Sizinxeber.az – Azərbaycan Xəbərləri

Rusiyalı ekspert: Azərbaycan Çin məhsullarının tranziti ilə maraqlanır

Rusiyalı ekspert: Azərbaycan Çin məhsullarının tranziti ilə maraqlanır
2 dəfə Baxılıb
24 Mart 2019 - 20:39

Rusiyalı ekspert: Azərbaycan Çin məhsullarının tranziti ilə maraqlanır
Mərkəzi Asiya Rusiya, Çin və əlbəttə ki, ABŞ-ın geosiyasi maraqları planında ən vacib regionlardan sayılır. Bu geosiyasi oyunçuların hər biri sözügedən bölgədə iştirakını və nüfuzunu özünəməxsus şəkildə gücləndirməyə çalışır. Həmin ölkələrin siyasətini təhlil etsək, onların balanslaşdırılmış siyasət yürütməyə cəhd etdiklərini sezmək olar. Ancaq son hadisələr göstərir ki, bu bölgədə Çinin nüfuzu daha çox artıb.
Rusiyanın Mərkəzi Asiya üzrə eksperti Pavel Zariffulin Çinin Mərkəzi Asiyada nüfuzunu artırmaq cəhdləri və onun Azərbaycana təsirləri barədə Oxu.Az-a danışıb.
– Bu gün Çin Mərkəzi Asiyada aktiv siyasət yürüdür. Moskva ilə Pekinin maraqlarının toqquşması nə dərəcədə gözləniləndir?
– Bu gün Çin Mərkəzi Asiya və digər regionlarda aktiv investisiya siyasəti yürüdür. Rusiya hazırda investisiya məsələlələrində bir sıra səbəblərə görə onunla rəqabətə girə bilmir. Buna qlobal iqtisadi böhran da, Qərbin tətbiq etdiyi sanksiyalar və iqtisadi artım tempinin zəifləməsi də təsir edir. Ölkənin iqtisadiyyatında bir növ pozuntu meydana gəlir.
Burada Karl Marksın sözləri yada düşür. O əmin edirdi ki, siyasət iqtisadiyyatın sonradan əlavə olunmuş mərtəbəsidir və səbəb-nəticə qarşılıqlı əlaqəsi var. Burada iqtisadiyyat səbəb, siyasət isə nəticədir.
Cəmiyyətin siyasi maraqlarını hər zamanı iqtisadi tərkib hissələri müəyyən edib. Kimi maaşların, müavinətlərin qaldırılması uğrunda, kimlərsə şəxsi mülkiyyətin özgəninkiləşdirilməsi, iri hasilat sənayesinin milliləşdirilməsi uğrunda mübarizə aparır.
Yaranan ixtilafların nəticəsində siyasi partiyaları öz proqramlarının qələbə çalması və tələbələrin, o cümlədən, iqtisadi tələblərinin mübarizəsi uğrunda siyasi arenada mübarizə aparmağa başlayır.
Rusiya bu gün Mərkəzi Asiya ölkələrindəki iqtisadi mövqelərindən geri çəkilir və nəticədə, siyasi mövqelərini itirmiş olur. Ancaq indiki vəziyyətdə hələlik Moskva və Pekin maraqlarının toqquşmasından danışmaq olmaz. Rusiya bütün istiqamətlərdə məğlubiyyət acısını yaşayır.
– Bir çox ekspertlər Çinin  regionu ilk növbədə öz investisiyaları ilə ələ keçirdiyi qeyd edir. O, Mərkəzi Asiya ölkələrinin maddi həyatında hansı şəkildə təzahür edir? Və bu Rusiya üçün nə dərəcədə təhlükəlidir?
– Mərkəzi Asiya dövlətlərinin Çinə olan xarici borcuna nəzər salmaq kifayətdir. Qırğızıstanda xarici borc 1,7 milyard dollar təşkil edir. Başqa dillə desək, dövlətin ümumi xarici borcunun 40%-ni təşkil edir. Tacikistanda bu göstərici 1,2 milyard dollara yaxındır və ümumi xarici borcun yarısından çoxunu təşkil edir. 
