22 
Eyl
2023
11:17

Mina qurbanı: Terror aktları qətiyyən cəzasız qalmamalıdır!

22 Eyl, 2023
11:17
2

Mina qurbanı: Terror aktları qətiyyən cəzasız qalmamalıdır!

1994-cü ilin 18 mart günü... Baxmayaraq ki, üstündən 30 ilə yaxın vaxt keçib, indi də həmin hadisəni qorxulu bir yuxu kimi xatırlayıram. O vaxt mən Milli Ordu sıralarında qulluq edən sıravi əsgər idim. Ermənilər Ağdam rayonunun Papravənd kəndindəki döyüş mövqelərini ələ keçirmişdilər və oradan Güllücə kəndini atəş altında saxlayırdılar. Kəndin yaxınlığındakı bu mövqenin itirilməsi ilə heç cür barışmaq olmaz idi. Ona görə də komandanlığın tapşırığı ilə həmin mövqeni geri qaytarmaq üçün hücuma keçdik.

Bu sözləri Qarabağ müharibəsi əlili, mina qurbanlarından biri Zabil Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Tərtər rayonunun Borsunlu kəndində dünyaya gələn Zabilin indi 50 yaşı var. İxtisasca hüquqşünasdır, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icma münaqişələri komandasında radiooperator işləyir. Lakin özünün “qorxulu yuxu” kimi xatırladığı həmin hadisə onu ömürlük olaraq sağ ayaqsız qoyub. Həmin hadisə zamanı o, ermənilərin mina basdırdığı ərazidən keçərkən eşitdiyi partlayış səsindən sonra nələr baş verdiyini xatırlamır.

“Necə xatırlayasan? Mənə elə gəlir ki, hələ həyatın isti-soyuğuna düşməmiş, yaxşı-yamanını görməmiş yeniyetmə bir gəncin üzləşdiyi faciəli hadisə hər kəs üçün başadüşüləndir. Hər şey irəlidə ikən sənin sağ ayağını dizdən yuxarı amputasiya edirlər. Bir tərəfdə sinəndə dünyaya sığmayan həyat eşqi, o biri tərəfdə səni gözləyən qoltuq ağacları... “, -deyə müsahibimiz yenidən uzaq illərə qayıdır.

Lakin bütün bunlara baxmayaraq o, özündə güc tapıb, təhsil alıb, sevdiyi ixtisasa yiyələnib, haqqın-ədalətin keşiyində durub. Bununla belə gənc yaşında onu yarımcan qoyan hadisəni qətiyyətlə pisləyir: “Torpağı oyaraq onun köksünə ölüm saçan silah yerləşdirən mənfur xislətli erməni vandalları qanunun bütün kəskinliyi ilə cəzalandırlmalıdır. 30-35 il ərzində hər addımda xalqımızın, türk övladlarının qanına susayan, onları aradan götürmək üçün məkrli planlar quran quldurlar beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Günahsız adamları ev-eşiyindən didərgin salan, buz baltası kimi oğlanları yarımcan qoyan, cavan ömürlərin yarıda qırılmasına səbəb olan erməni terroruna dünyanın beynəlxalq təşkilatları layiqli qiymət verməli və cəzalandırmalıdır”.

Bizimlə əlaqə saxlayın