155 milyon borc silinir - Milli Məclisdə iclas keçirilir

155 milyon borc silinir - Milli Məclisdə iclas keçirilir


Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Qanun layihəsinin mahiyyəti barədə deputat Zahid Oruc “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Azərbaycanda pensiya sisteminin qurulması, yəni sığortaolunananlar üzərindən həyata keçirilməsi 2006-cı ildən başlayaraq reallaşdırılır: “Sığorta edilənlərə fərdi uçot sisteminin həyata keçirilməsi də o dövrə düşür. Həmin ildən başlayaraq  müxtəlif  təşkilatların, müəssisələrin Dövlət  Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı mühüm borcları yaranıb. Bu 12 il ərzində həmin məbləğin 100 milyon manatdan artıq hissəsi ödənməyib. Nəticə olaraq bütün bu işlər üçün açılmış məhkəmə davalarına baxılması belə problemi həll etməyə imkan verməyib. Tətbiq olunmuş maliyyə sanksiyalarına görə qərarların yerinə yetirilməməsi nəticəsində həmin sanksiyaların üzərinə əlavə  cərimələr gəlib. Bunun nəticəsində 55 milyondan artıq əlavə borc  yaranıb. Hazırkı qərar pensiya sisteminini dayanıqlı etməkdən ötrüdür. Qəti bir şəkildə pensiyaçının maraqlarına toxunmur”.

O qeyd edib ki, bu sistemi borc yükündən xilas etmək naminə dövlət tərəfindən bu yöndə mühüm bir addım atılıb: “Məqsəd gələcəkdə sığortaedənlərin öz öhdəliklərini daha yaxşı yetinə yetirməsidir. Nəticə etibarilə bu qərar 373 min sığortaedənə tətbiq olunacaq. O cümlədən 217 min sahibkarklıq fəaliyyəti ilə məşğul olanlara da bu qərar şamil olunacaq.  Beləliklə,  layihədə məqsəd 155 milyon manatın tamamilə silinməsi, 26 milyon manat vəsaitin isə tənzimlənməsidir”.

***

Deputatın sözlərinə görə, bu qanun layihəsi mahiyyətcə çox mütərəqqi bir təşəbbüsdür: “Bu rəqəm Dövlət Sosial Müdafiə Fonduna ödənilən 3 milyard manatın ümumi  nisbətində kifayət qədər kiçikdir. Böyük əksəriyyət borc  2006-cı ilə qədər yaranıb. Onlar da o dövrdə olan müəssisələrin bir qisminin özəlləşməyə açılması, birləşməsi, təşkilati formasının dəyişməsi amilləri ilə bağlıdır.

İkincisi, sanksiyaların altına düşən müəssisələrin balansına sərəncam qoyulur. Bu halda onlar əl-qollarını açıb geniş  miqyasda fəaliyyət apara bilmirlər. Nəticə etibarilə sahibkarlıq fəaliyyətinin üzərinə məhdudiyyət qoyulur.  Beləliklə, hazırkı tədbir ona imkan verəcək ki,  sahibkarlıq müəssisələri çox geniş, rahat miqyasda fəaliyyət aparsın.   Nəticədə də ümumi dövriyyəsi sosial ödənişlərin artmasına səbəb olacaq. Bu çox mühüm sosial, ictimai, maliyyə amnistiyası təşəbbüsü olan bir sənəddir. Bu qərarın nəticələri iqtisadi həyatımızda hiss olunacaq”.

***

Qeyd edək ki, prezidentin sözügedən təklifi ilə bağlı hazırda Milli Məclisdə müvafiq dövlət qurumlarının iştirakı ilə Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

Baxılıb :2 745
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az