700 bal yığan abituriyent: Özümü sosial həyatdan təcrid etməmişəm

700 bal yığan abituriyent: Özümü sosial həyatdan təcrid etməmişəm


Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
Ötən gün açıqlanan nəticələrə əsasən, yeddi abituriyent 700 bal toplayıb.
Onlardan biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlıdır.
Qazandığı uğurla bağlı öz təbrikimizi çatdırmaq üçün Xəyyamla əlaqə saxladıq.
Oxu.Az olaraq fikirlərini qələmə almaq istədiyimizi bildirdikdə, istəyimizi məmnuniyyətlə qəbul etdi.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 18-ci 700 bal toplayan məzunu Xəyyam Hikmət oğlu Sultanlı ilə müsahibəni təqdim edirik:
– 700 bal yığmağın və qazandığın uğur münasibətilə Oxu.Az informasiya portalı adından səni təbrik edir, gələcək təhsil həyatında eyni uğurları davam etdirməyini arzu edirik. İstərdim ki, özün haqqında qısaca olaraq məlumat verəsən.
– Uğuruma sevindiyiniz və çatdırdığınız təbrikə görə sizə və Oxu.Az ailəsinə minnətdarlığımı bildirirəm. İnşallah, çalışacağam ki, bundan sonrakı təhsil həyatımda uğurlarımı silsiləli şəkildə davam etdirim. Ən azından bunun üçün əlimdən gələni edəcəyəm.
Mən, Sultanlı Xəyyam Hikmət oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11 D sinifinin məzunuyam. Bizim məktəbin 18-ci 700 bal yığan şagirdiyəm.
Deyə bilərəm ki, ailəmiz dörd nəfərdən ibarətdir: Atam, anam, qardaşım və mən. Özüm ailənin kiçik övladıyam. Atam satıcılıqla məşğul olur. Anam evdar qadındır.
Qardaşım Sultanlı Tacəddin isə Bakı Dövlət Universitetinin ingilis dili və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsidir. O, universitetə 600 balla qəbul olmuşdu.
Ümumiyyətlə, bizim nəsildə yüksək balla universitetə qəbul olanların sayı kifayət qədərdir. Məsələn, dayımoğlu 610, dayımqızı 605, xalamoğlu 604 bal yığaraq ali məktəbə qəbul olunublar.
– Xəyyam, imtahan nəticələri açıqlandı. Ölkə üzrə rekord həddə bal yığan abituriyentlərdən biri olduğunu biləndə, hansı hissləri keçirdin?
– İnanın ki, o hissləri sözlə ifadə etmək çox çətindir. Bir anlıq şok oldum. Cavabı bilən anda istədim, elə hoppanım ki, əlim evin tavanına dəysin. Gözlərimə inana bilmədim. Ardıcıl olaraq iki-üç dəfə cavaba baxırdım ki, görəsən, düz görmüşəm? (sevincini telefonda da saxlaya bilmir, xeyli gülür və sonra yenə söhbətə davam edirik).
Sevincimi valideynlərimlə bölüşdüm. Qaçıb atamı, anamı, qardaşımı qucaqladım. Onlar da biləndə sevinclərindən az qala göyə uçurdular. Yəni, bir sözlə, deyə bilərəm ki, möhtəşəm hisslər idi.
– Belə bir deyim var: “kitabyeyənlər”. Bu söz, adətən, çox oxuyan insanlara şamil edilir. Sən necə? İmtahan ərəfəsində ancaq dərslərinlə məşğul olurdun?
– Desəm, inanmayacaqsınız, amma məndə bu durumun tam əksi olub. Mənə görə təhsildə ən əsas iş dərslərə 5-ci sinifdən etibarən məsuliyyətli yanaşmaqdır. O “kitabyeyənlər” ifadəsini işlədənlər aşağı siniflərdə dərslərə məsuliyyətsiz yanaşıb, yuxarı siniflərdə oxumağa başlayanlara aid edilir. Həmin insanlar da uğur qazanmaq istəyirsə, gecə-gündüz oxumağa başlayırlar.
Mən aşağı siniflərdən etibarən dərslərimlə nizam-intizamlı və məsuliyyətli şəkildə məşğul olmuşam. V sinifdən etibarən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində təhsil alıram. Müəllimlərimin mənim üzərimdə əziyyəti və əməyi çoxdur. Mənimlə yanaşı, iki sinif yoldaşm müvafiq olaraq 696 və 691 bal toplayıblar
Yuxarı siniflərə gəldikcə, dərslərə olan məsuliyyəti daha da artırmağa başladım. Amma özümü heç vaxt sosial həyatdan təcrid etməmişəm. Boş vaxtlarımı dostlarımla birlikdə əylənərək keçirmişəm. Əlavə olaraq bir sıra sosial layihələrdə, sərgilərdə iştirak etmişəm.
İmtahana bir həftə qalmış vaxtımı sinif yoldaşımla şahmat oynayaraq keçirmişəm. Yəni, işim ancaq dərs oxumaqdan ibarət olmurdu. Evə gələrkən 5-6 saat dərsimi oxuyurdum, sonra isə yerdə qalan saatımı istirahətimə sərf edirdim.
– Repetitor yanına gedirdin?
– Məktəbimizin nəzdində kurs fəaliyyət göstərirdi və həmin kurslara gedirdim. O kurslar ödənişli idi. Amma repetitor yanına getməkdən ucuz başa gəlirdi. Kursun mənim təhsil almağıma çox böyük köməyi oldu. Amma müəllim yanına getməyi nəzərdə tutursunuzsa, xeyr, getməmişəm.
Daha bir məsələni diqqətinizə çatdırmaq istərdim. Mənim 700 bal uğuru ilə yanaşı, daha bir uğurum da olub. Bildiyiniz kimi, FLEX (Future Leaders Exchange Program) proqramı mövcuddur.
Bu proqram vasitəsilə Azərbaycanda XI sinif şagirdləri bura baş vurur və XII sinfi ABŞ-da təhsil alırlar. Mən də bu proqrama baş vurdum və oranı qazandım. İndi fikrim var ki, yaxşı universitetə qəbul olduqdan sonra akademik məzuniyyət götürüb, ABŞ-da XII sinif təhsilini alıb, yenidən vətənə qayıdım.
– Növbəti imtahanlara hazırlaşanlara özün kimi yüksək nəticə əldə etmək üçün hansı məsləhətləri vermək istərdin?
– Dərslərini iradəli, qətiyyətli və məsuliyyətli şəkildə oxusunlar. “Beş dəqiqə oxuyum, beş dəqiqə telefona baxım”la müsbət nəticə əldə etmək mümkün deyil. Dərslərini oxuyub, sonra telefonla məşğul olmaq daha məsləhətdir.
– Yəqin ki, nəzərində tutduğun universitetlər var...
– Fikrimdə üç Azərbaycan universiteti: Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Diplomatik Akademiyası (ADA) var.
– İmtahanlarda uğur qazana bilməyib və çıxış yolunu intiharda görən abituriyentlər haqqında nə deyə bilərsən?
– Fikrimcə, imtahanda qazana bilməyib, intihara əl atmaq yanlış fikirdir. Bunun əsas səbəbkarı çox vaxt valideyn təzyiqi olur. Bu təzyiqə görə də bir çox şagird qorxur və imtahanda heç bir nəticə göstərə bilmir. Valideynlər övladlarına dəstək olmalı və motivasiya etməlidir.

Baxılıb :1 245
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az