Sizinxeber.az – Azərbaycan Xəbərləri

Hicran Sadıqzadənin “Əsrə bərabər ömür yolu” kitabından-Oruc Qurbanov

Hicran Sadıqzadənin “Əsrə bərabər ömür yolu” kitabından-Oruc Qurbanov
5 dəfə Baxılıb
01 May 2019 - 0:33

Bu il əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, “Qızıl Dərviş”mükafatı laureatı rejissor Qurbanov Oruc İzzət oğlunun anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyidir.

Oruc Qurbanov 24 iyul, 1949-cu ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunu, 1979-80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında ikiillik Ali Teatr Rejissorluğunu bitirib. Uzun illərdir teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş “Haray” bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub.

Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın “Dirilən adam” romanı əsasında səhnə variantının müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi “Qızıl Dərviş” mükafatına layiq görülub.

2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2012-ci ildən  Prezident Mükafatına layiq görülür.

Sizinxeber.az Saytı adınann Oruc müəllimi təbrik edir, ona uğurlar arzu edir.

Hicran Sadıqzadənin “Əsrə bərabər ömür yolu” kitabından.

8 saylı Bakı internat məktəbinin məzunu Oruc Qurbanov haqqında.

Bir neçə elm sahəsinin tanınmış nümayəndəsi

8 saylı Musuqi Təmayüllü  İnternat Məktəb fəaliyyətə başladığı ilk illərdə təhsil alan şagirdlərdən biri də Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan dramaturq, publisist və rəssam Oruc İzzətoğludur.

Doğrudan da yarıməsirlik tarixə malik olan sözügedən təhsil ocağının və onun hüdudldrından kənarda minlərlə görkəmli məzunları var. Fəxr hissi ilə qeyd etmək olar ki,  bu məzunlar müxtəlif elm sahələrində önəmli fəaliyyətləri ilə doğma məktəbi layiqincə təmsil ediblər. İnternat məktəbin minlərlə məzunlarından biri elmin bir neçə sahəsini özündə ümumiləşdirən səmimi insan Oruc İzzətoğludur.

Təəssüf edirəm ki, indiyə qədər bu şəxsi yaxından tanımamışam. Doğrudur, adını eşitmişdim, hətta haqqında bəzi məlumatlarım da var idi. Vəssalam. Respublika İncəsənət  Gimnaziyasının sabiq direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev qeyd edəndə ki, Oruc Qurbanov bizim məktəbin yetirməsidir, həm təəssüf, həm də sevinc hissi keçirtdim. 0na görə ki, indiyə qədər sənətin zirvəsində olan bu şəxsi yaxından tanımamışam. Sevinc hissi keçirtdim  ona görə ki,  8 saylı İnternat Məktəbin  Oruc İzzətoğlu kimi yetirməsi var. Mən Nəbi Xəzrinin uzun müddət rəhbərlik etdiyi   “Azərbaycan dünyası”  Beynəlxalq Əlaqələr  Mərkəzinin yerləşdiyi  məkana getdim.

Az sonra qarşımda səmimi, sadə, kövrək bir insan dayanmışdı. Yazdıqlarımın heç biri mübaliğə deyil sırf həqiqətdir. Oruc İzzətoğlunun 8 saylı internat Məktəb haqqında kövrək və səmimi xatirələri var. Onun xatirələrində mənə ən çox təsir edən “Mən bu internata gələndə ağladım, mənə elə gəldi ki, anamdan həmişəlik ayrılıram. Bir də gedəndə…” kəlməsi idi. Gələndə ona görə ki, anamdan ayrı yaşamaq istəmirdim, internatda da oxumaq istəmirdim, gedəndə ona görə ki, internatdan, belə səmimi insanlardan ayrılmaq istəmirdim. Oruc İzzətoğlunun xatirələri özünü də,məni də, hətta onu özünə mənəvi ata hesab edən , Azərbaycan teatr sənətində ilkin, lakin möhtəşəm addımlarını atan Aytən Aydınqızını da kövrəltmişdi. 0ruc müəllim internat həyatı ilə, xüsusən 1963- cü ilin sərt qışı və anası ilə bağlı xatirələri daha təsirli idi. Bütün bunlara etinasız qulaq asmaq mümkün deyildi. Həmən il qış sərt olduğu üçün bir çox sahələrə, o cümlədən kənd təsərrüfatına böyük ziyan dəydi. Ölkədə ərzaq, xüsusi ilə də çörək qıtlığı yaranmışdı. Ağ çörək isə demək olar yox

