Sizinxeber.az – Azərbaycan Xəbərləri

Lənkəranda uşaq hüquqları müzakirə olunub

Lənkəranda uşaq hüquqları müzakirə olunub
4 dəfə Baxılıb
24 May 2019 - 10:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən növbəti tədbirdə uşaq hüquqları əsas müzakirə mövzusu olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Rayon Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Tədbirdə, həmçinin insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarına, eləcə də onların təhsil hüququ geniş müzakirə edilib.

Natiqlər çıxışlarında 28 may 1918-ci ilin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını qeyd edərək ümummilli lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığını və bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]