Sofoklun “Antiqona”sı Lənkəran səhnəsində

Sofoklun “Antiqona”sı Lənkəran səhnəsində


Aldığımız məlumata görə Lənkəran Dövlət Dram Teatrı “Antiqona” faciəsinin məşqlərinə başlamışdır. Müxbirimiz bununla əlaqədar teatrın baş rejissoru və tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi   Oruc Qurbanovla əlaqə saxlayıb Azərbaycan səhnələrində nadir hallarda müraciət olunan Sofoklun bu mürəkkəb əsəri və onun səhnə təcəssümü barədə fikirlərini bölüşməyi xahiş etmişdir.


-Bu mənim qədim Yunan dramaturgiyasına üçüncü müraciətimdir. İlk tamaşam Akademik Milli Dram Teatrında Evrepidin “İfigeniya” fagiəsi olub. Baş rolları xalq artıstləri Fuad Poladov (Aqamemnon), Mikayıl Mirzə (gözətçi), Firəngiz Mütəllimova (İfigeniya), Əməkdar artist Vəfa Fətullayeva (Klitemnestra) ifa edirdilər. Tamaşanın bədii tərtibatı teatrın baş rəssamı Nüsrət Fətullayevin idi. Təəssüflər olsun ki, bu tamaşa praqon məşqləri zamanı dayandırıldı.Tamaşanın dayandırılmasına səbəb bu teatra bədii rəhbər seçimində F.Polaldovun mövqeyi ilə razılaşmayan yeni rəhbərliyin tələbi ilə aktyoru başqa aktyorla əvəz etməli idim. Mən razı olmadım. Səbəb teatrda bu rol üçün Fuad Poladovu əvəz edəcək aktyorun olmaması idi. Teatrda boş rejissor ştatı olmadığından H. Turabov məni orkestrın işçisi kimi ştata götürmüşdü. Bir müddətdən sonra məni “tutduğu vəzifəyə uyğun gəlmədiyi” maddəsi ilə işdən azad etdilər, əmək kitabçamı da korladılar. Bilənlər məni rejissor kimi tanıyırdılar. Bu əmrdən isə belə çıxırdı ki, mən rejissor vəzifəsinə uyğun gəlmirəm. Nə isə...

Sonra Bakı Bələdiyyə Teatrında Sofoklun “Elektra” faciəsini hazırladım, indi də Lənkəran səhnəsində “Antiqona” faciəsini hazırlamaq nəsib olur. Lənkəran teatrının yaradıcı imkanlarına yaxşı bələdəm. Ayrı-ayrı illərdə bu teatrda bir çox klassik qərb və Azərbaycan pyeslərinə quruluş vermişəm. Şekspirin “Qış nağılı”, Cəfər Cabbarlının” Oqtay Eloğlu”, “Aydın”, Karlo Qaldoninin “İki ağanın bir nökəri”, Yaroslav Qaşekin “Qoçaq əskər Şveykin macəraları”, Aleksey Ostrovskinin “Tufan” və sairə.

Sofokl əsərin sujetini Fiv mifləri silsiləsindən götürmüşdür. Şah Edip dünyasını dəyişdikdən sonra hakimiyyət onun oğlanlarına qismət olur. İki qardaş hakimiyyət uğrunda döyüşdə həlak olurlar. Hakimiyyət Şah Edipin sağlığında onun məsləhətçisi, zövcəsinin qardaşı olan Kreontun əlinə keçir və o ilk fərmanı ilə qardaşlardan birini şan şöhrətlə dəfn etməyi, hakimiyyətə qarşı çıxan qardaşı isə ordu toplayıb vətənə hücum etdiyi üçün dəfn etməyib cənazəsini təhqir edərək vəhşi heyvanların ixtiyarına buraxmağı əmr edir: “gərək onun murdar leşi bu torpağa dəfn edilməsin! Üstündə ağlamasınlar. Bir gilə yaş da tökülməsin! Onun xain leşi qurda-quşa, ac itlərə yem edilsin! Mənim hökmüm budur, bilin!” O dövrün adət ənənəsinə görə bu qəddarlıq və küfr əməl sayılırdı. Çünki dəfn edilməyən insanın ruhu bu dünyada əbədi sərgərdanlığa mübtəla olduğundan o dünya səltənətinə düşə bilməzdi. Eyni zamanda mərhumdan qisas almaq insana layiq əməl sayılmırdı. Belə əməl insanların mənəviyyatını pozub, tanrılara layiq əməl sayıla bilməzdi. Kinliyini və qisasını qanuniləşdirən hökmdar Kreontdan fərqli olaraq Antiqona bu fərmanın əleyhinə çıxır və  tanrı buyruqlarına sadiq qalıb ölümünü qəbul edir, qardaşını dəfn etmək qərarına gəlir. Bacısı İsmenadan kömək istəyir. İsmena hökmdarın fərmanından qorxub imtina edir, və öz mövqeyini Antiqonaya bildirir : 

“İki qardaşımız, iki bəxti kəm, bir gündə öldürüb bir-birlərini, eyni bir taleyə düçar oldular...İndi sən bir düşün qalıb kimsəsiz, fəlakət içində məhv olarıq biz. Əgər asi olsaq biz hökmdara, tapdamış olarıq qanun-qaydanı. Qadın doğulmuşuq bunu unutma! Kişilərlə toqquşmağa haqqımız yoxdur. Onlara itaət vəzifəmizdir. Mən hakim olana müti oluram”!

