17 
Ekm
2023
00:14

Azərbaycanın bugünkü qələbələri ulu öndər Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi dürüst prioritetlərin məntiqi nəticəsidir

17 Ekm, 2023
00:14
2

Azərbaycanın bugünkü qələbələri ulu öndər Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi dürüst prioritetlərin məntiqi nəticəsidir

Hər bir ölkənin geosiyasi mövqeyini, coğrafi yerləşməsini, ərazi tutumunu, əhali sayını, iqtisadi, hərbi potensialını, tarixini və təbii ki, dəyişən beynəlxalq konyunkturanı nəzərə almaqla həyata keçirilən xarici siyasət rasional, yaxud düşünülmüş hesab edilə bilər. 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən və böyük dövlət adamı olan Heydər Əliyev də öz xarici siyasət strategiyasını məhz qeyd etdiyimiz amilləri nəzərə almaqla həyata keçirib. Ölkəmiz üçün kifayət qədər ağır, mürəkkəb dövrdə hakimiyyətə qayıdan Heydər Əliyevin xarici siyasətinin əsas prioritetləri və hədəfləri kimi müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, üzləşdiyimiz müxtəlif növ təhdidlərin neytrallaşdırılması, dövlətimizin tanıdılması və beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmaqla bu sistemdə mövqelərimizin gücləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi və Ermənistanın təcavüzünün aradan qaldırılması, uğurlu enerji strategiyası və “neft diplomatiya”sı vasitəsilə iqtisadi və siyasi gücümüzün artırılması, yerləşdiyimiz regionda sülhün, əmin-amanlığın bərqərar olmasını qeyd edə bilərik. Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətləri kimi isə bütün dövlətlərlə, xüsusilə də regionda maraqları olan güc mərkəzləri ilə normal münasibətlər yaratmaq, beynəlxalq inteqrasiya proseslərinə qoşulmaq, qlobal və regional təhlükəsizlik sistemlərinin yaradılmasında, eyni zamanda, transmilli problemlərin (terrorçuluğa qarşı mübarizə, ətraf mühitin qorunması və s.) həllində fəal iştirakı vurğulamaq olar.
Qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alan, ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələrin də həllinə nail olan Ulu Öndər Heydər Əliyev dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına müvəffəq oldu. Dövlətlərarası münasibətlər haqqında “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır; gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan” – deyən Heydər Əliyev həmin dövrdə beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışırdı. Ulu Öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi.
Beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyən, hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinə çıxan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ümummilli liderin həmin böyük dövlətlər və güc mərkəzləri ilə əlaqələrin əhəmiyyətini vurğuladığı bəzi sitatlarının altını cızırıq: “Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.” - Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxinlə söhbətindən (17 dekabr 1999-cu il); “Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir”. - ABŞ-ın Ticarət Naziri Uilyam Deyli və Energetika Naziri Federiko Penyanın Azərbaycan Respublikası Prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda çıxışından (Vaşinqton, 31 iyul 1997-ci il); “Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik”. - Amerika birləşmiş Ştatlarının milli bayramı - İstiqlaliyyət Günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (4 iyul 2001-ci il); “Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir.” - Çin Xalq Respublikası səfirliyinin yeni binasının açılış mərasimində nitqindən (7 dekabr 2001-ci il); “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.” - Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışından (25 yanvar 2001-ci il); “Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır”. - Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə söhbətindən (22 may 2001-ci il).
Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın kökübir qardaşı olan Türkiyə ilə əlaqələrin inkişafına, möhkəmlənməsinə əhəmiyyətli töhfələr vermişdir. Dahi siyasətçi Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə qurduğu bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslandığını, müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələrin Azərbaycan xalqına çox kömək etdiyini və bizim üçün çox əhəmiyyətli olduğunu deyirdi: - “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”. - Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə nitqindən (14 aprel 1996-cı il); “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik”. - “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında nitqindən (30 may 1996-cı il); “Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir”. - Almaniyadakı Azərbaycan Cəmiyyətlərinin Sədrləri və Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşdə çıxışından (Bonn, 1 iyul 1996-cı il); “Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır”. - Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə nitqindən (Ankara, 5 may 1997-ci il); “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir... Türkiyə Azərbaycana həmişə dayaq olmuşdur. XX əsrdə 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olunarkən Türkiyənin Azərbaycana etdiyi yardımlar və o illərdə ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında türk qardaşlarımızın göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”. - Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqindən (27 oktyabr 1998-ci il); “İlk dəfə olaraq Türkiyənin xaricindən, xarici ölkədən - yalnız Azərbaycandan torpaq gətirildi və o torpağı mən şəxsən Mustafa Kamal Atatürkün qəbrinin yanına, böyük Türkiyənin diyarlarından gətirilmiş torpaqlarla bir sırada qoydum. Bu, bizim üçün tarixi bir hadisədir. Çünki ilk dəfədir ki, Türkiyənin xaricindən buraya torpaq gətirilir. Eyni zamanda bu onu göstərir ki, Türkiyənin bütün torpaqları kimi, bütün vilayətləri kimi, bütün diyarları kimi, Azərbaycan Türkiyə ilə bağlıdır və Mustafa Kamal Atatürkü özünün öndəri, özünün qəhrəmanı, özünün müdrik şəxsiyyəti hesab edir”. - Ankara Gülhanə Hərbi Tibb Akademiyası (2 noyabr 1999-cu il).
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı ilə tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik olan, eyni dini mənsubiyyətə malik Pakistan xalqına hörmətini də hər fürsətdə ifadə edirdi: “Bu gün Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur... Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”. - Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul edərkən nitqindən (23 avqust 2001-ci il).
Heydər Əliyev Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin köklərə malik olduğunu deyirdi: “Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar”. - İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən (11 may 2000-ci il).
Gürcüstan və İranla mehriban qonşuluq siyasətinin də prioritetlərini düzgün müəyyənləşdirən Heydər Əliyev Gürcüstan üzərindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlini qoydu, Xəzər dənizinin sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olması məsələsində Azərbaycanı İran tərəfi ilə ortaq məxrəcə gətirdi.
Tarix göstərdi ki, Ümummilli lider Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi istiqamətlər olduqca dürüstdür. Məhz həmin istiqamətlər üzrə dövlətimizin xarici siyasətini davam və inkişaf etdirən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, hakimiyyətinin 20-ci ilinin tamamında üçrəngli bayrağımızı separatçıların əlindən qurtulan Xankəndində ucaltdı. Azərbaycanın qələbəsi ilə başa çatan, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsi göstərdi ki, Türkiyə, Pakistan, İsrail bizim yanımızdadırlar. Yaxın qonşularımız Rusiya da, Gürcüstan da, İran da ölkəmizin suveren hüquqlarını dəstəklədilər. Hətta Ermənistanı da ölkəmizin ərazi bütövlüyünü tanımağa məcbur etdik.

Aqil Məmmədov
Milli Məclisin deputatı

Bizimlə əlaqə saxlayın