Ev Mədəniyyət Lənkəran teatrı Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyinə həsr olunmuş...

Lənkəran teatrı Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa ilə çıxış edib +FOTOLAR

Baxış Sayı 19
0

Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyət evinin səhnəsində Üzeyir Hacıbəyovun felyetonları, pamfletləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasını təqdim edib.

AZpress.AZ xəbər verir ki, teatrın aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyevin 70 illiyinə həsr olunmuş tamaşadan öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran İslam Respublikasının Ərdəbil vilayəti mədəniyyət baş idarəsinin rəis müavini Qərib Mənuçehri və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teartının inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar.

Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Daha sonra Xalq artisti Qabil Quliyevin, əməkdar artistlər Adil Zeynalovun və Sucəddin Mirzəyevin, aktyorlardan Miraslan Ağayevin, Qızılgül Quliyevanın, Əlibala Əsgərovun, Emin Fərzullayevin, Hikmət Cəfərovun, Rauf Zeynalovun və Nizami Qurbanovun iştirakı ilə “Olanlardan-keçənlərdən” tamaşasınıa baxış olub.

Qeyd edək ki, epik səpkidə hazırlanmış tamaşada dramaturji material üçün mövzu Ü.Hacıbəyovun XIX əsrin sonlarında və XX əsrin əvvəllərində müxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pamflet və intermediyalarından istifadə olunub. Elmsizlik və savadsızlığın, köhnə məktəb üsulunun, xalqın tərəqqisinə mane olan adət və ənənələrin tənqidi tamaşanın əsas ideyasını təşkil edir.

Yerli ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti Qabil Quliyevi qəbul edərək ona yubiley təbrikini çatdırıb.

Məlumat üçün bildirək ki, “Olanlardan-keçənlərdən” tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Teatrın repertuarında öz sevilən mövqeyini qoruyub saxlayan bu tamaşa həmçinin Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fondu”na daxil edilib.

(AZpress.AZ, Ağaddin Babayev)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin