Sizinxeber.az – Azərbaycan Xəbərləri

Balakənli dülgər: Özünüməşğulluq proqramı aztəminatlı ailələrə çox böyük dəstəkdir

Balakənli dülgər: Özünüməşğulluq proqramı aztəminatlı ailələrə çox böyük dəstəkdir
7 dəfə Baxılıb
07 İyun 2019 - 11:03

Bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların, işsiz və işaxtaran vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindəndir. Aztəminatlı ailələrin kiçik təsərrüfatlara malik olmaları və bununla da gəlirlərinin artırmaq imkanlarına yiyələnmələri üçün dövlət tərəfindən mühüm layihələr həyata keçirilir, dəstək göstərilir. Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq hazırda işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası olduğunu vurğulayaraq deyib: “Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar”.

Özünüməşğulluq proqramı Balakən rayonunda da uğurla icra olunur. Rayonda özünüməşğulluq proqramından faydalananlardan biri də Balakən şəhər sakini, dülgər Məhəmməd Əliyevdir. AZƏRTAC-ın bölgə müxbiri ustanın emalatxanasında olub, layihə ilə bağlı fikirlərini öyrənib.

Məhəmməd Əliyev 30 ildir ki, dülgərlik sənəti ilə məşğul olur. Əsasən stol-stul, taxta çarpayı düzəldir, köhnə mebel və divanları təmir edir.

Bu sənətin ailənin yeganə gəlir mənbəyi olduğunu bildirən Məhəmməd usta deyib: “Emalatxanamdakı dəzgahlar köhnə olduğundan işləyərkən çox çətinlik çəkirdim. Taxta üzərində müxtəlif əməliyyatlar aparmaq, naxışlar kəsmək mümkün olmurdu. Yeni dəzgah almağa isə imkanım çatmırdı. Eşitdim ki, aztəminatlı ailələr üçün xüsusi layihə həyata keçirilir. Rayon Məşğulluq Mərkəzinə müraciət edim, məni də qeydiyyata aldılar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan təlimlərdə iştirak etdim. Təlim başa çatdıqdan sonra mənə xaricdə istehsal olunan ən müasir dülgər dəzgahları verildi. İndi işim xeyli asanlaşıb. Bu dəzgahlarda hər bir iş görmək mümkündür”.

Ustanın sözlərinə görə, hazırladığı əşyaların keyfiyyəti yaxşılaşdıqca, sifarişlər də çoxalır. Oğlu da bu işdə ona kömək edir. Hazırladıqları dülgərlik məhsulları şəhərdəki müxtəlif mebel mağazalarında satışa çıxarılır. Ailənin gəlirləri də artıb.

Məhəmməd usta qeyd edib ki, aztəminatlı ailələrə öz kiçik bizneslərini qurmaq üçün mal və materialların, avadanlığın verilməsi ünvanlı sosial yardım almaqdan xeyli sərfəlidir: “Daha yardım almaq üçün ayın axırını gözləmək lazım gəlmir. Yaxşı işləyib biznesini, təsərrüfatını inkişaf etdirsən, gəlirlərin də artacaq. Aztəminatlı ailələrin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ailəm adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, 2018-ci ildə 122 nəfər balakənli “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib. Təlimləri başa vuran 114 nəfərə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün mal və materiallar verilib. Bu ailələrdən 109-u heyvandarlıq, 2-si arıçılıq, 3-ü isə xidmət (dülgər, şirniyyatçı və maşın yuma) sahələrində öz kiçik biznes təsərrüfatlarını yaradıblar. 2019-cu ildə daha 58 nəfər təlimlərə cəlb olunub. Təlimlər başa çatdıqdan sonra onlara da mal və materiallar veriləcək.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]