2022 ci ilin dekabrın 23 ü cümə günü… Bu səhəri olduqca üzücü bir xəbərlə açdım. Saytlardan biri Oruc Qurbanovun uzun sürən xəstəlikdən sonra bu gün səhər çağı dünyasını dəyişdiyini yazırdı… Qan donduran bir xəbər… Sözün düzü adam çox istədiyi hüsnü-rəğbət bəslədiyi bir adam haqqında belə bir xəbər alanda qanının donub nitqinin sükut etməsinə baxmayaraq belə bir xəbərin səhihliyinə bəzən bütün ömrü boyu belə inana bilmir. H.A.Turabovun Ə.Qədirovun K.Sünalın M. Gürsəsin Tarık Akanın F.Foladovun misal aləmindən çəkildiklərinə heç vaxt inanmadığım kimi Oruc Izzət oğlu Qurbanovun da fani aləmi tərkinə inana bilmədim və heç vaxt da inana bilməyəcəyəm!!!…
Hər bir insan övladının həyatında çox az insan olur ki O insandan heç vaxt nə incimirsən nə də bir pislik görmürsən. Fəqət həmin insanın simasında hər dəfə onunla rastlaşanda Tanrının Rəhman sifəti ilə qarşılaşırsan.Tam mübaliğəsiz deyirəm Tanrının bu sifəti Oruc müəllimin simasında dəfələrlə mənə yaxşılıq edib…
Ilk dəfə mən Onu görəndə orta məktəbdə oxuyurdum.Rayonlarımızdan birində -Milli məclisə keçirilən parlament seçkiləri zamanı- M.Mirzə ilə birlikdə böyük insan kütləsinin önündə tribunada görmüşdüm Onu.Qeyri-adi yaradıcı görkəmi ilə hamıdan fərqlənirdi. Onu tanımayan qarşısına ilk kəz çıxan birindən bu adamın kim kimolduğunu soruşsaydınız yalnız bu cavabı ala bilərdiniz: ”Ya rəssamdır ya bəstəkardır ya da rejissor…”
Əgər yanılmıramsa Onu ikinci kəz 98 ci ilin oktyabrında görmüştüm. Ilk ali tədris ilinin ikinci ayının 18 ci günü idi. Kimlərsə inisitutda bizə dedi ki Azərbaycanca cizgi filmlərinin səsləndirilməsi üçün səslər axtarırlar.Sabah axşam üstü saat altıda ”Azad qadın” heykəlinin arxasındakı hündür binanın altıncı mərtəbəsində olun .Orda Oruc müəllim sizi qarşılayıb səslərinizi yoxlayacaq hansınızda alınsa bundan sonra cizgi filmlərini tv kanalı ilə müqavilə əsasında o səsləndirəcək.Bir neçə nəfər 1 ci kurs tələbəsi yarın deyilən vaxtda orda olduq. Oruc Qurbanovu ikinci ikincikəz o zaman gördüm.
Bu yaşantının da üzərindən nə az nə çox düz yeddi il ötüb keçəndən sonra yə’ni 2005 ci ildə Onu üçüncü dəfə Akademik Milli Dram Teatrının səhnəsində mərhum M.C.Paşayevin ”Dirilən adam” romanının bədii mətni əsasında özünün səhnələşdirib, səhnəyə sunduğu eyni adlı tamaşanın quruluşçu rejissoru kimi gördüm.
Hələ tamaşanın əmrinin verilməsindən xeyli əvvəl bir səhər vaxtı teatrın bufetində oturub çay içirdim.Yaşlı nəslin nümayəndələrindən kimlərsə nədənsə narazı-narazı gileylənirdi.Qəfildən mərhum Kamal Xudaverdiyev həmin aktyorlara sarı çönüb : ” Darıxmayın, hələ ki , meydan boşdur, Oruc təzə tamaşaynan gəlir. Ona qədər ömürləri var. O gələndən sonra görüm neynəyəcəklər…”’ Kamal müəllimin ağzından çıxan bu kəlimələr elə sirli – sehirli bir təsir oyatdı ki, məndə , həm ani surətdə Oruc Qurbanovun necə böyük bir rejissor və öz sənətinin bilicisi olduğunu anladım; Həm də belə böyük sənətkar rejissorla işləmək, ondan sənətin sirrlərini öyrənmək üçün elə həmin an qəlbimin dərinliklərində : ” Ya Allah, Oruc Qurbanov öz tamaşasında mənə də rol versin…” deyə dəfələrcə dua etdim.
Görünür haqq qapısı açıq imiş. ”Dirilən adam” tamaşasının rol bölgüsündə adımı görəndə çox sevindim. Mənim bu tamaşada ifa edəcəyim rol elə də böyük olmadığına görə Oruc müəllim məni tamaşa səhnəyə enənə qədər məşqlərdən azad etdi.Həmin vaxtlar çəkilişlərim və dublyajla əlaqədar işlərim olduğuna görə Oruc müəllim ona yaxınlaşmağımın səbəbinin məşqdən icazə istəməklə əlaqəli olduğunu sanki fəzadan anlamışdı.
O vaxtlar teatrdakı əmək haqqımız çox zəif olduğundan qəpik-quruş çörək pulu qazanmaq üçün yuxarıda qeyd etdiyim kimi çəkilişlərə və dublyaj üçün tv və prodakşnlara gedirdim.O da iş düşəndən-düşənə. ”Dirilən adam” ın məşqlərindən birindən çıxarkən Oruc müəllim mənə dedi ki, ”Sərdar, ”Zaman” teatrında bir dini tamaşa hazırlayacam. Gedək mənnən ora. Səni direktorla tanış eləyim. 3 aylıq müqavilə bağla, işlə. Heç olmasa sənə də köməklik olar. Bu maaşla dolanmaq olmaz…” Sözün açığı bu təklif mənim üçün göydən düşmə oldu. Oruc müəllim məni ”Əhli beyt Zaman ” dini teatrına apararaq teatrın direktoru Nizami Mirsalayevlə tanış etdi. Aylığı 15 şirvana teatrla müqavilə bağlayaraq teatrda işləməyə başladım.Azdramadakı maaşım isə bir neçə ay olardı ki, 9 şirvan yarımdan 12 şirvana qalxmışdı. Fəqət ev kirayəsinin aylığı 15 şirvan idi.
Mövzudan yayınmayım.Oruc Qurbanov məni direktorla tanış edəndən sonra Nizami Mirsalayev teatrda yeni hazırlanacaq ” Şəhadət karvanının sarbanı Zeynəb” tamaşasında baş rolu yəni Yezid Ibni Müaviyyəni oynamaq üçün mənim namizədliyimi irəli sürdü və Oruc müəllim də həmən: Mənim heç bir etirazım yoxdur” deyə cavab verdi.Bax elə bu gündən bizim Oruc müəllimlə uzun illər sürəcək dostluğumuzun təməli qoyuldu. ( Təxminən 2005 ci ci ilin novruz öncəsi günlərindən biri idi ). O artıq mənim üçün Oruc Qurbanovdan Oruc müəllimə çevrilmişdi.Yezid Ibni Müaviyyəni oynayarkən mənim 24 yaşım vardı. Etiraf edim ki, bu yaradıcılıq mübadiləsi zamanı Oruc müəllimdən çox şeylər öyrəndim.
Əsərin həm dramnəvisi, həm də quruluşçu rejissoru olan Oruc Izzətoğlunun ” Şəhadət karvanının sarbanı Zeynəb” tamaşasını dörd dəfə 16 sı, 17 si, 18 i və 20 sində o vaxtki ”28 May adına Mədəniyyət evi” nin səhnəsində nümayiş etdirdik. ( O vaxt Ramiz Əzizbəyli ” Azərbaycanfilm kinostudiyası” üçün ”Yalan” filmini çəkirdi və mən də həmin filmdə çəkilməli idim, fəqət filmin çəkiliş günləri ilə tamaşa günləri üst-üstə düşdüyündən həmin filmdə çəkilməkdən imtina edəsi olmuşdum).
Söz – sözü çəkmişkən onu da qeyd edim ki, Oruc müəllim həm də güclü qələm sahibi idi.Onu bir publisist-qəzetəçi yazar kimi hələ uşaqlığımdan qəzet səhifələrində nəşr olunan məqalələrindən yaxşı tanıyırdım. Yə’ni daxilən necə zəngin birisi olduğunu hələ özünü rəsmən tanımadığım zamanlardan bilirdim. Yuxarıda da ismini qeyd etdiyimiz pyesdən başqa müəllifin əlavə bir neçə başqa pyeslərinin də olduğunu bilirdim. Lakin komediya janrında qələmə aldığı – əgər yanılmıramsa, həmin pyesin adı ”Ər arvad” olmalıydı – və həmişə komediyadan söz düşəndə ağız dolusu bəhs edərək, mənə : ” Bilirsən, nə oynayardın ordakı kişini sən?!..” deyərdi mənə. Bir nasir kimi Onun romanlar və povestlər müəllifi olması da Onun çoxşaxəli istedadının göstəricilərindən biri idi.”Nuh Peyğəmbər” romanını elə dostluğumuzun ilk illərində içini yazaraq bəndənizə hədiyyə etmişdi bu böyük insan.