Antiqona hökmdarın fərmanına zidd ah-nalə edib göz yaşı axıdaraq qardaşını dəfn edir.

Qəzəblənmiş hökmdarın əmri ilə oğlu Hemonun nişanlısı Antiqona həbs edilir. Antiqona əməlinə görə peşiman olmadığını etiraf edir və haqlı olduğunu cəsarətlə bəyan edir. Tanrıların buyurduqlarını müdafiə etmək naminə hökmdarın insanlığa zidd fərmanının əleyhinə qalxır. Bir kimsə Antiqonanın müdafiəsinə qalxmağa cəsarət etmir. Hamı qorxudan susur. Azğın, qisas ehtirası ilə yanan hökmdarı oğlunun yalvarışları da  bu fərmandan çəkindirə bilmir. Kreontun əmri ilə Antiqonanı diri diri yerin altındakı sərdabəyə atdırır. Bir vaxtlar Şah Edipin gələcəyini həqiqət olduğu kimi ona deyən baxıcı kor Tiresiy hökmdar Kreontun da gələcəyini ona deyir.

        Yadında saxla...

Sən ki, diri-diri yazıq bir qızı,

Yeraltı aləmə- Aidə verdin,

Sən ki, bir meyiti layiqsız edib,

Qoymadın yazığı dəfn olunmağa-

Buna allahında haqqı yox idi-

Bil ki, əvəzində bu günahların,

Bir mahir ovçu tək.

Sənin ürəyinin başına kinlə,

Qəzəblə alışan bir ox atsın ki,

Onun alovundan külə dönərsən!!


Beləliklə İlahi məhkəmə başlayır. Hökmdar günahını anlayır. Antiqonanı azad etmək, qardaşını dəfn etmək qərarına gəlir. Lakin artıq gecdir, Antiqona özünü asır, oğlu nişanlısının ayaqları altında intihar edir. Zövçəsi Evredika oğlunun dərdindən həlak olur, hökmdar ağlını itirir, fəryad edərək göz yaşları axıdır, Antiqonanın haqlı olduğunu dərk edir: 

Əziz övladım, istəkli balam!...

Qorxudan, heyrətdən titrəyirəm mən,

Halıma acıyan bir kəs olsaydı

Qılıncı köksümə saplardı, mütləq!

Bilirəm, mən yazıq, bu müsibətdən,

Təəssüf olsun ki, qaçan deyiləm.


Sofokl əsərində konfilikti yazılmayan, lakin əbədi olan Tanrı qanunu ilə o dövür ki, taxt-taca sahib Tiranların özlərinə sərf yazdıqları qanunların ziddiyyəti üzərində, məğlubedilməz saf mənəviyyatla kin, qisasçılıq arasında qurmuşdur. 

Qədim Yunan teatrı bu faciə ilə nə qazandı? Aristotelin nəzəriyyəsincə teatr sənətinin başlıca məqsədi olan katarsisi - ruhi təmizlənməni, kamilləşməni, insanın içini didib yeyəyən xain hisslərdən, buxovlardan xilas olmanı! 

Qədim Yunanıstanda teatrda tamaşa oynanılan gün iş günü sayılmazdı. Əksinə tamaşaya baxmaq bütün Afina vətəndaşların vətəndaşlıq borcu idi. Tamaşaya baxmağa imkanı olmayanlara maddi yardım göstərilirdi və bu yolla hökmdarlar kütləni öz tərəflərinə çəkirdilər. Afinalılar nəzir-niyazla, qurban kəsmə ilə deyil başlıca teatr sənəti ilə sevimli tanrıları Dionisə, onun adını daşıyan “Dionis bayramı” na öz sonsuz sədaqətlərini və məhəbbətlərini bildirirdilər. Sofokl əsərini ağsaqqalların Korifeyinin diliylə bu kəlamla bitirir:

Əgər istəyirsən bədbəxt olmamaq,

Müdrik ol, sərvaxt ol, sən əzəl başdan.

Kimsə allahları şərəfsizliklə

Təhqir edə bilməz! Onlara qarşı

Təkəbbür edənlər, lovğa natiqlər,

Onların zərbinə düçar olanda,

Çox gec olsa belə, ağıllanırlar...

                                                                          

Sizinxeber.az


Baxılıb :3 120
{r-rp} {r-rm}



Digər Xəbərlər
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
Facebook Səhifəmiz
Sizinxeber.Az © 2015-2018 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir. Created by Sizinxeber.Az