərdir. Bu səbəbdən də qohumların bir-birinə qarşı hansısa tədbir görəcəyi gözlənilmirdi:

“Naxçıvanda Azərbaycan qanunları uzun illərdir işləmir. Mərhum dövlət başçısı Heydər Əliyev və Prezident İlham Əliyev Naxçıvana gedəndə oradakı hakimiyyət üzvləri özlərini yaxşı göstəriblər. Dövlət rəhbərləri Naxçıvandan çıxan kimi isə onlar yenə də öz əməllərinə davam ediblər. Naxçıvanda korrupsiya yalnız Maliyyə Nazirliyində, Gömrük Komitəsində kök atmayıb. Dərindən araşdırılsa, muxtar respublikanın digər nazirliklərində də eyni vəziyyət aşkarlanacaq. Muxtariyyətin ləğvi ilə bağlı söhbətlər gedir. Ancaq Naxçıvanda baş verənlər muxtariyyət statusu ilə bağlı deyil. Konstitusiyada muxtariyyətlə bağlı təsbit olunan səlahiyyətlər Naxçıvan hakimiyyətinin əməllərinə bəraət qazandırmır. Sadəcə olaraq, Naxçıvan hakimiyyəti muxtariyyət statusunu bəhanə gətirib, oranı Azərbaycandan ayrı dövlət kimi idarə edir. Mərkəzi hakimiyyətə aid hüquqları mənimsəyiblər. Hətta Naxçıvanda heç bir cinayətin, oğurluğun olmadığı barədə mətbuatda davamlı məlumatlar yayıblar. Bu da bir taktikadır. Əksər məmurlar öz vəzifə cinayətlərini ört-basdır etmək üçün mətbuatda ciddi şəkildə öz təbliğatlarını aparıblar. Kimsə hansısa saytın, qəzetin, internet televiziyanın rəhbərliyinə müəyyən yardımlar edir. Beləliklə də, həmin mətbuat orqanları o şəxslərin piarını aparır. Ayrı-ayrı mətbuat orqanlarında ifşaedici məlumatlar yayılanda, dərhal həmin KİV-lərə qarşı əks-tədbirlər görüblər. İndiyə kimi Naxçıvanda dövlətin milyardlarla pulu mənimsənilib. Neçə-neçə insan həyatı məhv olub. Həqiqətən də Naxçıvanda çox ağır sosial-iqtisadi durum hökm sürür. Ancaq nə Azərbaycan Maliyyə Nazirliyi, nə də Gömrük Komitəsi bu məsələyə fikir verib. Niyə bu əməliyyatlar kimsə milyardlar oğurlayandan sonra keçirilməlidir?”

S.Cəlaloğlu Naxçıvan əhalisinin sosial durumundan şikayətlənib:

“Hazırda Naxçıvanda əhalinin yaşayış tərzi Azərbaycandan çox aşağıdır. Təsəvvür edin, bir qoyun kəsilir, ancaq kənddə heç kim onu ala bilmir. Camaata Türkiyə və İrandan bir kiloqram ərzaq alıb gətirməyə icazə verilmir. İnsanları Türkiyəyə gedəndə özü ilə nəsə aparmağa məcbur edirlər. Orada da göyərtidən başqa heç nə yoxdur. Adamlar bazara gedir, yarım ton göyərti alır və Türkiyəyə gedir. Orada da göyərtini heç kim almır. Həmin göyərtiləri yola tökürlər. Naxçıvan hökuməti bunu muxtar respublikanın ixracatı kimi təqdim edir. Belə oyunlar oynayırlar. İnsanlar Türkiyəyə və başqa ölkələrə işləməyə üz tuturlar”.

Partiya sədri vurğulayıb ki, Naxçıvan rəhbərliyi, nəhayət, dəyişilməlidir: “Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasına rəhbər olsun deyə, kim İsa Həbibbəylini təklif edib? Axı bu adamın ailə üzvləri korrupsiyaya bulaşıblar. Naxçıvanda, ümumiyyətlə, tayfa hakimiyyətinə son qoyulmalıdır. Necə ola bilir ki, bir ailədə qardaşlardan biri DTX-da, biri DİN-də, biri biznesdə olur? Orada başqa ailələr yoxdur? Niyə digər şəxslər Naxçıvanda hakimiyyətdə olanlar kimi varlana bilmir? 10 milyon dollarlıq villaları var, Türkiyədə hələ nələri var… Çox təəssüf ki, hələ də hadisələrin nə yerdə olduğu ilə bağlı Naxçıvan camaatının tam təsəvvürü yoxdur”.

Sizinxeber.Az

27 illik xanlığın sonu: Vasif Talıbov Ali Məclis sədrliyindən gedir?

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

Sizinxeber.Az saytınnan daha geniş yararlanmaq üçün daxil olun və ya hesab yaradın tamamilə pulsuzdur!