dərəcəsində idi. İnternatda təhsil alan balaca Oruca yeməkxanada nahar vaxtı ağ çörək verirlər. Oruca bəlli idi ki, heç yerdə ağ çörək yoxdur. Anası, bacısı-qardaşı ancaq qara çörək yeyirlər. Orucun kövrək qəlbi buna tab gətirmir. Ona verilən ağ çörəyi ailələrinə aparmaq qərarına gəlir. Orucun fikrini duyan sinif yoldaşları da öz çörək paylarını evə aparmaq uşun ona verirlər.

Həmin vaxt Bakıda nəqliyyat vasitələri tamam kəsilmişdi. Oruc köynəyinin altındakı ağ çörək tikələrini sinəsinə bərk-bərk sıxaraq internatdan K.Marks meydanına tərəf  (indiki Şəmsi Rəhimov küçəsi) şaxtada, boranda bir neçə kilometri piyada qət  edəndən sonra özünü evlərinə, sevimli anasının yanına donmuş, saçları buz bağlamış halda çatdırdı. Sevincinin həddi-hüdudu yox idi. Balaca Oruc anasına ağ çörək gətirmişdi.  Anası sevuncək Orucun gətirdiyi ağ çörək tikələrini öz uşaqları və qonşular arasında bölüşdürdü.

Ən əziz xatirələrindən biri palto əhvalatıdır. Bu xatirə “Nuh Peyğəmbər” romanında filologiya elmləri doktoru Yasif Nəsirli tərəfindən ön sözdə qeyd olunub. “Bir dəfə bizə palto payladılar. Şənbə və bazar evə gedəndə paltonu mən, həftənin beş günü isə anam geyinərdi. İndi də həsrətlə  paltonu yadıma salıb düşünürəm ki, kaş, o palto indi məndə olaydı… Hər gecə yorğan əvəzinə ona bürünüb yatağıma girəydim, səhərə kimi anamın ətrini ondan alladım”. Oruc müəllimin bu etirafı hamımızı kövrətmişdi.

Bir dəfə qapı açıldı və ədəbiyyat müəllimi sinfə daxil oldu. Elan etdi ki, Mirzə Cəlilin gecəsi keçiriləcək, istəyirik “Poçt qutusu”nu hazırlayaq. Mərahim Fərzəlibəyov Xan rolunda iştirak edəcək, bir nəfər də Novruzəli rolunu oynamalıdır. Uşaqlar hamısı mənə baxdılar. Çünki deyilənə görə o vaxtlar məndə yumur hissi güclü idi. Beləliklə, mən internatda Novruzəli rolunu ifa etdim. Fürsətdən istifadə edib onu demək istəyirən ki, xalq artisti, Milli Dram teatrının baş rejissoru, səmimi dost Mərahim Fərzəlibəyovla internatda bir oxumuşuq. Bütün tədbirlərdə birgə iştirak etmişik. İnternatda Mirzə Cəlilin gecəsindən sonra Mərahim məni tanınmış rejissor Lütfi Məmmədbəyovun o vaxtlar 26-lar Mədəniyyət Sarayında yerləşən xalq teatrına apardı. Elə ordan da mənim teatr fəaliyyətim başlandı.

İnternatla bağlı çox maraqlı xatirələrim var. Yadımdadır, çox istedadlı fənn müəllimimiz vardı, Şaiq müəllim. Ciddi, tələbkar , səmimi və təvazökar. Sinifimiz bir az səsli-küylü idi. Yüksək intellektual səviyyəyə malik olan fizika müəllimimiz  şagirdləri ələ almaq üçün müxtəlif psixoloji priyomlardan istifadə edirdi. Onun çox gözəl tədris metodikası var idı. Bir dəfə o, fizika dərsində zəngə 10 dəqiqə qalmış bizə Herklın bir qəhrəmanlığından danışdı. Söz verdi ki, əgər sabah dərsi yaxşı öyrənsək, bizə Heraklın yeni bir qəhrəmanlığından danlşacaq. İnandırıram sizi ki, gecəni heç birimiz yatmadıq. Səhərisi gün fizika dərsinə hamı bir nəfər kimi hazırlıqlı gəlmişdi. Müəllim də sözünə əməl etdi. Bu dəfə Heraklın ikinci qəhrəmanlığını danışdı. Mənə elə gəlir ki, internatda gördüklərimi danıçmaqla qurtarmaq olmaz. Bu xoşbəxt illərdə xoşuma gələn cəhətlərdən biri də o idi ki, 3-cü 4-cü dərs arasında böyük tənəffüs olurdu. Tənəffüs vaxtı musiqi səslənir, uşaqlar foyedə rəqs edirdilər. Eyni zamanda nahara qədər uşaqlara yüngülvarı yeməkdə paylanırdı. Qayğısız, xoşbəxt həyat sürürdük. İnternatın hər bir sinif otağı, idman zalı, akt zalı, hamısı mənim üçün əzizdir. Bu mənim tam həqiqi sözümdür, demokratik cəmiyətdə mənim uşaqlarıma edə bimədiyimi internat mənim üçün edib.

Oruc İzzətoğlu eyni zamanda dərin istedada və geniş yaradıcılıq diapazonuna malikdir. Sənətin bütün sahələrində özünü sınayıb, rejissor, dramaturq, yazıçı, publisist, rəssam, aktyor kimi fəaliyyət göstərib. Oruc İzzətoğlu yaradıcılığı haqqında danışmaq həm də böyük cəsarət tələb edir.

Tanıtım: Oruc İzzətoğlu Qurbanov 1949-cu il iyulun 24-də Bakıda anadan olub. O, 8 saylı Musiqi Təmayüllü İnternat Məktəbini, Azərbaycan Dövlət İncəsənət Universitetini, məşhur rejissor A.V.Efrosun rəhbərliyi altında Moskvada ali teatr rejissorluğunu bitirib. 80-ə yaxın tamaşaya quruluş verib. Xocalı faciəsinə həsr olunmuş “Haray” (1994) bədii filmini və Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru”  televiziya filmini (1995) çəkib. Qırxa yaxın televiziya və radio tamaşaları hazırlayıb.

Ailəlidir, dörd uşağı var.

Oruc İzzətoğlu səhnədə rejissor kimi müstəqil fəaliyyətə “Tədris teatrı”da quruluş verdiyi Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə başlayıb. Mütəxəssislərin fikrinə görə tamaşa uğurlu alınıb. Mətbuat səhifələrində müsbət rəylər söylənib.

Görkəmli rejissor xalq artisti Tofiq Kazımov Azərbaycan Dövlət Dram Teatrında 1981-ci ildə Leonqard Frankın “Yad adam” əsərini tamaşaya qoymağa hazırlaşırdı. Amansız ölüm imkan vermədi. Tamaşanın rejissorluğu Oruc Qurbanova həvalə edildi və ictimai baxış zamanı müzakirədə iştirak edən bir çox görkəmli şəxslər Oruc Qurbanovun dram teatra rejissor təyin edilməsini tələb edirlər. İdeya müsbət qarşılansa da, hadisələrin sonrakı inkişafı ədalətli sonluqla bitmədi.

Oruc İzzətoğlu müxtəlif illərdə Lənkəran, Sumqayıt, Gəncə, Ağdam və Bakı Bələdiyyə teatrlarında rejissor və baş rejissor kimi fəaliyyət göstərmişdir.

Lənkəran Dövlət Dram Teatrında Şekspirin “Qış nağılı”, A.Ostrovskinin “Tufan”,Y.Qaşekin “Əskər Şveykin sərgüzəştləri”, C. Cabbarlının “Oqtay Eloğlu”, “Aydın”, Ə. B.Haqverdiyevin “Dağılan tifaq”, A.Safronovun “Qəribə doktor” və digər bir çox əsərlərə quruluş vermiş, teatrşünasların müsbət rəyləri ilə qarşılanmışdır. “Qəribə doktor” tamaşasına müəllif və görkəmli rus şairi Nikolay Tixonov baxaraq, rejissor işinə yüksək qiymət vermişlər.