O, istəsəydi çox böyük rəssam da ola bilərdi. Bu qənaət məndə hələ 24 – 25 yaşlarında bir cavan olarkən formalaşmışdı Onun quruluş verdiyi tamaşaların özü tərəfindən hazırlanan maketlərini seyr edərkən. Insan valeh olurdu bu nadir istedad sahibinin çoxşaxəli yaradıcılıq dünyasına.
Əgər təqvimin dəqiqliyində səhvə yol vermirəmsə, 2012 ci il in yayı idi. Yəni Oruc müəllimlə 3 cü görüşümüzdən bir 7 il də ötüb keçmişdi. Hər ikimizin ”Ulduz” jurnalının eyni sayında bir hekayəmiz dərc olunmuşdu. Görüşdüyümüzdə O, mənə , ” Sərdar Ulduzda sənin ”Qeyri adi zarafat” ını oxudum.Sənə bir tövsiyyəm var – kiçik bir sükutdan sonra başı ilə təsdiqləyərək və çox səmimi və düşüncəli bir çöhrə ilə əlavə etdi – Sən qətiyyən qələmi əlindən yerə qoyma.Davam elə.Yaz!” dedi…
Oruc müəllimin Bakı Bələdiyyə Teatrında quruluşçu rejissor kimi quruluş verib, hazırladığı 3 tamaşasını seyr etmişdim : ” Elektra”, ”Ölülər” və ”Domoklun qılıncı” tamaşalarını.Onun ”Elektra”sı salonda tamaşaçı qismində qismində əyləşmiş izləyicidə sözün əsil mə’nasında sənət incisi təəssüratı yaradırdı. Teatrların çox çətin maddi sıxıntıların əlində aciz qaldığı bir dönəmdə Oruc Qurbanov dünya səviyyəsində, dünyanı gəzib dolaşmağı haqq edən bir sənət incisi bəxş etmişdi Azərbaycan teatrına o dönəmdə.”Domoklun qılıncı”nı izlərkən isə baş rolun ifaçısı Rafiq Ibrahimovun səhnədəki canlı ifası mənə qeyri-ixtiyari olaraq : ”Bu aktyor bu teatrın Hamletidir!” dezizdirmişdi.
Oruc müəllimin quruluşunda aktyor kimi son işim H.Mirələmovun ” Axirətdən mesaj ” pyesindəki Samir rolu oldu. Ustad rejissor və gözəl müəllim olan, aktyorun yaradıcılıq imkanlarını açıb göstərməktə misilsiz öyrətmənlik istedadına malik Oruc müəllimdən qarşılaşdığımız bu son yaradıcılıq işində də çox şeylər öyrəndim.
Azərbaycan teatrının gəlmiş-keçmiş ən böyük rejissorlarından biri olan Oruc müəllim haqqında bəndəniz yalnız öz nacizanə düşüncələrini, xatiratında hifz olunanları bölüşməklə məsuldur. Azərbaycanın teatr tarixinə biri-birindən misilsiz sənət inciləri təqdim etmiş bu böyük və nadir istedad sahibini hələ 80 ci illərin əvvəllərində dahi rejissor və böyük pedaqoq Mehdi Məmmədovun özünün mənəvi varislərindən biri e’lan etdiyi də mətbuat tariximizdən məlumumuzdur.Burada kiçik bir haşiyəyə çıxıb qeyd etmək istərdim ki, heç şübhəsiz Azərbaycan teatr tarixində məhz A.Iskəndərov və M.Məmmədovdan sonra monumental tamaşaların ən yaxşı 3 rejissorundan biri olmaq şərəfi də məhz Oruc Qurbanov a nəsib oldu.
Onlarla tamaşaya biri-birindən gözəl və təkrar edilməz quruluşları ilə fərqlənən Oruc müəllim gündəlik həyatda çox sadə, təvazökar və olduqca xoşrəftar bir insan idi.
Oruc müəllimin süfrəsində uzun illər çörək kəsmişəm.Çörək haqqı Tanrı haqqıdır deyirlər. Çörəyi itirəni Allah qarğıyar. Bu yazı boyu Sizinlə ruhani rabitəyə girərək xatirimdə yaşayanların kiçik bir qismini sözcüklərə çevirdim əziz və heç bir zaman xatirələri, kişiliyi, mərdliyi unudulmayacaq özü, üzü və sözü düz Oruc müəllim. Mənim Sizin üzərinizdə heç bir haqqım yoxdur. Siz isə haqqınızı lütfən halal edin hocam!…
Saat : 01-47… 9.1.2023.
( Serdar Rustem ).