Sizinxeber.az – Azərbaycan Xəbərləri

Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarının “Otello əfsanəsi” “Ən orijinal tamaşa” seçilib

Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qruplarının “Otello əfsanəsi” “Ən orijinal tamaşa” seçilib
1 dəfə Baxılıb
24 Mart 2019 - 20:03

Rusiya Teatr Sənəti İnstitutunda “QİTİS – ustad dərsi” adlı festival keçirilib. Festivala Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova, Belarus və Ermənistanın teatr məktəbləri qatılıb. Azərbaycanı festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupları təmsil edib. 

ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimindən sonra SABAH Mərkəzinin rəhbəri Bella Məmmədbəyova, müəllimlər Xalq artisti Mehriban Zəki, Gümrah Ömər, Ceyhun Dadaşov, tamaşanın işıq üzrə rəssamı, Səda Tədris Teatrının inzibatçısı Amid Qasımov Rusiya Teatr Sənəti İnstitutunun rektoru G.Zaslavski ilə görüşüb. Görüşdə iki ali məktəb arasında əməkdaşlıq perspektivləri, həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub. Rektor gələcəkdə yaradıcılıq mübadiləsinin daha da genişləndiriləcəyini bildirib. 

Qeyd edək ki, ADMİU “SABAH” qruplarının Aktyor sənəti ixtisası üzrə 3-cü kurs tələbələri (kurs rəhbəri dosent Fikrət Məlikov) Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona, Bianka), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya, Bianka), Elçin Əmirov (Rodriqo) və Tural Kərimov (Hersoq) U.Şeksprin faciəsi əsasında hazırlanmış “Otello əfsanəsi” adlı mistik ballada ilə QİTİS-in Tədris teatrında çıxış ediblər. 

ADMİU “SABAH” qruplarının müəllimi, rejissor Gümrah Ömərin quruluşunda hazırlanmış tamaşa maraqla qarşılanıb. İzləyicilərin rəğbətini qazanan tamaşa festivalın jürisinin rəyinə əsasən, “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub. 

ADMİU “SABAH” qruplarının 14 nəfərlik müəllim və tələbə heyəti festival zamanı səhnə danışığı, səhnə hərəkəti, aktyor sənəti fənləri üzrə müxtəlif ustad dərslərində və seminarlarda iştirak edib, Moskva Bədaye Teatrında və K.S.Stanislavskinin ev-muzeyində ekskursiyada olub.

“SABAH” qrupunun tələbələri Belarus Dövlət İncəsənət Akademiyasına və 2020-ci ildə Özbəkistanda keçiriləcək Teatr festivalına da dəvət alıb.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]