1982- ci ildə Oruc Qurbanovun Sumqayıt teatrında Hüseyn Cavidin 100 illiyinə həsr olunmuş “Afət” tamaşası teatr həyatında bir hadisəyə çevrilir. Bunu böyük ziyalılarımızın tamaşa barədə yazdıqları da təsdiq edir:

“Bu axşam Sumqayıt teatrında baxdığım tamaşa uzun müddət mənim yadımdan çıxmayacaqdır. Zənimcə, bu tamaşa müasir teatrımızın tarixində ən parlaq səhifələrdən birini təşkil edəcəkdir…”

  1. Lomonosov adına

 Moskva Dövlət Universitetinin professoru,

 əməkdar elm xadimi Əziz Şərif

-“Gözəl tamaşa ilə sizi təbrik edirəm. Xəstə halda tamaşaya gəlmişdim. Böyük zövqlə tamaşa etdim. Mənə elə gəldi, Parisin ən yaxşı teatrlarında tamaşaya baxırdım. Fransız stilli, maneralı tamaşadır…”

 SSRİ xalq artisti Niyazi:

– Oruc!

“Afət” tamaşasına böyük həvəslə, maraqla baxdım. Gözəl bir tamaşa, yaxşı bir rejissor işi gördüm.

Uğurlar, daha böyük müvəffəqiyyətlər arzulayıram.

SSRİ Xalq artisti, Professor Mehdi Məmmədov

Oruc İzzətoğlunun Gəncə Dram  teatrında quruluş verdiyi  Nüşabə Məmmədlinin “Cavad xan” tamaşası mütəxəssislər tərəfindən yeni söz, yeni addım kimi qiymətləndirilib. O, Bakı Bələdiyyə Teatrının səhnəsində bir-birinin ardınca bir neçə tamaşaya səhnə həyatı verib. Nazim Hikmətin “Damokl qılıncı”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Sofoklun “Elektra” və digər tamaşalara uğurlu quruluşlar vermişdir. Filologiya elmlər doktoru A.Babayev yazırdı: ”Nazim Hikmətin maraqlı sujet xəttinə malik olan bu pyesi müharibə əleyhinə yazılmış bir əsərdir. Tamaşada “damokl qılıncı” insanlığın başı üzərində böyük bir təhlükədir. Nazik bir ipdən asılmış bu qılınc hər dəqiqə yerindən qopub düşə bilər”.(21 fevral 2002-ci il. “Azərbaycan” qəzeti).

Geniş Azərbaycan ictimaiyyətinin teatr rejissoru kimi tanıdığı Oruc İzzətoğlu kino rejissoru kimi də bəxtini sınayıb. Rejissorun çəkdiyi “Haray” filmi 1993-cü il fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən günahsız xocalıların kütləvi soyqrımına həsr olunmuşdur. Filmin rejissoru respublikanın tanınmışteatr rejissorlarından biri, uzun müddət Azərbaycan teatrlarında baş rejissor işləmiş və bu teatrlarda repertuar mədəniyyətinin yaranmasında əvəzsiz xidməti olan Oruc Qurbanovdur. “Haray” filmi onun kinoda ilk işidir. Filmin əsas məziyyətlərindən biri odur ki, rejissor filmin çəkilişlərində professional aktyorlardan demək olar ki, istifadə etməmişdir. Filmin aktyor ansamblı Xocalı soyqırımının canlı şahidləri idi.

“Xocalı dərdi hamımızın qulaqlarında əbədi səslənəcək haraydır. Bu harayın təkcə özümüzün deyil, bütün dünyanın eşidə bilməsi üçün hələ çox iş görmək lazımdır” (17 aprel 1997-ci il. “Günay” qəzeti).

Oruc İzzətoğlu eyni zamanda Ulu Öndərimiz Heydər Əliyev haqqında “Haqqa doğru” bəddi-sənədli filmini çəkmişdir. Filmin ssenari müəllifləri  xalq artisti Mikayıl Mirzə və Zəlimxan Yaqubdur. Film televiziya ekranlarında uğurla nümayiş etdirilmiş, çoxmilyonlu Azərbaycan tamaşaçılarının rəğbətini qazanmışdır.

2005-ci ilin teatr mövsümündə Akademik Dram Teatrının repertuarına yeni bir tamaşa “Dirilən adam” da əlavə olundu. Yazıçı Mir Cəlalın eyniadlı romanı əsasında hazırlanmış iki hissəli tamaşanın quruluşçu rejissoru və səhnə variantının müəllifi əməkdar incəsənət xadimi Oruc İzzətoğludur. Yazıçının yaddaşlarda dərin iz, təəssüratlarda silinməz cizgilər qoyan məhz bu əsərinə müraciət etməsi maraqlı və diqqətəlayiq məqamlardır.

Tamaşaya baxan Heydər Əliyev fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, tanınmış ziyalı Arif Paşayev rejissor işinə yüksək qiymət vermişlər. Dövrü mətbuatda bu tamaşa barədə bir kitab həcmində məqalələr yazılmışdır:

-“Dirilən adam”ın Akademik Milli Dram Teatrındakı tamaşası görkəmli ədibin teatr aləminə dəyərli yadigarı oldu.”

“Ədəbiyyat” qəzeti 3 iyun, 2005.

Oruc İzzətoğlu “Dirilən adam” tamaşasına görə ilin ən yaxşı rejissoru  kimi 2006-cı ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Hazırda tanınmış rejissor İ.Əfəndiyevin  Qarabağ mövzusuna həsr edilmiş “Geriyə baxma qoca” romanının səhnə variantını xalq yazıçısı Elçinlə işləmişdir.

Tanınmış rejissor O. İzzətoğluya həsr olunmuş bir neçə məqaləni olduğu kimi təqdim edirik.

TANINMIŞ  YAZIÇI

 Oruc Qurbanov yaradıcılıq fəaliyyətinə IX sinifrən başlamışdır. Yazıçının “Çarəsiz oğru” povesti bir vaxtlar  dövlət qayğısı ilə  böyüyüb-tərbiyyələnən, sonradan ona yad, biganə olan bir ictimai sistemə atılan balaca qəhrəmanın faciəsidir. Povestdə anasının cərrahiyyə əməliyyatı, dava-dərmanı üçün oğurluq etməyə məcbur olan atasız, kimsəsiz oğlandan bəhs edilir. Oruc Qurbanov bu povesti mərhum anasının əziz xatirəsinə həsr etmişdir.

Yazıçının “Ölümlə rəqs” povestində də əsas mövzu ananın balalarını maddi, mənəvi sıxıntıdan xilas etmək üçün qəddar həyatla apardığı ölüm-dirim mübarizəsidir. Müəllif  “Ölümlə rəqs” hekayəsində “həyatın dibi”nə əl ataraq, onun alt qatında dərdlər içində itib-batan namuslu insanların bəxtsiz taleyini qələmə alır. Bu əsərdə də müəllifin şəxsi yaşantıları ön plandadır.

Oruc İzzətoğlunun geniş oxucu auditoriyasının bu yaxınlarda ixtiyarına verilən “Nuh Peyğəmbər” roman-əsatiri bəşəri bir mövzuya həsr olunmuşdur. Romanda milləti tərəfindən rəhbər seçilən və bir gecənin içidə azdırılaraq elə milləti tərəfindən də təhdidlərə, təhqirlərə və ölümə məhkum edilən Uca Tanrı elçisinin məşəqqətli həyatından bəhs olunur. “Nuh Peyğəmbər” romanı haqqında Azərbaycan yazıçıları yüksək fikirdə olmuş və öz müsbət rəylərini mətbuat vaistəsilə açıqlamışlar. Görkəmli filoloq, professor Xalid Əlimirzəyev roman haqqında bu fikirlərdə olub: –  “Nuh Peyğəmbər” əsəri Azərbaycan ədəbiyyatında son dövrdə yazılanlar içərisində öz orijinallığı, üslubu ilə seçilən çox ciddi, qiymətli əsərlərdən biridir. Roman-əsatir sənətkarlıq üslubu, sujet-kompozisiya cəhətdən çox ustalıqla qurulub. Bir gecənin hadisələrini böyük bir romana sığışdıraraq, onların Nuh Peyğəmbər dövründən, hətta ondan əvvəlki dövrlərdən başlayaraq bəşəriyyətin keçdiyi yolu tarixlə vəhdətdə vermək yazıçıdan son dərəcə güclü ümumiləşdirmək bacarığı tələb edir. Oruc bu işin öhtəsindən bacarıqla gələ bilib.”

“525-ci qəzet”. 18 iyul 2003

QEYRİ-ADİ PUBLİSİST

Oruc İzzətoğlunun çox gözəl qələmi var. Azərbaycanın çoxsaylı mətbuat səhifələrində bir çox dəyərli, önəmli məqalələri dərc edilmişdir. Publisist Oruc İzzətoğlu yazdığı məqalələr vaistəsilə Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərinin portretini, nəhəng obrazlar qalereyasını yaratmışdır. “Mirzə İbrahimov-90” məqaləsində publicist Azərbaycan ədəbiyyatında “Gələcək gün”, “Pərvanə”, “Madrid”, “Böyük dayaq” kimi əsərlər qoyub getmiş, görkəmli yazıçının həyat və yaradıcılığını tam təhlil etmişdir. Digər çox önəmli bir məqalə “Aktyorların ən böyüyü Ələskər Ələkbərov” haqqında yazılan məqaləni həyəcansız oxumaq mümkün deyil. Publisist qələmi ilə Ələskər Ələkbərov sənətinə bütün incəlikləri ilə açıqlama gətirir. Dahi aktyorun yaratdığı nəhəng obrazlar qalereyası Oruc Qurbanov dühası ilə analiz edilir.

Maraqlı yazılardan biri də Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında canlı səlnaməyə çevrilmiş Adil İskəndərov haqqında məqalədir. Publisist məqaləyə dahi şəxsiyyətin yaradıcılığını açıqlayan gözəl bir sərlövhə vermişdir – “Azərbaycan incəsənətinin patriotu.”

Yaddaqalan məqalələrdən biri də Azərbaycan kinosunun inkişafında özünəməxsus xidmətləri olan kinorejissor Arif Babayev haqqında olan “Pərvanə” məqaləsidir. Məqalədə incəsənət və mədəniyyət sahəsində çalışan görkəmli şəxslərin Arif Babayev haqqında fikirləri ön plana çəkilmişdir.

Oruc İzzətoğlunun publisistikası geniş, əhatəli və rəngarəngdir. Publisist mütamadi olaraq mətbuat səhifələrində dolğun məqalələri ilə çıxış edərək, yeni insan obrazları yaradır.

YENİ AMPLUAYA MALİK DRAMATURQ

 Azərbaycanın bir çox teatr sahələrində quruluşçu rejissor kimi fəaliyyət göstərən Oruc İzzətöğlunun eyni zamanda özünəməxsus dramaturgiyası vardır. Hətta o, qələmə aldığı bir çox pyeslərə özü rejissorluq etmişdir. Onun qələmə aldığı “VII İmam Museyi Kazım” əsəri Qafqaz Müsəlmanları İdarəsi, Qazilər Şürası və elmi-dini şüranın diqqətini cəlb etdiyindən müzakirəyə çıxarılmış və layiqli qiymətini almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Bəkir Nəbiyev:

-Tanımadığım, bilmədiyim bu kişinin əsərini oxuyanda onun əqlinin dərəcəsi, istedadı, dramaturq istedadı məni cəlb etdi. Bu əsəri səhnəyə də, tamaşaya da, çap olunmağa da kifayət dərəcədə əsaslı bir  əsər hesab edirəb”.

Akademik Fuad Qasımzadə: “Mən bu əsəri dolğun bir əsər kimi bəyənmişəm.”

Şeyxülislam Hacı Allahşükür Paşazadə: ”İzzətoğlu, siz onu düz düyirsiz ki, dinlə incəsənət arasında müəyyən bir körpü yaratmaq lazımdır. Siz bunu yaratmaq istəyirsiz. Biz də istəyirik ki, sizə kömək edək. Amma o adam ki, İmam Museyi Kazımı canlandıracaq, o sənətçinin şəxsi keyfiyyətləri zəngin və yetkin olmalıdır.”