Qazaxıstanda isə 12, 6 milyard dollardır (xarici dövlət borcunun 7,36%-i). Türkmənistan, Özbəkistanın Çinə olan borcunun məbləği barədə informasiya olmasa da, 2016-cı ildə Özbəkistanın xarici borcunun ümumdaxili məhsulun 16%-ni təşkil etdiyi dəqiqdir.
2017-ci ildə Türkmənistan Çinə 30 milyard kubmetrdən çox qaz tədarük edib. Onun götürdüyü kreditlərə görə hasil etdiyi qazın, demək olar ki, hamısını hələ neçə il Çinə ötürəcəyi məlum deyil.
Türkmənistan çinlilərin bir sıra iqtisadi və maliyyə parametrləri üzrə dominant mövqelər tutduğu üç mərkəzi Asiya respublikasından biridir (Tacikistan və Qırğızıstanla yanaşı).
Türkmənistanın Çin Xalq Respublikasına ixrac olunan təbii qaz və ona verilmiş borcdan başqa gəlir yeri yoxdur. Ancaq iqtisadiyyatının qapalı olması borc risklərinin hesablanmasını çətinləşdirir.
Çin Mərkəzi Asiya ölkələrinə aşağı faizli (təxminən illik 2 faiz) kredit ayırır. Ancaq bu da ölkənin suverenliyindən məhrum olmasına kifayət edir. Pekin beynəlxalq layihələrə Çin podratçılarının, işçi qüvvəsinin, texnologiya və biznesinin cəlb olunması şərtilə kredit ayırır.
Əsasən, onlar avtomobil və dəmiryollarının, enerji obyektlərinin tikintisinə və təmirinə sərf olunur.
– Bəs Pekinin Azərbaycan ərazilərindən də keçən “Böyük İpək Yolu” layihəsini necə dəyərləndirirsiniz?
– Bu gün Çinin investisiya ekspansiyası yalnız ölkənin iqtisadi inkişafına, öz vətəndaşlarının işlə təmin olunmasına, Çinin biznes icmasına daha geniş imkanların yaradılmasına hesablanıb. Ona görə də “Böyük İpək Yolu” layihəsini yalnız bu planda nəzərdən keçirmək lazımdır. Tarixən “Böyük İpək Yolu”nun ticarət marşrutları dəyişilməz olaraq Azərbaycandan keçib. O, Çin və Avropa arasında bir “qapı” rolunu oynayıb.
Əvvəllər bu yolu “Strabon” yolu adlandırırdılar. Daha təhlükəsiz yol idi. Günümüzdə “Böyük İpək Yolu” onun ötüb-keçdiyi Azərbaycan şəhər və qəsəbələrinin inkişafında hər hansı böyük rol oynamayacaq. Bununla belə, Azərbaycandan keçən hissə, əvvəlki kimi, yolun ən təhlükəsiz hissəsi olacaq.
Azərbaycan Çin mallarının öz ərazisindən Avropaya tranzitinin genişləndirilməsində maraqlıdır. Ancaq problem tranzitin layihənin ilkin mərhələsində təmin olunmasındadır. Bunsuz “Böyük İpək Yolu” da ola bilməz.
Öz növbəmizdə, Avrasiya ekspertləri olaraq, qardaş Azərbaycan xalqına Çinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq nümunələrini hərtərəfli şəkildə araşdırmağı, onların yol verdiyi səhvləri təkrarlamamağı, ölkənin “bədxah” çinli investorların əsarətinə düşməsinin qarşısını almağı arzu edirik.
Bu, elə bir məsələdir ki, yüz ölçüb bir biçmək vacibdir. Çünki söhbət təkcə bizim gələcəkdən yox, eyni zamanda, gələcək nəsillərin gələcəyindən gedir.
Çini tez-tez “qızıl və müdrik əjdahalar” adlandırırlar. Ancaq biz çox yaxşı bilirik ki, əjdahanın başqa – acgöz və qəddar sifəti də olur. Ona görə də Azərbaycan rəhbərliyi və ictimaiyyəti Çinin qlobal iqtisadi layihələrini diqqət və tam məsuliyyətlə nəzərdən keçirməlidir.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]