MM İlham Əliyevlə bağlı bəyanat qəbul etdi
12 
Ekm
2023
17:03

MM İlham Əliyevlə bağlı bəyanat qəbul etdi

12 Ekm, 2023
17:03
1

MM İlham Əliyevlə bağlı bəyanat qəbul etdi

Bu gün Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

sx.buludhost.com bəyanatın mətnini təqdim edir:

"Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.

Ölkə iqtisadiyyatında sürətli və davamlı inkişaf dövrü yaşanmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır. Energetika sektorunda əldə edilən nailiyyətlər nəinki ölkəmizin enerji müstəqilliyini təmin etmiş, həm də Avrasiyanın energetika xəritəsini dəyişdirmişdir. Hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində iş aparılır.

Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmişdir. Ölkəmiz Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindən biri olmuşdur.

2013-cü ildə ilk peykinin buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir. Ölkəmizin kosmik strategiyası uzunmüddətli perspektivə yönəlmişdir və dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Həyata keçirilən əsaslı islahatlar dövlət idarəçiliyi sistemini müasir tələblər səviyyəsində qurmağa imkan vermişdir. Ölkənin siyasi həyatı müasir çağırışlara uyğunlaşdırılmış, çoxpartiyalı sistem təkmilləşdirilmişdir.

İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynayır. Digər siyasi qüvvələrin, o cümlədən müxalif partiyaların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar təkmilləşdirilmişdir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı sahəsində əməli addımlar atılmışdır.

Azərbaycanda qanunun aliliyi təmin edilmiş, insan hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədinə çevrilmiş, vətəndaş cəmiyyətinin inkişafına əlverişli şərait yaradılmışdır. Həyata keçirilən düşünülmüş tədbirlər sayəsində ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, bütün xalqların mədəni sərvətlərinin, müxtəlif dinlərə etiqad edən insanların mənəvi dəyərlərinin qorunmasına və inkişafına əsaslanır.

Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi ənənə halını almışdır. Bakı nüfuzlu beynəlxalq toplantılara, humanitar forumlara, mədəniyyətlərarası dialoq məclislərinə, böyük idman yarışlarına evsahibliyi edir.

Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Əliyev Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünya azərbaycanlılarının bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquq və mənafelərinin, təhlükəsizliyinin, milli kimliyinin qorunmasına, onların inkişafına, Azərbaycan dilini, ənənələrini və mədəniyyətini qoruyub saxlamasına, dəfələrlə soyqırımına və deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqlarının bərpasına və zorla tərk etməyə məcbur olduqları ata-baba torpaqlarına qayıtmasına kömək göstərilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsini təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının həyata keçirilməsi sahəsində parlaq nailiyyətlər əldə edilmişdir. Bir çox dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, beynəlxalq təşkilatlar çərçivəsində fəal iş aparılmışdır. 2012–2013-cü illərdə dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük uğurlardan biri olmuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunu göstərən digər mühüm bir hadisə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının yekdil qərarı ilə 2019–2022-ci illərdə dövlətimizin bu quruma sədr seçilməsi və yenidən yekdil qərarla sədrlik müddətinin daha bir il uzadılması olmuşdur. Hərəkata sədrlik dövründə Prezident İlham Əliyev ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın uğurlu sədrliyinin nəticələri olmuşdur.

Prezident İlham Əliyevin irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının bütün istiqamətlərində müsbət nəticələr əldə edilmişdir. Ən yüksək standartlara cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Qarabağı könüllü tərk etmək istəyən erməni sakinlərin ölkə ərazisindən təhlükəsiz və rahat çıxışına şərait yaradılmışdır. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün lazımi tədbirlər görülür. Ermənistanla sivil dövlətlərarası münasibətlər qurulması məqsədi ilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh danışıqları davam etdirilir.

Hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcəkdir.

Siyasi lider öz fəaliyyəti ilə zamanca qısa bir dövrü əhatə edir, milli lider isə uzunmüddətli perspektiv üçün ölkəsinin inkişafının optimal istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Milli Məclisi əmindir ki, Prezident İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə Azərbaycanın müstəqillik yollarında bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Milli Məclis Vətənimizin və xalqımızın bu günü və sabahı naminə dəyərli fəaliyyətində dövlət başçısına yeni böyük uğurlar arzulayaraq, onun uzaqgörən daxili və xarici siyasətini, həmişə olduğu kimi, fəal surətdə dəstəkləyəcəyini, həyata keçirilən quruculuq işlərinin qanunvericilik bazasını möhkəmləndirmək və təkmilləşdirmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan edir".

Bizimlə əlaqə saxlayın