20 
Eyl
2023
02:57

Antiterrorla çatacağımız hədəflər – Azərbaycan ən doğru olanı edir!

20 Eyl, 2023
02:57
2

Antiterrorla çatacağımız hədəflər – Azərbaycan ən doğru olanı edir!

Xeyli müddətdir gözlənilən lokal antiterror tədbirləri bu sabah başladı. Daha dəqiqi ermənilər özləri Azərbaycanı buna məcbur etdilər.
Əslində, biz hələ bir il öncə bu prosesə hazırlaşmışdıq. Ermənistana, Qarabağdakı – sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərə, habelə erməni havadarlarına həm media vasitəsilə, həm də rəsmi səviyyədə deyilirdi ki, əgər onlar 10 noyabr Üçtərəfli Bəyanatına əməl etməsələr, qondarma rejimi buraxdıqlarını, silahı yerə qoyduqlarını bəyan etməsələr, Azərbaycan qanunlarına tabe olmasalar, terrorçu fəaliyyəti davam etdirsələr, antiterror qaçılmaz olacaq.

Postmüharibə dövründə düz 3 il Ermənistana, Qarabağdakı qanunsuz, separatçı rejimə belə deyək ki, güzəşt tanıdıq, humanizm nümayiş etdirdik. Rəsmi bəyanatlarla vətəndaş olası ermənilərin təhlükəsizliyinə tam təminat verdiyimizi bəyanladıq. Ali Baş Komandan, Prezident İlham Əliyev ən yüksək tribunalardan bunu dönə-dönə səsləndirdi.

_113461805_018.jpg (24 KB)
Təmaslara keçmək, reinteqrasiya üçün bütün mümkün variantları təklif etdik. Azərbaycan rəsmiləri sülhməramlıların vasitəçiliyi ilə onların müvəqqəti nəzarətindəki ərazidə bir neçə dəfə ermənilərlə görüşdülər. Nəticə olmadı. Çünki reallıq bundan ibarətdir ki, birbaşa, ikitərəfli, vasitəçisiz olmayan görüşlərin mənası yoxdur. Erməniləri birbaşa təmas üçün Bakıya çağırdıq. Gəlmədilər. Yevlaxa dəvət etdik, boyun qaçırdılar. Həm Rusiya, həm Avropa, həm də Vaşinqtonda keçirilən görüşlərdə müəyyən öhdəliklər də götürmüşdülər ki, sentyabrın 1-də kommunikasiyalar açılacaq, reinteqrasiya, delimitasiya üzrə konkret danışıqlar başlayacaq və s. Amma...

Əvəzində xəndəklər qazmağa başladılar, revanşist bəyanatlar verdilər, Qarabağda yeni “seçki” keçirdilər, “rəhbər” təyin etdilər.
Azərbaycan bu periodda çox qəti şəkildə bəyan etdi ki, heç bir halda ölkə ərazisində “boz zona” olmasına imkan verilməyəcək. Buna da ciddi yanaşmadılar, əksinə, terrorlar törətməyə başladılar. Bir gündə 6 vətəndaşımız – 4 polis, 2 mülkü şəxs terrorla şəhid edildi...
Hadisələrin, proseslərin gedişatından birmənalı olaraq gəlinən qənaət budur ki, Azərbaycan antiterror haqqından, hüququndan istifadəni uzun müddət ləngidərək, reinteqrasiya, məsələlərin sivil yolla həlli üçün var gücü ilə çalışdı. Bu dönəmdə beynəlxalq ictimaiyyətdən də davamlı olaraq dəstək istənildi.
Ancaq havadarları hayları əksər hallarda qızışdırdılar, fitvaladılar və danışıqlardan yayındırdılar.
Azərbaycanın səbri təbii ki, tükənməz deyil, son xəbərdarlıq təxminən iyul ayında edilmişdi.
Veclərinə almadılar.
Azərbaycan bir daha və tam əmin oldu ki, hərbi xunta məhv edilmədən, zərərsizləşdirilmədən, Ermənistan ordusunun qalıqları darmadağın edilmədən, girovluqda saxlanılan, normal vətəndaş olmaq istəyən ermənilərlə təmasa keçmək mümkün olmayacaq...
Beləliklə, sentyabrın 19-da gözlənilən antiterror tədbirləri başladı, igidlərimiz Qarabağda növbəti qəhrəmanlıqlar göstərir. 

Birmənalı olaraq yalnız qanunsuz hərbi birləşmələrin məntəqələri, qanunsuz hərbi obyektlər, terror yuvaları zərərsizləşdirilir, antiterror tədbirləri keçirilən zonada heç bir mülki obyekt vurulmur, dinc sakinlərə atəş açılmır.   
Elə prosesin ilk günündə separatçılar başlarına növbəti dəfə yumruq dəyəndə yalvarmağa başlayıblar ki, antiterror tədbirləri dayansın, Bakı ilə danışıqlara razıyıq. Əbləhlər, sizə dəfələrlə görüş təklif edildi, niyə imtina etdiniz? Böyük ehtimalla bu da növbəti bicliyinizdir, kələk gəlmək cəhdinizdir, amma baş tutası deyil.
Azərbaycan bu yalvarışa bu dəfə qısa və konkret reaksiya verdi.

Azərbaycan_Respublikası_Prezident_Aparatının_binası.jpg (146 KB)

Prezident Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirib ki, PA reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib: “Lakin onlar hər dəfə bundan imtina etmişlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”.

Beləliklə, verilən rəsmi bəyanatdan və özəl mənbələrdən alınan məlumatlardan hasil olan nəticə budur ki, Azərbaycan bu mərhələdə suverenliyini tamamilə bərpa etmək, Qarabağda bütün ərazilərdə - Xankəndidə, keçmiş Ağdərə rayonu ərazisində, Xocavəndin bir hissəsində də dövlət idarəçiliyini tam həyata keçirmək planlarının icrasına başlayıb.

Bunun üçün aşağıdakı addımların mərhələ ilə atılacağını proqnozlaşdırmaq olar:

- Artıq başlayan antiterror tədbirləri ilə Qarabağdakı qanunsuz silahlı hərbi birləşmələr, qeyri-legitim hərbi infrastruktur tamamilə məhv ediləcək, zərərsizləşdiriləcək. Böyük ehtimalla bu, ən qısa zamanda, bir neçə günə yekunlaşa bilər. (Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən müqavimət göstərilməsi, Ermənistandan müdaxilə olarsa, bir qədər uzana da bilər);
- Qondarma rejimin buraxılmasının elan edilməsi qəti tələb kimi qoyulacaq və çox böyük ehtimalla buna nail olunacaq. Rejim “rəhbərləri” bunu könüllü etməsələr, onların həbsi qaçılmaza çevriləcək;
- Nəzarətə götürülən ərazilərdə vətəndaş olası ermənilərlə birbaşa söhbətlər aparılacaq, onlardan Azərbaycan qanunlarına uyğun yaşamaq tələb olunacaq;
- Vətəndaş olmaq, dinc yaşamaq istəməyən, revanşist, separat düşüncəli ünsürlər ölkədən deport ediləcək, yaxud müxtəlif cinayətlərdə iştirakına görə qandallanacaq;
- Reinteqrasiya, birgəyaşayış üçün ermənilərlə müzakirələr başlayacaq, bunu şərtləndirən qərarlar veriləcək;
- Dinc yaşamağa artıq qərar verən, vətəndaş olmaq istəyən ermənilərin ərzaq, enerji təminatına başlanılacaq;
- Sonrakı mərhələdə erməni vətəndaşların iş, təhsil, səhiyyə və digər məsələlərinin həlli üçün müvafiq işlər görüləcək.

Yəni Qarabağda idarəçilik tamamilə nəzarətimizə alınacaq. Suverenliyimiz, ərazi bütövlüyümüzlə bağlı bütün daxili işlərimiz zor-xoş həll edilməlidir və ediləcək. 

Göründüyü kimi, Azərbaycan kifayət qədər səliqəli, düşünülmüş, strateji, alternativi olmayan bir proses başladıb. Ərazi bütövlüyümüzün təmini, terrorçuların ərazimizdən rədd edilməsi konstitusiyamızın tələbidir.
Bu, Ermənistanla sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına səbəb olacaq bir işdir.
Bunu dünyada demək olar, hamı bilir. Təbii, dostlar bu prosesi dəstəkləyir, yanımızdadır.
Bədxahlar isə bu mərhələdə də ənənlərinə sadiq qalaraq, öz korporativ maraqlarından çıxış edərək eybəcər missiyalarını davam etdirəcəklər.
Amerikadan qərəzli bəyanatlar gəlir. Fransa məlumdur, bütün şərəfsizliklərə cəhd edəcək. Avropa Parlamenti Azərbaycana qarşı sanksiya tələbi ilə çıxış edir. Müəyyən qərəzli təşkilatlar öz ampluasındadır.
Ancaq bunlar heç bir halda dövlətimizin iradəsinə təsir etməyəcək. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir təhdidə, hədəyə boyun əyməyəcək. İkinci Qarabağ Savaşında da, postmüharibə dövründə də bunun əyani şahidi olmuşuq.
Əgər dünya Cənubi Qafqazda sülh, əmin-amanlıq, Zəngəzur dəhlizinin açılmasını istəyirsə, ermənilərə də belə canı yanırsa, birmənalı şəkildə Azərbaycanın antiterror tədbirlərinə dəstək verməlidir. Azərbaycan Antiterror Koalisiyasının üzvüdür və bu gün öz ərazisində terrorla mübarizə aparır. Buna görə Azərbaycanın üstünə gələnlər de-fakto terrora dəstək vermiş sayılır...

Allah Silahlı Qüvvələrimizə qüvvət versin!

Bizimlə əlaqə saxlayın