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Elmi-Dini Şüranın sədri akademik Vasim Məmmədəliyev: “Biz sizin o gözəl əsərinizin çap olunmasını məsləhət bilirik, səhnə təcəssümünü də buraxın zamanın öhdəsinə, inşallah, zaman yetişər, bizim artistlərin də səviyyəsi gəlib o səviyyəyə çatar. Biz də, inşallah, onu səhnədə görüb, feyziyyab alarıq.Uğurlar olsun, Oruc müəllim.”

Oruc İzzətoğlunun dramaturq, rejissor, həm də bədii tərtibatçı kimi fəaliyyət göstərdiyi tamaşa “Şəhadət karvanının sarbanı Zeynəb” əsəri “Zaman”  teatrında tamaşaya qoyulmuşdur. Tamaşada tarixi mövzuya müraciət edilmişdir. Belə ki, din yolunda şəhid olmuş Peyğəmbər övladlarının Kərbəla vadisində qətlə yetirilmələri idi. Teatrın bu mövzuya müraciət etməsində məqsəd zülm və ədaləti mizan çərçivəsində çəkmək, insanların tarixi faciəsinin köklərini açıb tamaşaçıya göstərməkdədir.

Dramaturqun qələmə aldığı digər pyes “Yaşamaq xatirinə yaşamaq” adlanır. Oruc İzzətoğlu dramaturgiyasının pərəstişkarları yeni actual və müasirliklə səsləşən pyeslərin Azərbaycan səhnəsində tamaşaya qoyulmasını səbirsizliklə gözləyirlər.

O, RƏSSAM İDİ

Geniş yaradıcılıq diapazonuna malik olan Oruc İzzətoğlu yüksək peşəkarlıqla tamaşaya qoyduğu bir çox əsərlərə həm də rəssamlıq etmişdir.Yüksək yaradıcı fantaziyaya, fitri istedada malik olan bu şəxs öz tamaşalarında rəssamlıq sənətinin incəliklərini profesionallıqla  açıb Azərbaycan tamaşaçılarına təqdim etmişdir.

Onun Bakı Bələdiyyə teatrının səhnəsində tamaşaya qoyulmuş Sofoklun “Elektra” əsərinin rejissoru və rəssamı məhz dramaturqun özü idi. Teatrın bu əsərə müraciəti teatr tariximizdə mühum addım oldu. Bu tamaşanın meydana gəlməsi isə peşəkar aktyorluq və rejissorluq məktəbi görmüş Oruc Qurbanovun xidmətidir. Əsərdə onun əsas nailiyyəti ondadır ki,  rejissor yozumunda qədim yunan dramına məxsus içtimai üslub qorunub saxlanılır. Rejissor yozumunda antik teatr ənənəsi qorunub saxlanılaraq, tamaşada obrazların daxili aləmlərinin açıqlanmasına təkan verən dekorasiya tərtibatı həyata keçirilmişdir. Tamaşada uğurlu dekotasiya tərtibatının da müəllifi quruluşçu rejissor Oruc Qurbanovdur.

“Zaman” teatrının səhnəsində tamaşaya qoyduğu “Xəyanət” əsərinin quruluşçu rejissoru və tərtibatçı rəssamı da özüdür.

Dahi mütəfəkkirimiz Hüseyn Cavidin qızı Turan xanım İzzətoğlu barədə demişdir:

-Hörmətli Oruc! İncə zövqlə, yüksək mədəniyyətlə, böyük məhəbbətlə yaratdığın “Afət” tamaşasından aldığım təsir, duyduğum hisslər üçün çox sağ ol, uzun illər var ol, yarat!

Biz də Turan xanımın bu xeyir-duasına hörmətli məzunumuza bitib-tükənməyən tamaşaçı alqışı arzu edirik: Tamaşalarınızdan, əsərlərinizdən aldığığımız təsir, duyduğumuz hisslər üçün çox sağ ol, uzun illər yarat, yaşat   !

BAKI 2009

 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]