Ev REGİONLAR Astarada pilot layihə çərçivəsində “Kimya gecəsi” təşkil olunub

Astarada pilot layihə çərçivəsində “Kimya gecəsi” təşkil olunub

Baxış Sayı 8
0
Astarada pilot layihə çərçivəsində “Kimya gecəsi” təşkil olunub
Astarada pilot layihə çərçivəsində “Kimya gecəsi” təşkil olunub

Təhsil nazirinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” əmrinə müvafiq olaraq Lənkəran Dövlət Universiteti (LDU) ilə Astara, Lənkəran və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığa dair tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində LDU və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Astaranın Kakalos kənd tam orta məktəbində “Kimya gecəsi” keçirilib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə gənc kimyaçıların təqdim etdikləri təcrübə işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Pensər kənd 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri kimya fənnindən praktik biliklərini nümayiş etdiriblər.

Dimitri Mendeleyevin “Kimyəvi elementlərin dövri sistemi cədvəli”nin kəşfinin 150 illiyinə həsr olunmuş gecədə kimya elminin yaranması, ən mühüm kəşflər, dünya şöhrətli kimyaçılar barədə şagirdlərə məlumat verilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Şagirdlər təcrübə məşğələlərini Pensər kənd 2 nömrəli tam orta məktəbin kimya müəllimi, Əməkdar müəllimi Şabala Əliyevin rəhbərliyi ilə keçiblər.

Lənkəran Dövlət Universitetinin (LDU) tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov pilot layihənin və tədbirin əhəmiyyətindən danışıb.

Orta ümumtəhsil məktəbləri ilə əlaqələrin bundan sonra da davamlı olacağını, LDU-nun laboratoriya və fənn kabinələrinin tətil günlərində və açıq dərslər zamanı məktəblilərin ixtiyarına veriləcəyini deyən İ.Əsgərov məktəblilərə elmlərin əsaslarına dərindən yiyələnməyi, praktik bacarıqlarını genişləndirməyi tövsiyə edib.

Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov ali təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin inkişafını yüksək dəyərləndirərək, bunun hər iki tərəf üçün səmərəli olacağını bildirib.

“Kimya gecəsi”ndə LDU-nun “Kimya və fizika” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Gülbəniz Qədirova çıxış edərək, nümayiş olunan təcrübələrdən və məktəblilərin kimya fənni üzrə nəzəri və təcrübi biliklərindən razı qaldığını bildirib, şagirdlərə tövsiyələrini çatdırıb.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin