Ev Müsahibə Ziyad Səmədzadə: Evlərini, mülklərini, maşınlarını itirənlər var – MÜSAHİBƏ

Ziyad Səmədzadə: Evlərini, mülklərini, maşınlarını itirənlər var – MÜSAHİBƏ

Baxış Sayı 218
0
Ziyad Səmədzadə: Evlərini, mülklərini, maşınlarını itirənlər var - MÜSAHİBƏ
Ziyad Səmədzadə: Evlərini, mülklərini, maşınlarını itirənlər var - MÜSAHİBƏ

Ziyad Səmədzadə: Evlərini, mülklərini, maşınlarını itirənlər var – MÜSAHİBƏ
Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə cavablandırır:
– İstərdik ki, problemli kredilərin həlli ilə bağlı ölkə prezidentinin fevralın 28-də verdiyi fərmana toxunaq. Bu fərmanı necə qiymətləndirirsiniz? Bu məsələdə haralardan haralara gəlindi?
– Problemli kreditlər məsələsi son dörd il ən çox müzakirə edilən, gündəmin ən vacib məsələlərindən biri idi.
Hər kəs bununla bağlı öz narahatlığını bildirir, problemin həll olunacağı günü gözləyirdi. Çünki 2015-ci ildə ölkənin bank-maliyyə sektorunda yaşananlar, “Beynəlxaq Bank” ətrafında baş verənlər, 21 fevral və 21 dekabr devalvasiyaları əhalinin banklara olan kredit borclarının ödənilməsində çox ciddi problemlər və sıxıntılar yaratdı.
Xüsüsilə dollarla götürülən kreditlərin ödənilməsində banklarla müştərilər, əhali arasında ciddi narazılıqlar özünü büruzə verməyə başladı. Təəssüf ki, bu illər ərzində problemin qarşılıqlı anlaşma şəraitində həlli istiqamətində də banklarla əhali arasında dil tapmaq mümkün olmadı. Banklar özləri də bu yöndə hansısa addım atmaq istəmədi və beləliklə, problem şişə-şişə bugünkü duruma gəlib çıxdı.
Bu məsələ parlamentdə də, bizim komitədə də dəfələrlə müzakirə mövzusu oldu, problemin həlli istiqamətində millət vəkilləri, komitə üzvləri tərəfindən ən müxtəlif təkliflər səsləndirildi, hətta bu yöndə ayrıca qanun layihəsinin hazırlanıb, müzakirələrə çıxarılması və qəbul olunması təklifləri irəli sürüldü. Çünki, millət vəkilləri vətəndaşları, seçiciləri, xalqı parlamentdə təmsil edirlər.
Bu baxımdan, xalqın təmsilçiləri olaraq insanlar bu məsələ ilə bağlı ilk növbədə bizə üz tutur, bizə müraciət edir, bizdən kömək umurdular. Yəni insanlarla, seçicilərlə görüşlərdə onlar tərəfindən bu məsələ daim dilə gətirilir, vətəndaşlar bu problemin çözülməsi ilə bağlı bizdən kömək, yardım istəyirdilər.
Şəxsən mən özüm də bu məsələ ilə bağlı istər parlamentdəki çıxışlarımda, istər mediadakı yazılarımda dəfələrlə öz mövqeyimi bildirdim. Sonuncu – 2019-cu ilin büdcə müzakirələri zamanı çıxışımda növbəti dəfə banklarla bağlı məsələyə toxunaraq, onlardan faiz dərəcələrinə yenidən baxmalarını, onları xeyli dərəcədə aşağı endirmələrini  təklif etmişdim.
Çünki, indiki faiz dərəcələri həddindən artıq yüksəkdir. 30, 28, 26 faiz və sair, çox yüksək rəqəmdir. Bunun mütləq aşağı, yarıbayarıya endirilməsi lazımdır. Eyni zamanda, belə bir təkliflə də çıxış etmişdim ki, vəsaitlər istehlak kreditlərindənsə, real iqtisadiyyata yönəldilməlidir.
Banklar real iqtisadiyyata vəsait qoymaqla, kredit ayırmaqla həm özlərinə, həm də ümumlikdə iqtisadiyyatımızın inkişafına, insanlarımızın rifah halının yaxşılaşdırılmasına daha çox töhfə verə bilərlər.
Ancaq, çox təəssüflər olsun ki, ötən müddət ərzində təkliflər təklif olaraq qaldı, onların gerçəkləşdirilməsi istiqamətində addımlar atılmadı. Hətta bankların sağlamlaşdırılması üçün dövlət tərəfindən addımlar atılsa da, banklar tərəfindən bu istiqamətdə bir hərəkətlilik yox idi. Ancaq çox sevindirici və təqdirəlayiq haldır ki, artıq bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də dövlət başçısı İlham Əliyev öz mövqeyini açıq şəkildə ifadə etdi, problemin həllinə əl qoydu.
Belə ki, fevralın 25-də ölkə prezidentinin yanında keçirilən müşavirədə bir çox məsələlərin yaxın gələcəkdə həllinin anonsu verildi, o cümlədən, əhalini, dövlətin özünü narahat edən problemli kreditlər məsələsinin həlli yönündə addımların atılmasının nəzərdə tutulduğu bildirdi.
Dövlət başçısı bu məsələnin ciddi bir problemə çevrildiyini bildirərək, onun həlli ilə bağlı tapşırıqlar verildiyini, aidiyyəti qurumların son iki ay ərzində onunla məşğul olduğunu söylədi və əlavə etdi ki, bu məsələnin həllinə çox vaxt qalmayıb.
Elə bu yerdə qeyd edim ki, problemli kreditlər məsələsi birinci vitse-prezident Mehriban Əliyevanın da daim diqqətdə saxladığı məsələlərdən biri olub. Hətta, problemli kreditlərin həlli ilə bağlı müvafiq İşçi Qrupunun iclaslarında da iştirak edərək, öz məsləhət və tövsiyələrini verib. Və bütün bunların nəticəsi olaraq (eləcə də, dövlət başçısının yanında keçirilən müşavirədən üç gün sonra) fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı tarixi fərman verilib.
Ölkə prezidentinin yaradıcı insanlarla, mədəniyyət və incəsənət xadimləri ilə görüşündə də qeyd etdiyi kimi, bu fərmanın dünyada analoqu yoxdur.
Dövlət başçısı həmin görüşdə fikirlərinə davam edərək “Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır.
İqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr var.
Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmayıb. Yəni bütün bu sosial paket təqribən üç milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”, – deyə qeyd etdi və bununla bir daha Azərbaycan dövlətinin daim Azərbaycan vətəndaşının yanında olduğunu nümayiş etdirdi.
Bütövlükdə götürdükdə bu fərmanla 2015-ci il devalvasiyalarından yaranan xarici valyutada olan kreditlərin dəyər artımına görə veriləcək kompensasiya vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək.
Söhbət ödəmə müddəti 360 günü keçən 10 min ABŞ dolları və 17 min manatadək olan kreditlərdən gedir. Həmin kreditlərin faizləri və dəbbə pulları silinəcək. Əgər ödənilən vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq.
Yox, əgər kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait oraya yönəldiləcək.
– Prezidentin də qeyd etdiyi kimi, 800 min insanı əhatə edəcək bu fərmanın icra mexanizmi ümumilikdə necə olacaq? Məsələlər necə çözüləcək?
– Bildiyiniz kimi, ölkədə iki devalvasiya baş verib. Məsələn, 2015-ci ilin 21 fevral tarixinə bir vətəndaşın 1000 dollar krediti var idi.
O zaman 1 ABŞ dollarının məzənnəsi 0,78 qəpik idi. Devalvasiyadan sonra 1.05 qəpik oldu. Yəni 27 qəpiklik artım oldu. Məlum fərmanla 1000 ABŞ dolları kreditə birinci devalvasiya da artan dəyəri 150 ABŞ dolları kimi qiymətləndirilib.
Bu, təqribən 250 manata bərabər bir məbləğdir. Bu da həmin artan dəyərin tamamilə kompensasiya edilməsi deməkdir.
Bir şəxsin 21 fevral 2015-ci il tarixə 1000 dollar krediti varsa, sonradan bu krediti banka ödəyib, qaytarıb-qaytarmamasından asılı olmayaraq, vətəndaşa hər 1000 ABŞ dollarına 150 ABŞ dolları və yaxud 100 ABŞ dollarına 15 ABŞ dolları kompensasiya hesablanmaqla manatla ödəniləcək.
Əgər həmin vətəndaş ikinci devalvasiyadan sonra bu məbləği banka geri ödəyibsə, yaxud bugünkü günə qədər ödəməyibsə, həmin 1000 ABŞ dolları krediti olan vətəndaşa 500 ABŞ dolları kompensasiya ödəniləcək.
Yəni birinci devalvasiyada bizim artımımız 15 ABŞ dolları idi. İkinci devalvasiya – 21 dekabr 2015-ci il tarixində kurs 1.05 qəpikdən 1.55 qəpiyə qalxdı. Birdən-birə 50 qəpik dəyişdi. Bu da təqribən 0,35 ABŞ dolları kimi qiymətləndirilir. Odur ki, ikinci devalvasiyaya məruz qalmış 1000 dollarlıq kreditə 350 dollarlıq kompensasiya ödəniləcək.
Birincidə 150 dollar, ikincidə 350 dollar – cəmi hər iki devalvasiya periodunda ödənilməyən 1000 dollarlıq kreditə 500 dollar məbləğində kompensasiya ödəniləcək. Bu kompensasiya da həmin kredit yükünün bağlanmasına yönəldilməlidir.
Kreditin məbləği 10 min dollardırsa, bu şəxsə hər iki devalvasiyadan keçən 5000 dollar məbləğ ödəniləcək. Əgər kredit birinci devalvasiyadan sonra götürülübsə, yalnız ikinci devalvasiyanın təsirinə məruz qalıbsa, hər 100 dollara 35 dollar və yaxud 1000 dollara 350 dollar, 10 000 dollardırsa, 3500 dollar kompensasiya ödəniləcək.
Burada ən vacib məqamlardan biri də odur ki, problemli kreditlərlə bağlı məhkəmə işləri dayandırılacaq, məhkəmələrin qərar və qətnamələri qüvvədən düşmüş olacaq. Bu da haradasa 311 mindən artıq məhkəmə işi edir.
– Məhkəmə işlərindən söz düşmüşkən, bu məsələnin həllini tapması problemli kreditlər məsələsinin yükünün yarıbayarı, bəlkə də, bir qədər artıq şəkildə azaldılması deməkdir. Çünki banklarla məhkəmə çəkişməsi illərdir insanlar üçün  böyük  əziyyətə çevrilmişdi.
– Fikirlərinizlə tam razıyam. Ölkə prezidentinin verdiyi tarixi fərmanın ən böyük üstünlüklərindən biri də elə budur. Çünki banklarla vətəndaşlar arasında gedən məhkəmə işləri həddindən artıq çox idi. İnsanlar neçə illərdir məhkəmə işlərindən, məhkəmə çəkişmələrindən  əziyyət çəkirdilər, burada böyük haqsızlıqlar da vardı.
Sirr deyil ki, bəzi banklar lazım olmayan hərəkət edirlər, insanları məhkəmə yolu ilə çıxılmaz vəziyyətə salırdılar, yəni bu illər ərzində evlərini, mülklərini, maşınlarını itirənlər də az deyildi. Bununla bağlı böyük narazılıqlar da yaranırdı, insanlar bu haqsızlıqlarla əlaqədar bizə də müraciət edirdi.
Təsəvvür edin, milyona yaxın insanı, yüzminlərlə ailəni əhatə edən 311 mindən artıq məhkəmə işi indi geri çəkiləcək. Artıq məhkəmə işləri geri qaytarılacaq, dayandırılacaq, qüvvədən salınacaq, insanlar rahat nəfəs ala biləcəklər.
Bununla yanaşı, kim ki ötən müddətdə banklara artıq pul ödəyib, dəymiş zərər ona qaytarılacaq. Eyni zamanda, bütün bu məsələlərin həlli nəticəsində insanların inkişaf göstəriciləri yaxşılaşacaq. İnsanlara dəymiş ziyanın ödənilməsi, 311 min məhkəmə işinin geri çəkilməsi həm də böyük humanist addımdır, böyük humanizm nümunəsidir.
Dünyanın heç bir ölkəsi belə bir addıma getməyib, ancaq Azərbaycan dövləti bunu etməyi bacardı. Problemli kreditlər də təxminən 1,6 milyard manatdır, son bir ayda pensiyalarla, müavinətlərlə, əməkhaqqı artımları ilə bir yerdə bu, 2,2 milyard manat vəsait deməkdir.
Deməli, Azərbaycan dövlətinin siyasətinin ana xətti əhalidir, insanlardır, onların rahatlığının təmin edilməsidir.
Bu, həm də onu göstərir ki, iqtisadiyyatımız güclü, dinamik inkişaf edir və iqtisadiyyatımızda yaranan sabitlik, artan gəlirlər hamısı problemli kreditlərin həll olunmasının maddi əsaslarını  əhəmiyyətli dərəcədə möhkəmləndirir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin